Əziz müəllimlər!
Sizləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli pedaqoji fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm!
Əziz müəllimlər, bu gün Azərbaycan dövləti tarixi anlar yaşayır. Ölkə rəhbərimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır, Azərbaycan ədalətin, öz ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs mübarizə aparır. Ali Baş Komandanın vahid komandanlığı altında döyüş meydanında əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq nümayiş etdirir, 30 ildir işğal altında olan torpaqlarımızı düşməndən azad edirlər. Bütün Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşib və hamı başladığımız bu şərəfli, müqəddəs missiyanın qələbə ilə bitəcəyinə əmindir.
Bu gün cəbhədə bizə qələbələr qazandıran Vətənə bağlı igid əsgərlərimizin yetişdirilməsində siz müəllimlərin böyük əməyi var. Məhz müəllim əməyinin nəticəsində yetişən milli ruha sahib vətənpərvər, savadlı, bilikli gənclik hazırda haqq işimiz uğrunda mübarizədə fəal iştirak edir. Belə bir məqamda tutduğumuz mövqedən asılı olmayaraq, layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və danılmaz xidmətlərinin olduğu bir daha təsdiqini tapır.
Hazırda biz müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Vətənimizin bütövlüyü uğrunda başladılan bu müqəddəs işdə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, imkanlarımızdan səmərəli şəkildə istifadə edərək birgə fəaliyyətimizi daha da gücləndirməliyik.
Əziz müəllimlər, Sizləri bir daha səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar, Qələbə soraqlı günlər arzulayıram!