Logo

Azərbaycan mətbuatı "reket jurnalistlər"dən təmizlənməlidir - RƏY

28.07.2022 23:53 455 baxış
IMG

"Azərbaycan jurnalistikası həmişə haqqın, ədalətin, azad sözün, dövlətçilik maraqlarının qorunmasında müstəsna rola malik olub. Bu gün də böyük əksəriyyət jurnalistlərimiz əqidəli, işini bilən, zəhmətkeş və dövlətini sevən insanlardır. Amma etiraf edək ki, Azərbaycanda sosial media mühitində ciddi sağlamlaşmaya ehtiyac var. Təbii ki, mən senzura formatında hər hansı nəzarət cəhdlərinin əleyhinəyəm, lakin dünyada qəbul olunan məhdudiyyət tədbirlərindən də imtina etməməliyik".

Bu sözləri “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bütün demokratik dövlətlərdə media fəaliyyəti azad söz, azad yaradıcılıq şərtərinə müdaxilə etməməklə bəlli bir kriteriyalar çərçivəsində tənzimlənir:

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 10-cu maddəsində də açıq formada qeyd edilir. Deyilir ki, ifadə azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq, və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Media orqanı geniş imkandır, obrazlı desək, çox ciddi silahdır, təbii ki, əgər bir insanın əlində silah cəmiyyətə buraxılırsa, ona nəzarət də vacibdir”.

Deputat təəssüflə vurğulayıb ki, bu gün media fəaliyyətininin bəzi istiqamətlərində xoşagəlməz tendensiyalar müşahidə olunur:

“İlk növbədə, media strukurları, o cümlədən də, sosial media seqmentində dəqiqləşdirilməmiş informasiyaların çox geniş şəkildə tirajlanması adi hala çevrilib. Bir sıra hallarda da bu, məqsədli şəkildə, siyasi mübarizə metodu kimi istifadə olunur. Açıq demək lazımdır, bu gün Azərbaycanda "antimilli şura"nın nəzarətində olan bütün media, o cümlədən, sosial media seqmenti bilərəkdən və məqsədli formada bu yolu tutub. Elə bir mühit formalaşıb ki, istənilən zaman istənilən problem ətrafında problemin həllinə xidmət etməyən, dövlətçiliyin təməllərinə zərər vurmağa hesablanmış kampaniyalar başlatmaq olur. Sosial mediada da bu bəlli dairələr tərəfindən çox geniş şəkildə təbliğ olunur və yayımlanır. Eyni zamanda “azad söz”, “azad fikir” anlayışı qəbuledilməz bir istiqamətə yönəlib. Virtual məkanda belə bir fikir formalaşıb ki, əgər hakimiyyəti, yumşaq desəm, tənqid edirsənsə, bu, azad fikrin göstəricisidir. Amma hakimiyyətə münasibətdə rəğbətin varsa, sən “azad söz” sahibi deyilsən. Bu, təhlükəli tendensiyadır və insan hüquq və azadlıqlarının təmini və realizəsi üçün ciddi əngəldir. Problemin həlli üçün ilk növbədə Azərbaycan media mühiti, təhqir və böhtan əməlinin məsuliyyətini dərk etməlidir. Bu istiqamətdə isə kifayət qədər normal beynəlxalq təcrübələr var, məsələn elə ABŞ-ın öz internet polisi təcrübəsinə müraciət edə bilərik. Görün siz ABŞ-da istədiyiniz görüntünü internetdə yaya bilərsinizmi?”.

B.Məhərrəmov əlavə edib ki, media mühitində digər xoşagəlməz durum media azadlığından və media mülkiyətçisi olmaq imkanlarından sui-istifadə hallarının yaratdığı fəsadlardır:

“Yəni, noutbuku olan təhsilsiz biri artıq “media kapitanı”na çevrilir və istənilən sahədə eşitdiyi, yaxud uydurduğu istənilən məlumat ətrafında manipuliyasiya etməklə ayrı-ayrı iş adamları, yaxud vəzifəli şəxsə qarşı reketlik əməli ilə məşğul olur. Azərbaycanda media qurumunun və jurnalistin məhkəməyə verilməsi təcrübəsi geniş tətbiq olunmadığı üçün vəzifəli şəxs yaxud iş adamı da məsələnin uzanmaması üçün reketin tələblərinə boyun əyməli olur. Bu vəziyyətin təbii şəkildə formalaşdığını düşünmürəm, hesab edirəm ki, əvvəlki dövrlərdə hakimiyyətdə mövqe tutan, bu sahə ilə işləyən şəxslər belə bir şərait formalaşdırmaqla prosesdən özləri də faydalanıb. Bu gün həmin adamlar olmasa da, həmin jurnalistlər iş başındadır və köhnə üsullardan əl çəkmək istəmirlər.

Amma qeyd etdiyim hər iki hal üzrə törədilən əməllər, yəni həm təhqir və böhtan, eyni zamanda dövlətin mənafeləri əleyhinə qəsdən yayımlanan informasiyalar, habelə, hədə-qorxu ilə tələb etmə özlüyündə hüquqi məsuliyyət yaradır, hətta bir sıra hallarda cinayətlərin məcmusu üzrə məsuliyyəti yaradır. Düzdür, konkret əməllərinə görə media mənsubu məsuliyyətə cəlb olunarkən bəzi qərb təsisatları eləcə də radiakal cameə bunu siyasiləşdirərək dövlətə və hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Lakin hesab edirəm ki, bizim aidiyyatı strukturlar bu istiqamətdə heç bir təzyiq və qarayaxma kampaniyasından çəkinməməli və hüququn aliliyini rəhbər tutaraq tədbirlər görməlidirlər. Başa düşməliyik ki, özlərinə lazım olanda qərb ölkələri kifayət qədər sərt və radikal addımlardan çəkinmirlər, məsələn, Vikiliks işində, Asanjın misalında bunu bütün dünya gördü. Eyni zamanda bu prosesdə yerli media qurumlarımız və jurnalistlərimiz özü də sərt mövqe tutmalı, böyük ənənələrə malik Azərbaycan jurnalistikasının az bir faizini təşkil edən bu cür ünsürlərdən təmizlənməsində fəallıq göstərməlidirlər”.

Xəbər lenti