Artıq xeyli müddətdir ki, dünyanı öz cənginə almış koronavirus pandemiyası bir çox ölkələrə və onların təhsil sisteminə qətiyyətli zərbələr vurmuş, hətta deyə bilərik ki, bir çox ölkələrdə təhsil sistemini sarsıdıcı hala salmışdır. Həmin ölkələrdə Azərbaycanın xaricdə təhsil alan tələbələrini də nəzərə alsaq, vəziyyətin qənaətbəxş olmadığını görmək mümkündür.
Ölkəmizdə pandemiyanın təsirindən əziyyət çəkən tələbələrə müəyyən güzəştlər edilib. Bəs xaricdə təhsil alan tələbələrimizə hansı güzəştlər edilməlidir?
Mövzu ilə bağlı Tehsil.biz-ə açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirir ki, pandemiya dövründə ölkəsinə qayıtmaq istəyən tələbəyə hər bir halda güzəşt edilməlidir:
“Fikrimcə, xaricdə təhsil alan tələbələr ölkəyə qayıtmaq istəyirsə, onlar üçün bütün təhsil müəssisələri birbaşa güzəşt etməlidir. Əgər hər hansısa bir tələbə ölkəyə qayıtmaq istəmirsə, ümumiyyətlə Azərbaycanı tərk edib ölkəsi haqqında müsbət fikirdə deyilsə, əlbəttə, heç bir təhsil müəssisəsi ona güzəşt etməli deyil”.
Elçin Əfəndi deyir ki, əgər bizim ölkəmizdə böyüyüb boya-başa çatan, təhsilini ilkin olaraq burada alıb, amma indi xaricdə təhsil alırsa, xarici ölkəyə xeyir verməyi daha üstün tutursa, əlbəttə, onun haqqqında heç bir güzəştdən söhbət gedə bilməz.
“Hər hansısa bir vətəndaşımız xaricdə təhsil alırsa, o dövlətin maraqlarına xidmət edirsə, orada onun üçün dövlət müəyyən dəstək verməli, eyni zamanda universitetlər də müəyyən proqramlarla köməklik göstərməlidir. Əgər həmin tələbə gələcək zamanda ölkəyə qayıtmaq istəyərsə, yenə də ona qarşı müəyyən güzəştlər tətbiq edilməlidir”.