29 iyulda Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən II Milli Yaylaq Festivalı başlayıb.
Tehsil.biz xəbər verir ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə keçirilən festivalın birinci günündə xarici və yerli kollektivlər çıxış ediblər.
Günün birinci yarısında Yaylaq ərazisində yerləşən səkkizguşəli ulduz formalı səhnədə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan dəvət olunmuş qonaqlar, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı, Xaçmaz və Şəki Regional Mədəniyyət İdarələrinin musiqi, rəqs və folklor kollektivləri, Aşıq Pəri Məclisi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvləri çıxış ediblər. Festival proqramında Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət kollektivlərinin çıxışlarına da xüsusi yer ayrılıb. Axısxa türkləri, dağ yəhudiləri, talışlar, avarların mədəniyyət kollektivləri öz koloritli ifaları ilə tamaşaçıların diqqətini cəlb edib. Sonra mədəniyyət kollektivlərinin müşayiəti ilə səhnədə pəhləvanlar, güləşçilər, qılıncoynadanlar öz məhrətlərini göstəriblər.
Axşam isə böyük səhnədə rəngarəng konsert proqramı nümayiş olunub. Konsertdə Türkiyəli məşhur ifaçılar Uğur İşılak, Bünyamin Aksunqur, Tatarıstandan rəqqas Ramazan Camaladdinov, Qazaxıstandan “Turan”, Qırğızıstandan “Kyü bulaq”, Moldovadan “Sevda” folklor ansamblları, Dağıstandan “Aylanay” Noğay Dövlət folklor-etnoqrafik ansamblı çıxış ediblər.
“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının dəstəyi ilə Hacıkənddə Xan yaylağında keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edib. II Milli Yaylaq Festivalı iyulun 31-ə qədər davam edəcək.