Logo

Həyatı daha rəngarəng görməyə yardım edən optometrist - MÜSAHİBƏ

31.07.2022 16:18 521 baxış
IMG

“Problemlərin əksəriyyəti o vaxtdan başlayır və uşaq da anlamadığı üçün şikayət etmir. Nəticədə görmənin gözəlliyini duymur. Məsələn, valideyn məktəbdə deyir ki, uşağım arxa partada görmür, onu qabağa keçirin. Amma “uşaq niyə görmür?” sualına cavab axtarmır. Eynəyini düzəlt, arxa partadan görsün”.

"Kaspi" qəzetinin yazısını təqdim edirik:

1994-cu ildən optika işi ilə məşğuldur. Latviya Universitetində bu sahə üzrə magistratura təhsili alan ilk azərbaycanlıdır. O, ölkədə ilk diplomlu, klinik optometristdir. Həmsöhbətimiz Optikaçılar və Optometristlər Assosiasiyasının sədri Rüfət Musayevlə eynək bazarındakı problemlər, eynəklərin xüsusiyyətləri haqda danışdıq.

- Rüfət bəy, optometriya nədir? 

- Orqanların funksiyaları və xəstəlikləri var. Bizdə gözlə bağlı bütün məsələlərlə oftalmoloqlar məşğul olur. Amma bir çox Avropa ölkələrində, Amerikada, Kanadada, Avstraliyada bu proses artıq 30-40 ildir ki, haçalanıb. Xəstəliklərlə və cərrahi əməliyyatlarla oftalmoloqlar, göz funksiyaları ilə optometristlər məşğuldur. Görmə, sadəcə “mən görürəm” demək anlayışına gəlmir. Görmənin də düzgün olması, formalaşması, hər iki gözün birgə ( binokulyar) sağlam işləməsi lazımdır. Biz gözümüzlə yox, beynimizlə görürük. Göz, sadəcə vasitədir. Məsələn, kameraların qoşulduğu qurğu var. O qurğu olmasa, kamera nəyə lazımdır? Gözümüz də eynən, görməni formalaşdırır və aldığı şəkli beyinə ötürür. Beyin onu birləşdirir və bizə tam şəkli verir.

“Hər şey rəngsizdir”

- Gözün görmə funksiyalarına nə daxildir? Pasientlər nə vaxt optometristə müraciət etməlidir?

- Kainatda hər şey rəngsizdir. Biz göz dibində olan reseptorlara görə rəngli görürük. Məsələn, bəzi heyvanlar biz gördüyümüzü görə bilmir və ya əksinə, görə bilmədiklərimizi görürlər. Bu, reseptorların funksiyalarına bağlıdır. Rəng reseptorları və işığın reseptorları var. Elektromaqnit dalğalarla o reseptorları qıcıqlandıranda, dalğanın tezliyindən asılı olaraq, müəyyən rəng görməsi formalaşdırılır, beyinə ötürülür. Beyin isə onu qırmızı, yaşıl və s. rəng kimi qəbul edir. Bu, görmə funksiyalarına aiddir. Bundan əlavə, yaxındakı və uzaqdakı obyekti ayrılıqda şəffaf görmək də görmə funksiyalarına aiddir. Müayinələr zamanı insanın şikayətindən asılı olaraq bu funksiyalar yoxlanılır. Rəng görmə, rəng tanıma qabiliyyətinin itməsi, gizli çəpgözlük, binokulyar görmə pozulmaları, anizometropiya kimi funksional pozulmalar olur. Müəyyən funksiyalar da var ki, fərqli işləyir. Biz uzağa iki paralel xətlə baxırıq, yaxına baxanda isə gözlərimiz içəriyə (konvergensiya) yığılır. İçəri yığıldıqda həm də fokuslanma(akkomodasiya) prosesi gedir. Bəzən insanlarda fokuslanma geri qalır, iflic olur, konvergensiya funksiyasının pozulmaları olur. Və ya hər iki funksiya birgə işləyə bilmir. Bax həmin o funksiyaların düzgünlüyündən asılı olaraq görməmiz formalaşır. Optometristlər bu işlərlə məşğul olur. Optometristlərin işi tək görmə funksiyalarının müayinəsi və müalicəsi deyil. İxtisasın tətbiq olunduğu sahələr genişdir.

“İnkişaf etmiş hansı ölkədə aptekdə eynək satışı var?”

- Rüfət bəy, Azərbaycanda ilk ali təhsilli optometristsiniz. Sizdən sonra oğlunuz və bir oftalmoloq bu sahə üzrə təhsil alıb. Hələ də ölkədə ayrıca ixtisas kimi bu sahə tədris edilmir. Bu ixtisasın bizdə olmaması optika sahəsində hansı fəsadları yaradıb? Peşəkar kimi kənardan necə görürsünüz?

- Çox böyük fəsadları var. Hazırda Azərbaycanda optika bazarı həddindən artıq acınacaqlı vəziyyətdədir və inkişafı da ləng edir. Neçə illərdir  yeni optikalar açılır, müəyyən məhsullar idxal olunur, yeniliklər var, amma düzgün məcrada deyil. Məsələn, hansı inkişaf etmiş ölkədə aptekdə eynək satışı var? Aptekdə iki piştaxta qoyub, arxasında oturub özünü optika adlandıran müəssisələr var. Bu nə qədər düzgündür? Bəlkə də o piştaxtanın arxasında oturan biliklidir. Amma o şəraitdə tam xidmət göstərə, optikanın imkanlarını açıqlaya və pasiyentin problemini tam həll edə bilməz. Göz müayinəsinin aparılması üçün müəyyən standartlar, şərait mövcud olmalıdır. Otağın ölçüsündən tutmuş avadanlığın standartlarına qədər hesablanmalıdır. Testlər aparılmalıdır. Bəzi testlər qaranlıqda aparılır. Müayinə olunan yerin işığı tənzimlənməlidir. Bəzən az işıq lazımdır, bəzən çox. Müayinə aparan şəxsin buna savadı çatmalıdır. Bunların heç birinə riayət olunmur.

“Bu suallara cavabı avadanlıq verə bilməz”

- Oftalmoloqun verdiyi rəyə əsasən eynək hazırlanır.

- Bəli, bir çox optikalarda qaydalara riayət olunmur. Satış zalının içinə avadanlıq yerləşdirilib və yazılıb ki, göz müayinəsi aparılır. Avadanlıqdan çıxan bir kağıza əsasən, eynək tövsiyə olunur. Müayinə iki hissədən ibarət olmalıdır. Subyektiv və obyektiv göstəricilər var. Cihaz refraktiv qüsuru təyin edərkən gözün işləməsində müəyyən nöqsanları və ya funksiyaları qeydə ala bilmir. Pasiyentin obyektiv görməsinə əsaslanaraq eynək yazılmalıdır.  İnsan eynəyi nə vaxtdan, nə üçün taxır, nə problemi olub, gözü nədən korlanıb? Bu suallara cavabı avadanlıq verə bilməz. Avadanlıq sizin xəstəlik tarixinizi bilmir. Ona görə də bunu mütəxəssis etməlidir. Bizdə çox gözəl oftalmoloqlar var. Bəziləri optometriyanı zəif bilir. Tibb universitetində bununla bağlı qısamüddətli tədris kursu var. Amma 1-2 semestrlə bu sahəni öyrənmək mümkün deyil. Bu ixtisasa 4-6 il arası tədrisdən sonra yiyələnmək olar.

- Həqiqətdir ki, əksəriyyətimiz eynəkləri belə optikalardan alırıq. Yalnız avadanlığın göstəriciləri ilə eynək almaq göz sağlamlığımıza necə təsir edir?

- Göz funksiyaları düzgün işləmir. Əgər 100 faiz görmək imkanınız varsa, səhv seçimlə daha aşağı nisbətdə görəcəksiniz və sizin xəbəriniz olmayacaq ki, bundan da yaxşı görə bilərsiniz. Bir fəsad da ondan ibarətdir ki, göz və görmə prosesi beyinin enerjisinin 80 faizini alır. Bizim görmə funksiyamız olmasa, bir çox başqa funksiyalar da düzgün işləməyəcək. Siz təsəvvür edin ki, gözlər normalda beyinin 80 faiz enerjisini alırsa, səhv işləyəndə daha çox enerji sərfiyyatına yol verir. Çünki beyin istəyir, enerji sərf edir, gözə siqnal göndərir ki, mənə bunu ver. Göz də verə bilməyəndə, beyin daha çox güc sərf edir. Normalda axşama qədər təbii yorğunluq prosesi olur. Gözlər düzgün işləməyəndə isə bu yorğunluq daha çox olur. Düzgün eynək istifadə etməsəniz bu, sizin həyat fəaliyyətinizə təsir edir.

- Bəs bu proses uşaqlarda necə olur?

- Uşaqların görmə pozuntusu onların intellektual inkişafının geriləməsinə səbəb olur. Məsələn, uşaq yaxşı görmürsə, o deməkdir ki, kitab oxuya, idmanla məşğul ola bilməyəcək. Amma onun həmyaşıdları bunu edir. Uşaqda kompleks yaranır. Məsələn, uşaq dərs hazırlamağa oturur, yarım saat sonra hər şeyi atır, başqa işlə məşğul olur. Onda da valideynlə uşağın arasında konflikt başlayır. Valideyn deyir ki, uşaq oxumaq istəmir. Belə deyil. Bir çox hallarda görmədiyi üçün qaçır. Gözdə hansısa funksiya düzgün işləmirsə, uşaq daha tez yorulur, etdiyi bir işə onda nifrət hissi yaradır. Uşaq anadan olandan sonra 6-cı ayında ilk müayinə, 3 yaşında ikinci, 7 yaşında üçüncü müayinə olmalıdır. Bu, mütləqdir. Problemlərin əksəriyyəti o vaxtlardan başlayır və uşaq da anlamadığı üçün şikayət etmir. Nəticədə görmənin gözəlliyini duymur. Məsələn, valideyn məktəbdə deyir ki, uşağım arxa partada görmür, onu qabağa keçirin. Amma “uşaq niyə görmür?” sualına cavab axtarmır. Eynəyini düzəlt, arxa partadan görsün.

“Optikaların 99 faizində belə xidmət yoxdur”

- Ahıl insanlar tez-tez “əvvəl dünya daha gözəl idi” deyir. Bunun görmə problemi ilə bağlı olduğunu vurğulayırsınız.

- İnsanda ömrü boyunca rəng qəbul edən reseptorların sayı azalır. Müəyyən yaşdan sonra reseptorlarn azalma sürəti daha çox gedir. Qocalırıq, reseptorların sayı azaldıqda rəngləri daha solğun görürük. Həyatın mənası itməyə başlayır, depressiv hallar artir. Deyirlər ki, əvvəl həyat daha gözəl idi, indi maraqsızdır. Milyon illərdir bu dünya var, heç nə dəyişmir. Yarpaq əvvəl daha yaşıl idi ki, indi daha solğun olub? Yarpaq elə həmin yarpaqdır, sadəcə görmə dəyişib. Görmənin dəyişməsi ruh düşkünlüyünə, depressiyalara, psixozlara və sairə psixoloji sarsıntılara gətirib çıxara bilir. Bu problemlərin həlli yolları var. İnsanlar bunu bilmir. Optometristlərə, oftalmoloqlara müraciət edib həmin o funksiyaları müəyyən dərəcədə bərpa etmək olar. Düzgün eynək taxmaqla həyatı daha rəngarəng görə bilərlər. Digər optikalarda da belə mütəxəssislər olmalıdır ki, insanlara düzgün eynək seçimi tövsiyə etsin, onun yaşadığı problemlərinin həllinə kömək edə bilsin. Mütəxəssis bunu bilmirsə, eynəyi satan başqa sahənin adamıdırsa, ona necə kömək edə bilər? Əfsuslar olsun ki, bizim optikaların 99 faizində belə xidmət yoxdur.

 “40-50 manata elə eynəklər var ki...”

- Bəs gün eynəkləri ilə bağlı ən böyük problem nədir? Nəinki apteklərdə, hətta küçələrdə də belə eynəklər satılır.

- Sözsüz ki, gün eynəyindən insan kor olmaz. Amma onda da rənggörmə və başqa funksional pozuntular baş verə bilir. Müəyyən standartlara mütləq riayət olunmalıdır. Bu mallar ölkəmizə idxal olunarkən ya yoxlamalardan keçməlidir, ya da müəyyən sertifikatlarla təmin olunmalıdır. Ondan sonra onun idxalına icazə vermək olar. Bu, bilavasitə insan sağlamlığına təsir edən aksessuardır. İkinci fəsad eynəyin materialıdır. Dəri ilə təmasda olduğu üçün təhlükəli vəziyyət yarana bilər.  Eynəyi alanda malın keyfiyyətinə diqqət olunmalıdır.  O demək deyil ki, keyfiyyəti yüksək olanlar ancaq bahalı eynəklərdir.  40-50 manata elə eynəklər var ki, tam sağlam və standartlara uyğundur. 

- Müştəri eynəyin saxta və orijinal olduğunu necə seçə bilər?

- Saxta eynəklərin görünən keyfiyyəti o qədər yüksəkdir ki, o qədər yaxşı saxtalaşdırırlar ki, adi insan üçün onu seçmək çətindir. İlk olaraq brendə diqqət etmək lazımdır. İkinci məsələ istehsal zamanı üzə çıxan keyfiyyətdir. Materialına baxıb hiss etmək mümkündür. Yaxşı istehsalçı nöqsanlı malı satışa buraxmır. Üçüncü problem isə mənə yad olan “A klass”, “B klass” anlayışlarıdır. Bir mal ya orijinaldır, ya da saxta. Niyə saxtanın klassifikasiyası aparılır? Sonra malın qiymətinə diqqət etmək lazımdır. Brendin qiyməti olur və bütün dünyada təsdiqlənir. Sən onu 25 manata necə ala bilərsən? Heç kim orijinal malı öz ziyanına ucuz satan deyil. Ucuz satırsa, deməli saxtadır. “Reyban”ı  16 -25 manata satırlar. Heç onun tək buruncuğu o qiymətə deyil.

“Eynək elə bir aksessuardır ki...” 

- “Günəşli havada taxılan eynəyi buludlu havada taxmaq düzgün deyil” deyirlər. 

- Eynək istehsal olunarkən bu amil nəzərə alınır. Bütün hallarda işlənə bilər, fəsad verməz. Amma şüşənin tündlüyünü düzgün seçmək lazımdır. 1,2,3,4 səviyyədə günəşdən qorunma tündlüyü var. İnsan elə bir ölkədə yaşaya bilər ki, günəşli günlərin sayı daha azdır. Onlar  2 və 3-cü dərəcəlik gün eynəyindən istifadə edirlər. Cənub ölkələrində isə daha tünd eynəyə üstünlük verirlər. İnsan eynəyi seçəndə özü düşünməlidir ki, funksional olaraq onu nə zaman və nə üçün işlədir. Elə insan var ki, səhərdən axşama kimi çöldə olur. Elə insan da var ki, səhər ofisə gedir, axşam çıxır. O çıxanda, günəş artıq qürub edir. Deməli, nisbətən, aşağı dərəcəli eynək almalıdır. Umumiyyətlə, eynək elə bir aksessuardır ki, funksional olmalıdır.

- Günəş ən çox sürücüləri narahat edir. Onlar üçün də spesifik eynəklər varmı?

- Sürücü avtomobili idarə edərkən gün şüasından başqa digər avtomobillərin parıltısı gözünə düşür. Şüaların həcmi həddindən artıq çox olduğu üçün onu narahat edə bilir. Mütləq şəkildə gün eynəyindən istifadə etməlidir.  Eynəyin dərəcəsini avtomobilin şüşələrinə uyğun seçməlidir. Avtomobilin şüşələri rənglidirsə, onda yüksək dərəcəli eynək məsləhət deyil. 8-10 saat sükan arxasında olanlara daha yüksək qoruyuculu eynək lazımdır. Elə adamlar var ki, axşam saatlarında avtomobil idarə edir. Bu zaman tünd şüşələr ona mane olacaq. Anlamlıdır ki, günün hansı saatlarında ona eynək lazımdır və o səviyyəyə uyğununu da almalıdır.

“Onlardan istifadə etməkdənsə, eynəksiz gəzin”

- Avtomobili gecə idarə edərkən də, qarşı tərəfdən gələn maşınların işığı gözü narahat edir. Bunun çıxış yolu nədir?

- Bundan şikayətlənənlər daha çoxdur. İşıq çox olanda bizim göz bəbəyimiz avtomatik yığılır, bizi qoruyur. Bu, təbiətdən gələn qorunmadır. Elə adam var ki, ömür boyu günəş eynəyi taxmayıb. Ona heç nə də olmayıb. İşığın həcmi çox olanda göz bəbəyi yığılır və gözün dibinə düşən işığın həcmini azaldır ki, bizi narahat etməsin. Axşam vaxtlarında isə fərqlidir. Axşam vaxtı göz bəbəyi genişlənir. Çünki gün batır, işıqların həcmi çox olmur. Bəbək açılır ki, daha çox işıq qəbul edib, görməni təmin etsin. Axşam avtomobili idarə edərkən, göz bəbəkləri tam açıqdır. Qarşı tərəfdən güclü işıq gələndə göz bəbəyi avtomatik bağlanır. İndi təsəvvür edin ki, hər dəfə bağlanır, avtomobil keçir, açılır, yenidən növbəti dəfə bağlanır, açılır və bu da insanı yorur. Ona görə də axşamlar maşın sürmək daha yorucudur. Amma qoruyucu şüşələr var ki, həmin o fəsadın, tam olmasa da, 70 faiz qarşısını alır. Bizi daha çox narahat edən ağ işığın göy işıq spektrıdır. Mavi şüaların qarşısını almaq üçün sarı filtr tətbiq olunur və onu neytrallaşdırır. Sarı filtirli eynəklər var, estetik olaraq yaxşı görünmür deyə çox istifadə edilmir. Yaxud bizi qıcıqlandıran şüaların qarşısını alan örtüklər var. O eynəklər avtomobil istifadə edənlər üçün məsləhətlidir.

- Deyə bilərik ki, 5- 10 manatlıq eynək taxmaqdansa, taxmasınlar? Onsuz da, təbiətən göz özünü qoruyur.

- Bəli, demək olar. Söhbət məbləğdən deyil, keyfiyyət və standartdan gedir. Metro giriş- çıxışlarında eynəklər satılır. Onlara saxta mal demək olmaz. Saxta hansısa brendin oxşarıdır və o addan istifadə edirlər. Bunlar daha aşağı, standartlara uyğun olmayan eynəklərdir. Əllərinə hansı material keçibsə, ondan eynək düzəldiblər. Onlardan istifadə etməkdənsə, etməyin.

“Ziyan deyil, sadəcə səhv linza taxıbsan”

- Bəs kontakt linzaların satışı necə aparılır? Ümumiyyətlə, kontakt linza ziyandırmı?

- Kontakt linza istifadə edən adamın mütləq eynəyi də olmalıdır. Çox küləkli, tozlu havada kontakt linza istifadəsi düzgün deyil. Fəsilə bağlı allergik reaksiyalar olanda, hamiləlik dövründə kontakt linza istifadəsi məsləhət görülmür. O anda eynəkdən istifadə edilməlidir. Linzaların da müəyyən seçim meyarları var. Əyrilik radiusları, diametrləri fərqli olur. Biz gözün nömrəsini deyib linza alırıq. Bu, düzgün deyil. Hər kəsin müəyyən fiziologiyası var. Ona uyğun linzalar taxmaq lazımdır. Buynuzlu qişamız ideal, sferik deyil, amma gözlə görünmür. Optik konstruksiyada çox böyük fərq verə bilir. Kontakt linzanın da göstəriciləri var. Gözün radiusuna daha yaxın olan seçilməlidir ki, gözün üzərində düzgün otura bilsin. Daha böyük olarsa, linza gözün üzərində gəzir və sürüşür. Elə insan var ki, bu diskomforta dözür və davam edir. Bu zaman da sürtünmə olur və buynuzlu qişanın eroziyası baş verir. Sonra deyirlər ki, linza ziyandır. Ziyan deyil, sadəcə səhv linza taxıbsan. Ola bilsin ki, əyrilik linzada daha qabarıqdır. Bu zaman linzanın qıraqları buynuzlu qişanı sıxır. Buynuzlu qişanın qan dövranı pozulmağa başlayır və ciddi fəsadları olur.

Xəbər lenti