30 iyul tarixində Hacıkənddə, Xan yaylağında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən II Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub.
Tehsil.biz xəbər verir ki, tədbirdə qonaqları oğuz elinin ağsaqqalı Dədə Qorqud qarşılayıb, xeyir-dua verib. Sonra nağaraçılar və igidlərin qılınc rəqsi nümayiş olunub.
Rəsmi açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gənclər və idman naziri Fərid Qayıbov, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, TİKA-nın Azərbaycan üzrə koordinatoru Fatih Yılmaz, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, həmçinin, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Festival iştirakçıları “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələrlə tanış olublar.
Rəsmi açılış mərasimindən sonra yerli və xarici kollektivlərin iştirakı ilə konsert proqramı nümayiş olunub. Əvvəlcə Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” Uşaq Rəqs Ansamblı “Çobanlar” rəqsi ilə səhnədə yer alıb. Daha sonra Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Gəncə Dövlət Filarmoniyasının solisti Rövşən Məmmədov, Özbəkistan Dövlət Konservatoriyasının Xarəzm bölməsinin nümayəndələri, “Aylanay” Dağıstan Noğay Dövlət Folklor-etnoqrafik Ansamblı, Təbrizdən “Barış” qrupu, türkiyəli sənətçi Kaya Kuzucu çıxış edib. Əlverişsiz hava şəraitinə görə bir neçə nömrə təxirə salınıb.
Xatırladaq ki, yaylaq festivalı sabah da davam edəcək.