Logo

İkili diplom əsasında tam dövlət təqaüdlü TƏHSİL FÜRSƏTİ

01.08.2022 13:07 437 baxış
IMG

Abituriyentlərə uğurlu karyera imkanları yaradan və daim dinamik inkişafda olan, perspektivli sahələrədən biri də İnşaat mühəndisliyidir. Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti tərəfindən birgə icra olunan beynəlxalq ikili diplom proqramı (İDP) bu ixtisası seçən tələbələr üçün bir çox üstünlüklər yaradır.

Tehsil.biz xəbər verir ki, hazırda ölkədə İnşaat mühəndisliyi ixtisasını tədris edən ali təhsil müəssisələri arasında yalnız Bakı Mühəndislik Universitetini, o cümlədən BMU-İNHA İDP-ni seçməklə cəmi 4 ilə iki diplom əldə etmək mümkündür. Belə ki, təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Civil Engineering”, BMU tərəfindən isə İnşaat mühəndisliyi ixtisasları üzrə bakalavr diplomları təqdim olunur.

Bundan başqa, proqram üzrə nəzərdə tutulan xərclər dövlət vəsaiti hesabına gerçəkləşdiirlir. Bu xərclərə təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri daxildir. 3+1 modelinə əsaslanan proqrama görə, tədsirin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçiriləcək. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər.

Hazırda BMU-İNHA ikili diplom proqramına əsasən, ali təhsilin bakalavriat səviyyəsində 2022/2023-ci tədris ili üçün digər ixtisaslarla yanaşı, İnşaat mühəndisliyi ixtisası üzrə də onlayn qeydiyyat prosesi davam edir. İxtisasla maraqlanan abituriyentlərin diqqətinə çatdırırıq ki, bunun üçün nəzərdə tutulan qeydiyyat prosesinin son tarixi 10 avqust 2022-ci il saat 23:55 müəyyənləşdirilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş 1-ci ixtisas qrupunun abituriyentləri və 400 və ya daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 32 nəfər tələbə İnşaat mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaqdır.

Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı keçiriləcək Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 14-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 19-da açıqlanacaq.

Məlumat üçün bildirək ki, İnşaat mühəndisliyi ixtisası mühəndis düşüncəsinin, eləcə də inşaat sahəsində təsəvvürün yaradılması üçün bənzərsiz imkanlar verir. İnşaat mühəndisliyi inşaat sahəsində iş görülməsi üçün əsas və ilkin məlumatlar toplusudur. Proqramın məzunları əsas ixtisas üzrə biliklərə yiyələnməklə yanaşı, səriştəli fəaliyyət üçün tələb olunan digər keyfiyyətlər, o cümlədən tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlar əldə edəcəklər. İxtisas sahibləri gələcəkdə peşakar inşaat mühəndisi kimi, yollar, binalar, körpülər, tunellər, kondisioner, bəndlər, kanalizasiya və kanalizasiya sistemlərinin tikintisi üçün həyata keçirilən genişmiqyaslı layihələr üzərindən karyeralarının təməlini qura və ya davam etdirə bilərlər.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı ilə bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

Xəbər lenti