1 avqust 2022-ci il tarixində 8 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan 11 vəzifənin tutulması üçün daxili müsahibə elanı verilib.
Tehsil.biz xəbər verir ki, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri və Azərbaycan Respublikası Hesablama Palatası Aparatının Ümumdövlət xidmətlərinin auditi şöbəsinin müdiri vəzifələridir.
Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Agentliyində 2, Gənclər və İdman Nazirliyində 2, Dövlət Turizm Agentliyində 2, Hesablama Palatasında 1, Kənd Təsərrüfatı Nazirliyində 1, İqtisadiyyat Nazirliyində 1, Əqli Mülkiyyət Agentliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılmışdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Qeyd olunan vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 1 avqust 2022-ci il tarixindən 15 avqust 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.