"Mən ABŞ-da yaşayıram. Mayami Universitetinin doktorantıyam. Vətənə qayıtdığım üçün çox şadam. Bu gün ilk olaraq Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Çox şadam ki, Azərbaycanda gözəl təəssüratlar yaşayıram. Bu təəssüratlarımı ABŞ-da əcnəbi dostlarımla, tanışlarımla bölüşəcəyim günü səbirsizliklə gözləyirəm".
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mayami Universitetinin azərbaycanlı doktorantı Yusif Qurbanlı söyləyib.
Yay Düşərgəsi çərçivəsində sabah Şuşaya yola düşəcəklərini vurğulayan həmvətənimiz qeyd edib: “Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaq, ermənilərin 30 ilə yaxın müddətdə Qarabağda törədikləri vəhşiliyi gözlərimizlə görəcəyik”.
Vətən müharibəsi dövründə Vaşinqtonda azərbaycanlıların aksiyasını təşkil etdiklərini söyləyən Y.Qurbanlı deyib: “Biz ABŞ-da yaşasaq da, qəlbimiz hər zaman Azərbaycanla döyünür və daim Vətənimizin yanındayıq”.