Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp və “British Council” təşkilatının ölkə üzrə direktoru Nərgiz Hacıyeva ilə Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentliyin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov peşə təhsilində aparılan islahatlar, təhsilin əhatəsinin və keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. “British Council” ilə “Kənd təsərrüfatında yeni peşə ixtisaslarının hazırlanması”, “Məşğulluq üçün bacarıqlar proqramı” və “Sənətkarlığın gələcəyi” (Crafting Futures) layihələri çərçivəsindəki fəaliyyətlərin nəticəsi müzakirə olunub. Görüşdə, həmçinin növbəti illərdə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “British Council” arasında peşə təhsilinin məzmununun təkmilləşdirilməsi, usta yanında şagirdlik, texniki ingilis dilinin tədrisi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.