Təhsil Nazirliyi fevralın 1-dən təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının tibbi maskadan istifadəsinin məcburi olub-olmayacağına aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, məktəblərdə tibbi maskadan istifadə təhsilverənlər üçün məcburidir.
"Amma şagirdlər üçün tibbi maskadan istifadə könüllüdür", - məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur. İbtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir. Belə ki, 1-4-cü siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpasına qərar verilib.