Logo

Bu gün Dünya Ekoloji Təhsil Günüdür

26.01.2021 16:52 891 baxış
IMG

Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır. Bu günlə bağlı dünyanın bir çox ölkəsində ali təhsil müəssisələrində ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət cəlb edilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, “dəyirmi masalar” təşkil olunur.

 

Dünya Ekoloji Təhsil Gününün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır.

 

Ölkəmizdə də “Dünya Ekoloji Təhsil Günü” ilə əlaqədar maarifləndirici vebinarlar keçirilir, xüsusilə məktəblilərin ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn tədbirlər təşkil olunur. Azərbaycanda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinun salınmasına, mövcud yaşıllıq ərazilərin genişləndirilməsinə və qorunmasına, bu sahədə peşəkar kadrlar yetişdirilməsinə xüsusi diqqət göstərilir.

 

Azərbaycanda aparılan təhsil islahatları, təhsil prosesinə yaradıcı münasibət, yeni texnologiyaların tətbiqi, təhsilin dünya standartları səviyyəsində qurulmasında mühüm rol oynayır. Bu, islahatlar çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşması üçün geniş perspektivlər yaranmışdır. Bakı Dövlət Universitetində də ekoloji təhsil aparılır, Universitetin Ekologiya və torpaqşünaslıq fakültəsində ekologiya üzrə yüksəkixtisaslı kadrlarının yetişdirilməsinə xüsusi diqqət göstərilir.

 

Gəlin ekologiyanın qayğısına qalaq və onu qoruyaq!

Xəbər lenti