Masallı təhsilinin bir nömrəli problemi – şəhər bir nömrəli tam orta məktəb...
Bu təhsil müəssisəsinə uzun illər bütün fəxri ad və ordenləri olan Mirqabil Hüseynov adlı ixtisası və savadı bəlli olmayan, sinifdə müəllimliyi görülməyən bir tip rəhbərlik edib.
İşlədiyi bütün illərdə heç vaxt RTŞ müdirlərini saymayıb, təhsil şöbəsinin heç bir iclaslarında iştirak etməyib. Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dövrlərə qədər onun yerli şöbəsi ilə əməkdaşlıq etdiyi rayonda heç kimə sirr olmasa da, özü də əleyhdarlarına bu əlaqələrə malik olduğuna işarə etməkdən çəkinməyib və bununla sadəcə rəqiblərini qorxudub. Rayona gələn bütün icra başçıları və onun humanitar məsələlələr üzrə müavinləri ilə birbaşa və isti əlaqələrə malik olub. Onun direktor olduğu dövrdə bütün RTŞ müdirləri ondan çəkiniblər. Mikayıl Cabbarov nazir təyin olunana qədər Təhsil Nazirliyi ilə belə birbaşa əlaqələrə malik olub. Hətta nazirlikdən bu məktəbə dərs vəsaitləri və inventarlar şəxsən və birbaşa onun ünvanına göndərilirdi. Çalışmanın yaş həddinə çatandan sonra RTŞ müdiri vasitəsi ilə Təhsil Nazirliyinə Masallı Rayon İcra Hakimiyyəti və digər qurumlarla təzyiq edəndən sonra qardaşı qızı Mirxanım Hüseynovanı zorla da olsa bir-neçə ilə direktor təyin etdirə bildi.
Hansıki Direktorların İşə Qəbul müsabiqəsində bu vəzifəyə republikada ən yüksək nəticə – 56 bal toplayan, respublika səviyyəli təlimçi Füzuli Hüseynov təyin olunmalı idi, lakin sonda dəfələrlə cəhddən sonra keçid balını belə toplaya bilməyən Mirxanım Hüseynova təyin edildi. Bu azmış kimi Mirqabil Hüseynov 70 yaşına qədər məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsini deyuri, defakto isə məktəbin direktoru funksiyasını yerinə yetirib. Ən dəhşətlisi o idi ki məktəbin direktoru, onun doğmaca qardaşı qızı Mirxanım Hüseynova birinci mərtəbədə - pilləkən qəfəsində oturduğu halda, Mirqabil Hüseynov direktorun xidməti kabinetində qanunsuz olaraq direktor kimi fəaliyyətini davam etdirib.
Nəhayət, Masallı rayonuna təyin olunan son icra başçısının təkidi ilə o direktor müavini postundan da azad edildi, lakin yenə də ona məktəbin önündə - “Tayota” markalı avtomobilində tez-tez rast gəlmək olur. Yeni icra hakimiyyəti başçısından çəkinib məktəbə daha gəlməsə də, kənardan onu qardaşı qızı və direktor müavini işləyən oğlu vasitəsi ilə idarə etməkdən qalmır. Adətindən qala bilməyib məktəbin texniki işçilərini həyət-bacasında işlətməkdə də davam edir. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini də yad adam deyil, onun doğmaca oğludur. Rayon sakinləri məktəbin həyətində doğmaca oğlu olan direktor müavini Mirzamin Hüseynovun “Porshe” markalı avtomobili ilə direktor atasının “Lexus” avtomobilini qoşa görmək təəccüblü deyil.
Bu məktəbdə 2200 şagird təhsil alır. Məktəbdə ibtidai siniflərin hesabına şagirdlərin yarısını orada tapmaq mümükün olsa da 220 müəllimdən yarısından yarısını belə orada tapmaq əla nəticədir. Adı məktəbdə gedən müəllim, pedaqoji və texniki işçilərin məhz bu məktəbdə təmərküzləşməsini rayonda hamı bilir.
Məktəbdəki iclas və Prdaqoji Şuralarda yaxşı halda ən yüksək müəllim sayı 62 nəfər olduğu məlumdur. Qonşu rayonlar üzrə məktəblərdə rus sektoru yalnız bu məktəbdədir. Bu sektorda dərs deyən müəllimlərin bir qismi rus dilini heç məişət səviyyəsində belə bilmir. Rəhbərlik rus sektoru üzrə dərs saatlarını vakansiyada az göstərməklə ora kadr təyinatını əngəlləməyi bacarır. Mehriban, İlham, Əli, Qismət və Frahim adlı şəxslər direktor müavini funksiyasını icra edirlər. Çünki onların hansının bu vəzifəyə həqiqi təyinatı heç kimə bəlli deyil. Belə ki, bir vaxtlar məktəbin Nazilə adlı, hazırda təqaüddə, o vaxtlar Bakıda yaşayan olan direktor müavinini evdar qadın olan, məktəbdə rəsmən çalışmayan bacısı əvəz edib. Məktəb kollektivi direktor müavinlərinə “dəhliz müəllimləri” deyir. Çünki onların vəzifəsi müəllimləri dərsə gəlməyən siniflərin şagirdlərini dəhlizdən siniflərə qovmaq, yardımçı pedaqoji heyəti, laborant, kitabxanaçı və sairləri müəllim əvəzinə siniflərə salmaqdan ibarətdir. Direktor müavinlərinin soyadını da məktəbdə heç kim bilmir, çünki rəsmi dərs cədvəli burda yoxdur ki, ona baxıb kimsə soyadlarını yadda saxlasın. Məktəbin vicdanlı müəllimləri siniflərə daxil olub öz dərs saatlarını elan etməklə qeyri-rəsmi cədvəli formalaşdırırlar və elə o cür də müəllimlər dərsi jurnala yazırlar. Məktəb bir növbədə fəaliyyət göstərir. Məktəbdə 60- civarında dərs otağı olduğu halda ordakı siniflərin rəsmən 80-dən artıq olması isə bir başqa dəhşətdir. Bu eynən dünyanı yumurtaya sığışdırmaq kimi bir şeydir. Məktəbdə adları gedən, lakin özləri müxtəlif yerlərdə olan müəllimlərin dərslərini digər cavan müəllimlər desələr də onun pullarını kim alır bilinmir. Lakin Miqabil “müəllim”i tez-tez Lənkəran rayonunun Liman qəsəbəsindəki bankomatın önüdə görmək olur.
Masallı rayonunda Rusiyada yaşayanlar çox olduğundan rayondakı rus sektoru olan bu yeganə məktəb çox “çörək”li yerdir. Sinif jurnalı və UTİS arasında sinifdəki şagirdlərin komplektləşməsi arasında fərq görmək də qəribə deyil. Çünki məktəbdə güclü, zəif və bir də mövcud olmayan – 3 tipdə siniflər var. Bakıda və Rusiyada yaşayan şagirdlərin adlarının bu məktəbdə olması isə sıradan bir hadisədir. Qəribə olsa da bu məktəbin əmr kitabı da yoxdur.
Direktorun “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna zidd olaraq birbaşa öz müavini təyin etdiyi oğlu Mirzamin Hüseynov məktəbin bufetini xadimələrdən birini satıcı təyin etməklə özü işlədir. Dövlət tərəfindən məktəbə verilən marker və digər ləvazimatları müəllim və şagirdlərə verməyib bufetdə şagirdlərə satdırır. Hansıkı bu ləvazimatların eynisinin rayon məktəblərinə verilməsindən bu fakt tam bəlli olur.
Məktəbdə printerlərin heç birisi görünmür, yalnız direktorun qəbul otağında olan printerlər var və orda qiymətləndirmə vasitələri dövlətin verdiyi kağızlar vasitəsi ilə çap eidlib müəllimlərə ödənişlə verilir.
Məktəbin ştatında neçə nəfər xadimənin olmasını heç kim bilməsə də hər gün yalnız 7 xadimənin işə gəlməsini hamı görür.
Həmin məktəbdə bir vaxtlar nazirlik səviyyəli bir tədbirlə əlaqədar digər məktəblərdən müvəqqəti alınan 18 proyektor quraşdırılıb asılmışdır. Həmin məktəb direktorları illərdir inventarlarına daxil olan bu proyektorları bu məktəbdən geri ala bilmirlər. Məktəblərə Çin hökuməti tərəfindən 80-ə yaxın nooutbuk hədiyyə edilmişdir. Bütün nootbuklar ayrı-ayrı şəxsslərə satılmışdır.
Bu il MİQ imtahanlarının bu məktəbdə keçirilməsi ilə əlaqədar həmin nooutbukların birini də məktəb rəhbərliyi ortaya çıxara bilməmişdir. Rayon Təhsil Şöbəsinin yaxınlığındakı kompüter mağazasında üzərində ingiliscə “China aid”, yəni “Çinin hədiyyəsi” yazılan nootbuklardan bir-neçəsi 350 manat qiymətinə satılır və sövdələşmə ilə onları ucuz qiymətə də almaq olar. Bu kompüterlərin hansı məktəbə aid olmasını isə yalnız araşdırma nəticəsində müəyyən etmək olar. Məktəbdəki kompüter labaratoriyasında bütün stolüstü kompüterlərin keysindən sərt disk, disk sürücüsü, müvəqqəti yaddaş, qidalanma blokları sökülmüşdür. Həmin ləvazimatlar rayondakı “Era” kompüter mağazasının əvvəlki sahibinə topdan satılmışdır. Hazırda məktəbdə bir dənə də stolüstü kompüter işləmir. Məktəbin kitabxana fonduna məxsus kitablar da rayondakı kitab mağazasında satılır. Məsələn, satışda olan “Riyaziyat ensikolpediyası” adlı ikicildlik kitabda kitabxananın möhürü də var, bu kitabdan bir-neçə dəst mağazada 20 manatdan satışdadır. Məktəbə dövlət tərəfindən verilən idman avadanlıqları da bir qayda olaraq orada mövcud deyil və satılmışdır.
Məktəbdə son illər təmir olunsa da, orda cəmi 3 sanitariya qovşağı işləyir, onlardan isə yalnız biri qızlar üçün nəzərdə tutulub. Müəllimlər isə sanitariya qovşağından istifadə etmək üçün mənzillərinə və ya ətrafdakı iaşə müəssisələrinə gedirlər. Mövcud olan 3 sanitariya qovşağında normal qapı, kran və su yoxdur. 2200 şagirdi olan məktəbdə sanitariya qovşağqlarının vəziyyəti sübut edir ki, orada tədris necə təşkil edilir. Keçən il MİQ imtahanı zamanı Təhsil Nazirliyinin nümayəndəsi sanitariya ilə bağlı mövcud dözülməz vəziyyəti, o cümlədən məktəblərdəki parta və ləvazimatların silinməməsi görüb məktəb rəhbərliyinə xəbərdarlıq da etmişdir. Təhsil Nazirliyinin keçən il məktəbdə apardığı yoxlama nəticəsində məlum olmuşdur ki məktəb rəhbərliyi azı 7 nəfərə saxta attestat vermişdir. Ən dəhşətlisi isə budur ki həmin attestatların bir qisminə məktəb ilk həmkarlar təşkilatına aid möhür vurulmuşdur.
Məktəbdə müsbət cəhət budur ki, məktəbdə “aylıq” yığılmır, dərs ilin əvvəlində onun 12 misli “illik” adı ilə birdəfəlik yığılır. Məktəbdə qeyri-ixtisaslı insanların müəllim kimi işə götürülməsi bir yana, üstəlik Dioqnostik Qiymətləndirmədən 4-6 bal toplayan müəllimlərə 24-26 saat dərs verilməsi adi haldır. Dərnək və dərsdənkənar məşğələ saatlarının mövcudluğu isə bu məktəbin müəllimlərinə məlum deyil. Hətta müəllimlər belə dərs saatlarına görə dövlətin müəllimə pul verib-verməməsi barədə mübahisələr də edirlər. Məktəbdə şagirdlər arasında narkotika, siqaret və spirtli içki qəbulu adi haldır. Məktəbdə kriminal aləmə xas mübahisələrin tez-tez baş verməsini də bütün rayon sakinləri bilir. Bütün bu hallara rəhbərliyin loyal münasibəti isə bilərəkdən edilir. Çünki hamı adlarını çəkdiyim tərbiyəsiz şagirdlərin hücumuna məruz qalanda Mirqabil Hüseynov “xilaskar” kimi peyda olur və problemi həll edir. Bu da səbəb olur sübut edilsin ki, bu adamın heç olmazsa ruhu məktəbdə olmazsa oranı idarə etmək mümkün olmaz. Bu cür əməllərlə özünə əvəzedilməz rəhbər imici qazandıra bilib.
Redaksiyaya daxil olan məlumat əsasında yazılıb, qarşı tərəfin mövqeyini paylaşa bilərik.