Logo

"Qış onlayn yarışma"sının qalibləri elan olunub

27.01.2021 10:01 762 baxış
IMG

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində dekabrın 25-də başlayan proqramlaşdırma və riyaziyyat üzrə “Qış onlayn yarışma”sının qalibləri bəlli olub.

 

Ümumi təhsil müəssisələrinin 8-15 yaş arası məktəbliləri üçün nəzərdə tutulan yarışma şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda, proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.

 

Məktəblilərin marağına səbəb olan yarışmaya ölkə üzrə bütün bölgələrdən 18 minə yaxın şagird qoşulub. Yarışmanın süjetinə əsasən, 3-6 nəfərlik komandalar şəklində yarışmada iştirak edən şagirdlər 31 dekabr tarixinədək qarşıdan gələn yeni ili pandemiyadan xilas etməli, bunun üçün isə yarışmanın mərhələlərindən uğurla keçməli idilər. Yarışmanın ilkin mərhələsi test tapşırıqlarının düzgün həll edilməsi olub. Bu mərhələdən 636 şagird müvəffəqiyyətlə keçərək sertifikatla təltif olunub. Növbəti mərhələdə şagirdlər yaradıcılıq bacarıqlarını nümayiş etdirib və yekun mərhələyə keçən finalçılar öz layihələrini yaradaraq təqdim ediblər. Nəticədə, aşağıda adları qeyd olunan 3 komanda yarışmanın qalibləri elan olunublar:

 

I yer - "6ч" komandası, Bakı şəhəri 18 nömrəli tam orta məktəb;

 

II yer - "Nizami" komandası, Gəncə şəhəri 4 nömrəli tam orta məktəb və Bakı şəhəri Anadolu Liseyi;

 

III yer - "Xaker" komandası, Bakı şəhəri "Tərəqqi" liseyi.

 

Qalib komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-2018-ci tədris ilindən etibarən Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, 120 000-dək şagirdi əhatə edir.

Xəbər lenti