Logo

“Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib - FOTOLAR

03.08.2022 13:07 435 baxış
IMG

Avqustun 2-də Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan filmlərin Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, əvvəlcə mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə açıq havada milli kinomuza aid olan müxtəlif kadrlardan ibarət fotostendlərə, həmçinin keçmiş dövrlərdə Azərbaycan kinosunda istifadə olunan müxtəlif film avadanlıqlarına baxış keçirilib.

Azərbaycan kino tarixinin illər ərzində şərəfli və şanlı yol keçməsindən danışan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib: “Azərbaycan kino tarixini üç yerə bölmək olar. İkin mərhələ 1898-ci ildən başlayaraq 1930-cu illərin ortalarına qədər Azərbaycan kinosunun səssiz dövrüdür. Sovet dövrü çərçivəsində Azərbaycan kinosu 1920-ci ildən 1991-ci ilə qədər fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan kinosunda ilk səsli film çəkilib. Həmin dövrdə, eyni zamanda, Azərbaycanın ilk rəngli filmi çəkilib. Nəhayət 1991-ci ildən başlayaraq Azərbaycanın müstəqil kinosunun fəaliyyəti başlayıb. Bu illər ərzində Azərbaycan kinosu çox böyük nailiyyətlərə imza ata bilib. Bizim filmlər bir çox beynəlxalq festivallarda mükafatlar qazanıb. Bu gün də bizim istedadlı gənclər çox uğurlu layihələrə imza atırlar.

Azərbaycan kino sənətinə aid olan, həmçinin bütün kinosevərləri Milli Kino Günü münasibətilə təbrik edən mədəniyyət naziri Anar Kərimov kinomuzun uğurlu tarixindən danışıb: “Mədəniyyət Nazirliyi iki ildir ki, Milli Kino Gününün qeyd olunması çərçivəsində açıq məkanda kinoların təqdimat mərasimini keçirir və belə təqdimatla yanaşı bu əlamətdar günü birlikdə qeyd edirik. Cəmiyyətin inkişafında kinonun çox böyük rolu var. İnkişaf etmiş cəmiyyətlərin mədəniyyətlərinə nəzər yetirsək aydın şəkildə görərik ki, kino orada çox böyük yerdə durur. Biz milli kinomuzun tarixinə baxsaq, bu 124 ilin əbəs yerə keçmədiyini görərik. Bu da xalqımızın kino sənətinə olan sevgisi və bağlılığının bir nişanəsidir. Bu, ən əsas mütərəqqi dəyərlərə və inkişafa olan meylin göstəricisidir. Tədbirdən öncə burada təşkil olunmuş sərgiyə baxdıqda milli kinomuzun nə qədər zəngin ənənələrə və mütərəqqi nailiyyətlərlə sahib olmasını aydın görmək olur. Azərbaycanın ilk rəngli filmi olan “O olmasın, bu olsun” filmi texniki keyfiyyətlərinə görə dünyada ilk çəkilən rəngli filmlər sırasında üçüncü film kimi öz yerini tuta bilib. Bunun özü qürurverici nailiyyətdir”.

Azərbaycan dövlətinin milli kinomuza olan diqqətindən danışan nazir sovet dövründən kinomuzun ümumilikdə inkişafına ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının olduğunu, eləcə də bu ənənənin Prezident İlham Əliyev tərəfindən bu gün davam etdirildiyini vurğulayıb: “Kinomuzun ən parlaq səhifələrindən biri də Prezident İlham Əliyev tərəfindən Kino Agentliyinin yaradılması təşəbbüsüdür. Əminliklə demək olar ki, fəaliyyətə başlayacaq Kino Agentliyi Azərbaycan milli kinosunun inkişafına və onun dünya arenasına uğurla çıxarılmasına öz töhfəsini verəcək”.

Daha sonra mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak etdiyi tədbirdə “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük qırmızı ev” (rejissor Leylaxanım Qənbərli), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki yol” (rejissor Səddam Mehtiyev, Murad Hüseynov) və “Orizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmlərinin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayişi keçirilib.

Xəbər lenti