Logo

Öz ölümünü yazan şair - Günün şeiri

03.08.2022 13:29 425 baxış
IMG

Bu gün 25 yaşında dünyadan köçən yazar Zərdüşt Şəfinin anım günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən Zərdüştün “Şairin ölümü” şeirini təqdim edir.

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən çölə,
azadlığa çıxmağın bircə yolu var – Qəza!

Salam Sarvan

Kim unudub məni yol ayrıcında -
gəlsin qucaqlasın,
gəlsin aparsın...
Bu ömrü yolundan çıxarar qəza -
gəlsin qabaqlasın,
gəlsin saxlasın...

Mən ölümə gedən adamam, adam -
yadlara doğmayam,
doğmaya yadam...

Bir göyərçin gəlib, əlimə qonub
Əlimdə bir yuva salıb göyərçin,
Uçub getməyəcək, mənim olacaq,
Sevinib, əlimdə qalıb göyərçin,
yellədə bilmərəm əlimi daha -
əllərim göyərçin yuvalarıdı -
qatarlar aparsa əzizlərimi...

Üzündə əl izim qalıbsa, gülnar,
məndə əl qalmayıb,
sil izlərimi...

Bağışla ömrümü,
uzun gecədi -
Bir say ulduzları, bax gör neçədi?

Bildir Günəşimə, səs sal Ayıma,
Bir gecə qısqanıb məni dənizə
ölüm at ömrümə -
zəhər çayıma...

Mən o gün biləcəm -
O gəlib bizə...
Mən o gün dönəcəm düz kəndimizə...

Xəbər lenti