Avqustun 3-də 2022-2023-cü il tədris ili üçün peşə təhsili müəssisələrinə işə qəbul imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə infotur təşkil edilib.
Tehsil.biz xəbər verir ki, imtahan prosesini izləyən infotur iştirakçılarına məlumat verilib ki, hazırda Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının seçimi aparılır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov infotur iştirakçılarına peşə təhsili müəssisələrində təhsilverənlərin imtahanla işə qəbulu müsabiqəsi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub. Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 1328 namizəddən 1045 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahan zamanı namizədlər 90 dəqiqə ərzində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırırlar.
İnfotur iştirakçılarının nəzərinə çatdırılıb ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Sonda infotur iştirakçılarını maraqlandıran digər suallar cavablandırılıb.