"Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Qarabag Regional Təhsil İdarəsinin müdirləri - Arslan Hacıyev və Gündüz Əbdülov bölgənin məktəblərinə direktor seçimi aparırlar. Burada əslində maraqlı bir şey olmalı deyildi. Adamın sadəcə məktəb direkoru olacaq namizədlərə yazıqlığı gəlir".
Tehsil.biz xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov feysbuk hesabında paylaşım edib.
O qeyd edib ki, həmin şəxslər işlədiyi və təhsil aldıqları yüngül və hərbi sənaye sahəsində belə heç bir uğurları ilə yadda qalmayıblar:
"Təhsil sisteminə bu və ya digər şəkildə bağlı olmayan, təhsilləri və iş yerləri təhsil sahəsi ilə əlaqəsi olmayan politoloq və hərbçi hansı mənəvi haqla minlərlə şagirdin təhsil aldığı məktəblərə direktor seçə, müəllimin pedaqoji və idarəetmə kompetensiyalarına qiymət verə bilərlər? Bu şəxslər işlədiyi və təhsil aldıqları yüngül və hərbi sənaye sahəsində belə heç bir uğurları ilə yadda qalmayıblar. "Azərşəkər"də satış menecerindən o yana yüksələ bilməyən Arslan Hacıyev və hərbçilərin belə tanımadığı müharibə aparan ölkənin polkovniki Gündüz Əbdülov ixtisas və təcrübələrinə tam uzaq təhsil sahəsində nə yenilik gətirə bilərlər? Şübhəsiz ki, bu şəxsləri təhsil sahəsinə təyin edən insanda günah çoxdur. Bəs bunların özlərinə nə gəlmişdi ki, bu təyinata razılıq verirdilər? Sual yaranır: bu təyinatları həyata keçirənlər necə açıq-aydın onsuz da uçurum qarşısında olan ölkə təhsilini aşağı yuvarlayırlar. Şübhələnirəm ki, bunların məqsədi ölkənin genefondunu məhv etməkdir!"