Logo

Dövlət qulluğuna qəbul imtahanının qiymətləri açıqlanıb

04.08.2022 12:01 491 baxış
IMG

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərə müraciət edib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası müəyyən edir.

Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50% miqdarında müəyyən edilib.

Məlum olduğu kimi, Tarif (qiymət) Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmayıb. Dövlət İmtahan Mərkəzi 2019-cu ilin mart ayından ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və həmin ilin 1 aprel tarixindən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq edilməsinə başlanılıb.

Təsdiq edilmiş tariflərə ƏDV əlavə olunarkən bəzi qiymətlər manat və qəpik hissələrindən ibarət olur. Hazırda ödəmə prosedurlarını həyata keçirən mövcud proqram təminatlarının və müvafiq məlumat bazalarının texniki məhdudiyyətlərini (ödənişin qəpiklə aparılmasının qeyri-mümkün olmasını) nəzərə alaraq DİM-in proqram təminatı və məlumat bazalarında müvafiq təkmilləşdirmə işləri başa çatanadək, qəpik hissə ilə bağlı olan ödənişlərin tam ədədə qədər azaldılması qərara alınıb. Yuxarıda qeyd edilənlərə əsasən sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği aşağıdakı kimi təsdiq edilib:

Eyni zamanda, müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda şəxsi kabinetinə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. Qeyd olunanlara əsasən bildiririk ki, namizədlərin müsahibədə iştirak etməmələri, üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Məlumat üçün bildirilib ki, dövlət qulluğunda sertifikat əsasında qəbulun həyata keçirildiyi tarixdən bugünədək keçirilməsi planlaşdırılan 46 427 müsahibədən 29 111 (63%) müsahibənin keçirilməsi namizədlərin müsahibələrdə iştirak etməmələri (o cümlədən iştirakdan imtina etmələri) səbəbindən mümkün olmayıb.

Xəbər lenti