Logo

400 bal toplayan abituriyent: "Müəllimlərim və valideynlərimə təşəkkür edirəm"

04.08.2022 20:19 2715 baxış
IMG

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Ziya Məlikov I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən ən yüksək - 400 bal toplayıb.

Bununla bağlı təəssüratlarını "Tehsil.biz"lə bölüşən Ziya ibtidai təhsilini Sumqayıt şəhər 23 saylı tam orta məktəbdə aldığını bildirib:

"Sonrakı illərdə isə təhsilimi Təbiət elmləri təmayüllü gimnaziyada davam etdirərək, 9-cu sinif buraxılış imtahanını 100% nəticə ilə, 11-ci sinfi isə qızıl nişanla bitirmişəm. 10 və 11-ci siniflərdə riyaziyyat üzrə Respublika fənn olimpiadalarının qalibi olmuşam. Buraxılış və birinci cəhd qəbul imtahanlarından ümumilikdə 677,6 bal toplasam da, bu nəticəni daha da artıra biləcəyimə inanırdım. İkinci cəhd qəbul imtahanında isə maksimal bal (400) topladım  və ümumi balımı 692.3-ə çatdırdım". 

Ziya Məlikov məktəbin ilk illərindən dərslərinə ciddi yanaşdığını qeyd edib:

"Hər imtahandan maksimal nəticə əldə etmək istəyi dərslərə qarşı olan məsuliyyətimi bir qədər də artırırdı. Uğurlarımın sirrini çətinlik çəkdiyim mövzular üzərində işləməyimdə görürəm. Hansısa sualda problemlə qarşılaşanda həmin mövzu ətrafında olan çətin tipli suallar üzərində işləmək uğura gedən yolda başlıca şərtdir. Bütün sadaladığım uğurlara görə başda müəllimlərim və valideynlərim olmaqla əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. İxtisas seçiminə gəlincə isə ya "İnformasiya təhlükəsizliyi", ya da "Kompüter mühəndisliyi" ixtisaslarından birini seçməyi düşünürəm".

Xəbər lenti