Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Alpay Azərin “Bitməyən berqmanomaniya” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Cavanşir Yusifli
Alpayın “Bitməyən berqmanomaniya” hekayəsi təkcə Berqmana vurğunluq və maniya ilə bağlı deyil. Başqa mətləblər də var və zənnimizcə ən əsas olan da arada özünü göstərən bu işarələrdir. Ancaq o işarələr (bizim fikrimizcə, bizim gözləntimizə görə...) bədii mətndə uyğun şəkildə, hekayənin strukturunda dəqiq ifadə edilibmi? Bəzən hə, bəzən yox.
Hekayədə Alpay özünü necə var, elə təsvir, yaxud təqdim edib. Ancaq bu təqdimat portret deyil, eskizlərdir və həmin ştrixlər bədii mətləbin nəzərdə tutulan və tutulmayan həll istiqamətləri bəlli olduqdan sonra əyaniləşir; fikrimizcə, bu məqam da elə bir önəm daşımır, önəm daşıyan ən əsas şey həmin təsvirdən “keçə bilən” detalların olması, yaxud olmamasıdır, çünki dinləyən və düşünən obraz mətndə daha çox danışır, özünü qabaqlamağa cəhd edir, içindəki həvəs – hər şeylə maraqlanmaq, hər bir detalın dibinə enmək həvəsisə yerində sayır. Bu işarələr ona görə həmin təqdimatı sadəcə yarıb keçməlidir. Obraz, qəhrəman nə qədər çox düşünüb-daşınsa da (əslində, danışsa da – !) uydurulmuş “kor bağırsaq” cərrahı və ya canlı Kira Muratov kimi (“Mən günlərin bir günü Çexovdan soyuduğum kimi, Berqmandan da soyudum”) özü, öz sevgisi və içini dolduran şövqlə üz-üzə durmaq sərhəddinə gəlib çatmır. Niyə? Çünki o başqa, tam fərqli insandır, elə bu məqamdan onun həyatına, ömürlüyünə qapılar açılır, açılan üfüqün çox kiçik bir parçası boy göstərir: nə olur-olsun, insan öz sevgisini qorumalıdır. Bu pisdir, ya yaxşıdır, bilmirik. Həyat, əslində, bilinməyən şeylərin xarabalığıdır (müəllif bu məqamı mükəmməl şəkildə ifadə edə bilsəydi – !). Müəllif bütün bunları hekayənin sonunda ifadə edir: “Beləcə, Berqman fantaziyalarımın, kinoya sevgi hisslərimin, ağlımın süzgəcindən keçərək məndəki varlığına davam etməkdədir. Mən bu sevginin davam etməsini o qədər istəyirəm ki, arada “Çiyələk talası”na, “Persona”ya təkrar baxmağa ürək etmirəm, – hələ ki, birinci və sonuncu dəfə bu kinolara elə tələbə olanda baxmışam, – ehtiyat edirəm, ikinci dəfə baxsam, uydurduğum isveçli cərrahın dediyi kimi, o kinolar mənə süni intellektual əsərlər kimi gələ bilər, ya da Kira Muratova kimi günlərin bir günü Berqmandan soyuyaram”.
Nərgiz Cabbarlı
Alpay Azərin “Yaddaş eskizləri” silsiləsindən olan “Bitməyən berqmanomaniya” hekayəsi toxunduğu ölüm, onun yaradıcılıqda açılan fəlsəfəsi, yaradıcılıq prosesinin və nəticəsinin insanlara təsiri, həm də illərlə davam edən güclü təsiri, yaradıcı insanın yaradıcıdan ilhamlanması və s. kimi aktual, əhəmiyyətli məsələlərə toxunsa da, mənə hekayədən daha çox maraqlı, oxunaqlı, konkret və dəqiq müəllif yanaşması ilə zəngin publisistik mətn təsiri bağışladı. Elə ilk cümləsindəncə: “Keçən əsrin 90-cı illərinin ortalarıdır” – yaranan bu təəssürat sonrakı keçidlərdə daha da möhkəmləndirildi. Baxmayaraq ki, hekayənin tələb etdiyi obrazlar, hadisələr, onların bir-birini əvəz edən dinamika, süjet xəttinin zənginliyi və s. bu təəssürata bir çaşqınlıq qatmamış da deyildi. Hətta kafedrada baş verənləri əks etdirən səhnə, aeroportda yaşananlar, Berqmana çatdırılması ümidi ilə məktub yazmaq üçün kağız-qələm arayışı, o situasiyanın həyəcan və dinamika qatılmış narahat təsviri, milis tərəfindən gecikdirilmə və s. – publisistik çalar qatılmış hekayə təhkiyəsi ilə əks etdirilmişdi. Amma publisistik ton, publisistik müdaxilələr, faktlar, dəqiqləşdirmələr, hətta sona yaxın müəllifin (guya həm də baş obrazın) nəyin uydurma, nəyin həqiqət olması ilə bağlı etdiyi etiraf və s. çox maraqlı publisistik mətnlə üz-üzə olduğumuzu bir daha təsdiqlədi: “Hə, onu deyim, o vaxt Pulkovo aeroportunda başıma gələnləri indi, qırx yeddi yaşımda uydurmağım bir tərəfdən özümə qəribə gəlir, o biri tərəfdənsə romantikliyimdən, təxəyyülümün aeroport zalında o baş-bu başa gəzməkdən ləzzət alıram”.
Beləliklə, “Günlərdi İnqmar Berqmanın ölümün, həyatın fanilik fəlsəfəsinin ideal kinematoqrafik həllini verə bildiyi “Yeddinci Möhür” filminin təsirində” olan qəhrəman “ilk dəfədir ölümün həm vizual, həm də dialoq və pritça-hadisələrdə əks olunan fəlsəfəsindən ləzzət alırdı”, – deməklə bu təəssüratı yaratdı və fasilələrlə də olsa, sona qədər davam etdirdi. Hətta təhkiyənin düz ortasında verilən şərh belə (Kompüter, internet təzə-təzə meydana çıxıb, hələ ki onlardan istifadə edə bilmirəm) jurnalistikadan gələn bir “haşiyə” effektinin yaranmasını gözlətmədi. Hər halda, bədii mətn belə bir izahı tələb etməməlidir. Bədii mətndə hər bir detal, hər bir ştrix həm dövr, həm vəziyyət, həm də dövrün texnoloji imkanları haqqında özü danışa bilərdi. Hətta publisistik ab-hava yaradan ilk cümlənin varlığı belə bu şərhə ehtiyac olmadığını deyərdi... Amma müəllif buna ehtiyac duyursa, deməli, seçilən forma ilə məzmun (və ya təqdimat!!!) arasında nəsə qaydasında deyil. Halbuki təsvirə gətirilən hadisə – bir tələbənin Berqmanın sağ olub-olmadığını arayışı, sadalanan faktlar, Andre Bazenin “Kino nədir?” əsərini oxuyandan sonra kino fəlsəfəsinin çoxdan yazılmasının dərki və s. bizi çox maraqlı bir publisistik mətnlə tanış etdi. Bu maraqlı mətnə görə müəllifi təbrik edirəm.
Sevda Sultanova
Alpay Azər bir qayda olaraq, hekayələrində təfərrüatlara çox varır və bu, bəzən yorucu olur. Amma “Bitməyən berqmanomaniya” hekayəsini ləzzətlə oxudum. Berqmana sevgisini, onunla görüşə can atma prosesini özünəxas təmkinli, parıldamayan yumorla ifadə edib, yaradıcılığını analiz qarışıq ədəbi dillə anladıb, bunun üçün uyğun obraz və vəziyyətlər seçib. Sadəcə, sonlara doğru hansı epizodları təxəyyülünün məhsulu olmasına dair informasiya verməsinə gərək yoxuydu. Çünki bu informasiya hekayənin ritminə kobud müdaxilə kimi görünür, mətnin cazibəsini azaldır. Həm də oxucuya düşünmək imkanını vermək lazımdır.
Cavid Ramazanov
Sözün düzü, hekayədə qaldırılan problematika mənə çox süni göründü.
Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tələbəsi İnqmar Berqman filminin təsirinə düşür, rejissorun ölüb-ölmədiyi fikri onu hədsiz maraqlandırmağa başlayır:
"Rejissorun eyni zamanda gah bu, gah da o dünyada olmasını fikirləşə-fikirləşə qəribə-əcaib hisslərin məngənəsinə düşürəm, bu dəfə mübhəmlik, sirr mənə mistik ləzzət verir".
Sağ olduğunu biləndə də onunla görüşmək, hətta filosof kimi dünyada tanıtmaq eşqinə düşür:
"Planımda Stokholma gedib Berqmanla görüşmək var. İstəyirəm, onu həm də kinofilosof kimi dünyada tanıdım”.
Berqmanı ha!
Qəhrəman infantil adam kimi təqdim olunsaydı və təhkiyəçi onun "Berqman ağrıları"nı bizə hiss etdirə bilsəydi, bəlkə də, mətn alınardı. Amma qəhrəman sanballı universitetin üçüncü kurs tələbəsidir, sonradan da başa düşdüyümüz kimi, ağlı-başı yerindədir. Bəs onun yersiz infantilliyini, Berqmanı dünyada tanıtmaq arzusunu hara qoyaq?
Elə buna görə də fikirləşirəm ki, hekayədə qaldırılan problemlər sünidir və qəhrəmanın motivləri ağlabatan deyil.
Tarkovskinin təbirincə desəm, inanmıram, vəssalam!