Logo

İnfeksionist: "Azərbaycanda yoluxma halının payızda yüksəlməsi istisna deyil"

05.08.2022 10:04 486 baxış
IMG

"Azərbaycanda son zamanlar yoluxma sayında artım müşahidə olunur".

Tehsil.biz xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb:

"Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Əksər məhdudiyyətlərin xeyli vaxtdır ki aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır".

İnfeksionistin sözlərinə görə, pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir:

"Hətta bir neçə ay bundan əvvəl qeyd etmişdik ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Qeyd edim ki, pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, özümüzü qorumaq üçün birgə səy göstərməliyik".

Mütəxəssisin sözlərinə görə, virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır:

"İlk növbədə qapalı məkanlarda, ictimai nəqliyyatda, yas yerlərində maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir. Bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Bir müddət gündəlik yoluxmada ikirəqəmli göstəricilər insanlarda bir arxayınlıq formalaşdırdı, sanki hər şey geridə qaldı. Epidemiyanın alovlanma dövrlərində bu sadə qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq".

Xəbər lenti