Logo

MDU yeni inkişaf mərhələsində: əsas hədəflər və nəticələr

05.08.2022 13:06 496 baxış
IMG

2021/2022-ci tədris ili: əməkdaşlıqda başlıca meyillər və yeni tərəfdaşlar

(Əvvəli https://muallim.edu.az/news.php?id=21343 və https://muallim.edu.az/news.php?id=21431 )

Strateji tərəfdaşlıq

Yeni dövrün universitetinə çevrilməyi strateji hədəflərindən biri olaraq müəyyənləşdirən MDU-da mövcud potensialın gücləndirilməsi, idarəetmə, tədris və tədqiqat fəaliyyətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə beynəlxalq əlaqələr inkişaf etdirilmiş, müvafiq dövlət qurumları, paytaxtın qabaqcıl universitetləri və regionda yerləşən təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verilmişdir.

Dövlət qurumları ilə əməkdaşlıq

Hesabat dövründə Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirlikləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti universitetin müxtəlif istiqamətlər üzrə fəaliyyətinə əhəmiyyətli dəstək göstərmişdir. “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq elmi konfrans məhz sözügedən dövlət qurumlarının mühüm dəstəyi sayəsində baş tutmuşdur.Bununla yanaşı, cari tədris ilində MDU Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dövlət İmtahan Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi ilə əməkdaşlıq etmişdir.Bu qurumlar ilə əməkdaşlıq əsasən tələbələrin startap fəaliyyətlərinin və karyera inkişafının dəstəklənməsinə, onların innovasiya potensialının, praktiki bilik və bacarıqlarının artırılmasına, müvafiq fənlər üzrə tədris planlarının təkmilləşdirilməsinə, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılmasına və müxtəlif mövzularda maarifləndirmə işlərinin həyata keçirilməsinə hədəflənmişdir.

Ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq

2021/2022-ci tədris ilində paytaxtın qabaqcıl ali təhsil və elmi-tədqiqat müəssisələri ilə fəal və səmərəli əməkdaşlıq diqqət mərkəzində saxlanılmış və bu çərçivədə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Bakı Dövlət Universiteti (BDU)

MDU-nun ölkəmizin qabaqcıl və qocaman universitetlərindən biri olan BDU ilə əməkdaşlığı çoxşaxəli və çoxsaylı birgə fəaliyyətlərin həyata keçirilməsi ilə yadda qalmışdır. Əməkdaşlıq çərçivəsində tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin potensialının inkişafına və təcrübə mübadiləsinə hədəflənən müxtəlif mövzularda ustad dərslər, konfranslar, dəyirmi masalar, elmi seminarlar və təlimlər təşkil edilmişdir. Cari tədris ilində hər iki universitetin tələbə təşkilatları arasında əlaqələr inkişaf etdirilmişdir. Bu istiqamətdə “Nizami Gəncəvi İli” və Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə MDU və BDU Tələbə Gənclər təşkilatlarının birgə keçirdikləri dəyirmi masa, bədii qiraət müsabiqəsi, bilik yarışı və şəhid məzunların əziz xatirəsinə həsr olunan təqdimat mərasimini, eləcə də könüllülüyün təbliği ilə bağlı fəaliyyəti xüsusi vurğulamaq olar. Bununla yanaşı, BDU-da təşkil olunan bir sıra beynəlxalq konfranslarda MDU-nun akademik heyət üzvlərinin iştirakı üçün müvafiq şərait təmin edilmişdir.

“ADA” Universiteti

Cari tədris ilində respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən olan “ADA” Universiteti ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilmişdir. 2021-ci ilin dekabrında MDU-da “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Seminar ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi və “ADA” Universitetinin reallaşdırdığı “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində baş tutmuşdur. Bununla yanaşı, 2022-ci ilin yanvarında “ADA” Universitetinin təqdim etdiyi təhsil imkanları haqqında bu ali təhsil müəssisəsinin əməkdaşlarının iştirakı ilə məlumatlandırma görüşü keçirilmişdir.

Azərbaycan Texniki Universiteti (AzTU)

Hesabat dövründə ölkəmizin nüfuzlu universitetlərindən olan AzTU ilə MDU arasında əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır.Əməkdaşlıq çərçivəsində AzTU-nun bir professoru və bir dosenti davamlı əsaslarla (0,5 ştat) MDU-da tədris prosesində fəaliyyətlərini davam etdirmişlər.Payız semestrində Türkiyənin Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində “İnformasiya təhlükəsizliyi: təhlükələr və müdafiə mexanizmləri” mövzusunda elmi seminar keçirilmişdir. Eləcə də, AzTU-da keçirilən doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransında və “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda MDU fəal təmsil olunmuşdur.2022-ci ilin 20-22 may tarixlərində AzTU-nun evsahibliyi ilə keçirilən "Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat" mövzusunda keçirilən 4-cü beynəlxalq konfransa MDU əsas tərəfdaşlardan biri olaraq geniş heyətlə qatılmışdır. Bununla yanaşı, cari yaz semestri dövründə MDU və AzTU-nun birgə təşkilatçılığı ilə “İnnovativ texnologiyalar: rəqəmsallaşdırılmış informasiya cəmiyyətinin inkişafı və perspektivləri” mövzusunda elmi seminar maraqla qarşılanmışdır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin modernləşdirilməsi, iqtisadçı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə dünya səviyyəli universitetə çevrilməyi hədəfləyən UNEC ilə əməkdaşlığa xüsusi önəm verilmişdir. Hesabat dövründə MDU əməkdaşları, tələbələri və magistrantları UNEC-də təşkil olunan müxtəlif forum, konfrans, vebinar, təlim və digər tədbirlərdə fəal iştirak etmişlər.Eyni zamanda, cari tədris ilində UNEC-in 3 akademik heyət üzvü MDU-da tədris prosesinə cəlb edilmişdir.Bununla yanaşı, UNEC-in təcrübəli professor və müəllimləri tərəfindən MDU-nun gənc əməkdaşları, tələbə və magistrantları üçün müxtəlif mövzuda ustad dərslər və seminarlar təşkil edilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)

Ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADPU ilə əməkdaşlığın inkişafı MDU-da Pedaqoji fakültənin potensialının gücləndirilməsi və pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hesabat dövründə MDU ADPU-nun 100 illiyinə və ADPU Quba filialının 30 illiyinə həsr olunan "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq elmi konfransda əsas tərəfdaşlardan biri olmuşdur.

İqtisadiyyat İnstitutu

2022-ci ilin may ayında AMEA-nın İqtisadiyyat İnstitutu və MDU arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum elmi kadrların hərtərəfli inkişafı, gənc doktorant və tədqiqatçıların elmi biliklərinin artırılması, birgə tədqiqatların aparılması, ortaq konfransların, seminarların və “dəyirmi masa”ların keçirilməsi, ustad dərslərinin təşkili və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini özündə əks etdirir. Əməkdaşlıq çərçivəsində MDU-da “Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya siyasətinin reallıqları” mövzusunda ilk birgə elmi konfrans keçirilmişdir.

Regionda yerləşən təhsil müəssisələri ilə əməkdaşlıq

Hesabat dövründə MDU və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığın əsası qoyulmuş və bu çərçivədə ilk birgə elmi konfrans təşkil edilmişdir. Bununla yanaşı, MDU Naxçıvan Dövlət Universiteti, BDU Qazax filialı və ADPU Quba filialında təşkil edilmiş konfranslarda fəal təmsil olunmuşdur.

Cari tədris ilində MDU ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında əməkdaşlıq çərçivəsində birgə fəaliyyətlərə başlanılması regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə və insan kapitalının inkişafına töhfə verilməsinə hədəflənmişdir.

MDU və Bərdə Peşə Liseyi (BPL) arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri üzrə ortaq fəaliyyətlərin həyata keçiriliməsini özündə ehtiva edir. Əməkdaşlıq çərçivəsində BPL-də infotur təşkil edilmiş, MDU-nun akademik heyət üzvləri tərəfindən liseyin tələbələri üçün ustad dərslər keçirilmişdir.

Mərkəzi Aran RTİ, MDU və BPL-in birgə təşkilatçılığı ilə Yevlax şəhərinin iki ümumtəhsil məktəbində yuxarı sinif şagirdləri və peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün peşə və ixtisas seçimi barədə maarifləndirici tədbirlər təşkil olunmuşdur.

Bununla yanaşı, MDU və Mingəçevirin bir sıra ümumtəhsil məktəbləri arasında işbirliyinin inkişafına xüsusi diqqət yetirilmişdir. Əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər sırasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə, Zəfər Gününə, “Şuşa İli”nə, Xurşudbanu Natəvanın 190 illiyinə və digər tarixi günlərə həsr edilən birgə tədbirləri, məktəb idarəetməsi ilə bağlı təlimləri, respublika fənn olimpiadalarına hazırlıq məqsədilə məsləhət saatlarını və abituriyentlər üçün məlumatlandırıcı görüşləri xüsusi qeyd etmək olar.

Beynəlxalq əməkdaşlığın inkişafı

Hesabat dövründə MDU beynəlxalq əməkdaşlığını daha da genişləndirmiş, qabaqcıl Türkiyə, Ukrayna,Qazaxıstan, Belarus və Almaniya universitetləri ilə əlaqələrini inkişaf etdirmiş, Erasmus+ proqramında fəal təmsil olunmuş, Kəmər və Yol Universitet Alyansına üzv qəbul edilmişdir.

Qazi Universiteti

MDU qardaş Türkiyənin nüfuzlu, zəngin ənənələrə və modern infrastruktura malik Qazi Universiteti ilə işbirliyini uğurla davam etdirmişdir.Cari tədris ilində Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi üzrə professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmaz MDU-da fəaliyyət göstərmişlər. Qonaq professorlar tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, Mühəndislik fakültəsinin yenidən qurulması, İnformasiya texnologiyaları fakültəsinin, Magistratura və Doktorantura Təhsil Mərkəzinin yaradılması üzrə müvafiq işçi qruplarına rəhbərlik etmişlər. Eləcə də, onlar “MDU-da kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi üzrə Təhsil Nazirliyinin qrantının qazanılması və layihənin icrasında,əməkdaşların tərəfdaş Türkiyə universitetlərinə təlim və təcrübəyə göndərilməsində, “TEKNOFEST Azərbaycan”da iştirakın təmin edilməsində fəal rol oynamış, universitetdə çoxsaylı təlimlər və seminarlar keçirmişlər.

MDU və Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində 2021-ci ilin noyabrın 6-da Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans, 2022-ci ilin 23 fevral tarixində isə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan “İnsanlıq tarixinin qara ləkəsi: Xocalı qətliamı” mövzusunda anım tədbiri təşkil edilmişdir.Bununla yanaşı, MDU-nun akademik və inzibati heyəti üzvləri Qazi Universitetində onlayn formatda təşkil edilən bir sıra tədbirlərdə fəal iştirak etmişlər.

2022-ci ilin 7-8 aprel tarixlərində Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı Süleyman Tekeli və Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem MDU-da olmuşdurlar.Onların MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları ilə keçirilən görüşlərində əməkdaşlığın potensial istiqamətləri müzakirə edilmişdir.

Bununla yanaşı, hesabat dövründə MDU-nun 5 əməkdaşı Qazi Universitetində bir aylıq təlim və təcrübə keçmişdir. Hazırda Qazi Universitetinin Eğitim fakültəsinin dekanı professor Mahmut Selvi MDU-nun “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının redaksiya şurasının üzvü olaraq universitetin elmi fəaliyyətinə dəstək göstərir.MDU-nun 1 əməkdaşı və 1 məzunu isə Türkiyənin Qazi Universitetində müvafiq olaraq “Təhsilin idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorantura təhsili alırlar.

Ankara Hacı Bayram Veli Universiteti (AHBVU)

Türkiyənin yenilikçi və müasir ali təhsil müəssisələrindən biri olan AHBVU ilə yaradılan əməkdaşlıq əsasən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin potensialının gücləndirilməsinə, xüsusilə turizm təhsilinin inkişafına töhfə verilməsinə hədəflənmişdir. Bu məqsədlə əməkdaşlığın yaradıldığı bir ildən çox müddətdə universitetlər arasında qarşılıqlı mühazirələr, birgə elmi konfranslar və nəzəri-praktiki seminarlar təşkil edilmiş, MDU tələbələrinin AHBVU-nun İqtisadi və idari bilimlər fakültəsinin bir sıra onlayn dərslərinə qatılmaq imkanları təmin olunmuşdur. Hesabat dövründə MDU və AHBVU arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan onlayn formatda birgə elmi konfrans keçirilmişdir.

KTO Karatay Universiteti

Türkiyənin sənaye mərkəzlərinin birində yerləşən və müasir kampus məkanına sahib olan KTO Karatay Universiteti ilə əməkdaşlıq diqqətdə saxlanılmışdır. Əməkdaşlıq çərçivəsində 2021-ci ilin noyabrın 5-də Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilmişdir. Eləcə də, MDU 2022-ci ilin 17-18 iyun tarixlərində KTO Karatay Universitetində “Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi” mövzusunda keçirilən 2-ci Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi Konfransına tərəfdaşlıq etmişdir. Konfransın açılışında MDU-nun rektoru çıxış etmiş, bölmə iclaslarında universitetin akademik heyət üzvləri elmi məruzələrini təqdim etmişdirlər.

İstanbul Gedik Universiteti (İGÜN)

MDU və İGÜN arasında əməkdaşlığın əsası 2021-ci ilin dekabrın 13-də müvafiq protokolun imzalanması ilə qoyulmuşdur. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan protokol tələbə və akademik heyətin mübadiləsi, birgə elmi tədqiqatlar, universitet-sənaye əməkdaşlığı çərçivəsində ortaq fəaliyyətləri əhatə edir. Hesabat dövründə MDU-nun 3 əməkdaşı İGÜN-də bir həftəlik təlim və təcrübədə olmuşdur.

Yıldız Texniki Universiteti (YTU)

Cari tədris ilində MDU, AzTU və YTU-nun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan anım tədbiri keçirilmişdir. Tədbirdə hər üç universitetdən olan akademik heyət üzvləri “Xocalı soyqırımı bütün türk dünyası üçün nə ifadə edir?”, “Xocalı soyqırımı: türk-müsəlman qətliamı” və “Xocalı qətliamı türk millətinin istiqlalına qarşı sui-qəsddir” mövzularında çıxış etmişdirlər.

Almaniyanın Siegen Universiteti

2022-ci ilin 11 mart tarixində MDU Siegen Universitetində “Keçid iqtisadiyyatlı ölkələrdə sahibkarlıq” mövzusunda onlayn formatda təşkil edilən beynəlxalq seminarda təmsil olunmuşdur. Bundan əlavə, 2022-ci ilin aprelində Siegen Universitetinin qonaq professoru M.İbrahimov MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə “Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirmişdir.

Ukrayna universitetləri ilə əməkdaşlıq

Hesabat dövründə Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) arasında əməkdaşlıq inkişaf etdirilmişdir. 2021-ci ilin oktyabrında MDU-nun rektoru Kiyevdə KNEU və KNUTD rektorları ilə anlaşma memorandumları imzalamışdır. Potensial əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan memorandumlar tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər istiqamətlərdə birgə fəaliyyətləri nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində cari tədris ilinin payız semestrində MDU-nun akademik heyət üzvləri tərəfdaş Ukrayna universitetlərində təşkil olunan beynəlxalq elmi konfrans, biznes forum və digər tədbirlərdə fəal iştirak etmişdirlər.

Qazaxıstan Universitetləri ilə yeni əməkdaşlıq

2022-ci ilin iyulunda MDU-nun rektoru Qazaxıstanın dünya universitetlərinin QS reytinqində yer alan nüfuzlu ali təhsil müəssisələrində - Ahmet Yesevi Universiteti (AYU), Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti) və Qazax Milli Aqrar Tədqiqat Universitetində (KazNARU) olmuşdur.Ziyarət çərçivəsində AYU və Abay Universiteti ilə MDU arasında anlaşma memorandumları imzalanmışdır. Memorandumlar universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, tədris-metodiki fəaliyyət sahəsində təcrübə mübadiləsi, akademik və inzibati heyət üzvlərinin ixtisaslarının artırılması, ortaq konfrans və seminarların keçirilməsi, qarşılıqlı mühazirələrin təşkili, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yaradılmasını nəzərdə tutur.Eləcə də KazNARU-da keçirilən görüşlərdə universitet idarəçiliyi və beynəlxalq reytinqlərdə iştirakla bağlı təcrübə mübadiləsi, ekologiya, ətraf mühitin mühafizəsi, bərpa olunan enerji sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi, ortaq yay məktəblərinin təşkili və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Erasmus+ proqramı

MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində iştirak etmişdir. Bu proqram çərçivəsində cari tədris ilində MDU-nun bir tələbəsi Rumıniyanın Transilvaniya Braşov Universitetində bakalavr, bir əməkdaşı isə Sloveniya Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirmişdir. Eyni zamanda, hazırda MDU “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC) adlı Erasmus+ layihəsində fəal iştirak edir.

Bunlarla yanaşı, MDU 2022-ci ilin 22-24 mart tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda təmsil olunmuşdur. Forumun “Ali təhsilin yenidən qurulması: rəqəmsallaşma və universitetlərin gələcəyi” adlı bölməsində MDU-nun rektoru “Yeni dövrün universitetinə çevrilmək yolunda: Mingəçevir Dövlət Universiteti təcrübəsi” mövzusunda təqdimatla çıxış etmişdir.

Eləcə də, cari tədris ilində Belarus Respublikasının Baranoviç Dövlət Universiteti ilə reallaşdırılan layihə çərçivəsində MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən keçirilən mühazirələr bu ali təhsil müəssisəsinin tələbə və magistrantlarının böyük marağına səbəb olmuşdur.

Beləliklə, dövlətin və tərəfdaşların dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri yeni inkişaf mərhələsində olan universitetin strateji hədəflərinə yaxınlaşmasına böyük zəmin yaratmışdır.

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

Xəbər lenti