Logo

Yaddaşlara köçən təhsil fədaisi

05.08.2022 15:06 492 baxış
IMG

Bütün həyatıyla 132 nömrəli doğma məktəbinə bağlı unudulmaz Aliyə Təhmasib...

Yaşının 90-nına çatmağına az qalan, ölkənin təhsil və ictimai-siyasi həyatında özünəməxsus rolu və yeri olan “Azərbaycan müəllimi” qəzeti mənə bu pedaqoji mətbu orqanın əməkdaşı olaraq  respublikamızın bir çox tanınmış təhsil işçiləri ilə, pedaqoqlarla, sözün həqiqi mənasında ən yaxşı məktəblərlə, direktorlarla  tanış olmaq, onların fəaliyyətini işıqlandırmaq imkanları verib. İllər bir-birini əvəzlədikcə iş fəaliyyətimdən dolayı tanıdıqlarım və tanıtdırmaq istədiyim təhsil qəhrəmanlarımın sayı da çoxalıb. Ancaq etiraf edim ki, həyatımda elə insanlar var ki, təkcə adının çəkilməsi belə yetər ki, həmin andaca gözümün önündən onların ömür yolu, fəaliyyəti bir kinolenti kimi canlansın. Tanınmış pedaqoq, Bakının sayılıb-seçilən təhsil ocaqlarından biri olmuş Hüseyn Cavid adına 132 nömrəli tam orta məktəbin uzun illər direktoru kimi fəaliyyət göstərmiş Azərbaycanın

Əməkdar müəllimi, Prezidentin fərdi  təqaüdçüsü  mərhum  Aliyə Təhmasib də məhz mənim özündən və məktəbinin nailiyyətlərindən yazdığım  unudulmayan qəhrəmanlarımdandır. Artıq neçə gündür aramızda olmayan gülərüzlü, xoşsimalı pedaqoqumuz  haqqında keçmiş zamanda danışmaq sözün düzü çox çətin olsa da, bu dəfə onu adının  təhsil tariximizdə qalan,  pedaqoji ictimaiyyət arasında  böyük  hörmət və nüfuz sahibi kimi anmaq istədim.

Təhsil ocağının şagirdi, sonradan isə direktoru oldu

Aliyə Mehdi qızı Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə  Bakıdakı Hüseyn Cavidin adını daşıyan 132 nömrəli tam orta məktəbə gedib. 1965-ci ildə orta təhsilini “əla” qiymətlərlə bitirən gənc qızın ağlına belə gəlməzdi ki, bir vaxt gələcək öz doğma məktəbinin direktoru olaraq bu təhsil ocağını ölkə miqyasında tanıdacaq. 

1966-cı ildə ADU-nun filologiya fakültəsinin qiyabi şöbəsinə "əla" qiymətlərlə daxil olan Aliyə xanımı rektorluq əyani şöbədə oxumağa dəvət etsə də, razılaşmayıb. Ailə vəziyyəti ilə bağlı  ali təhsil almaqla barəbər 1967-ci ildə 132 nömrəli tam orta məktəbdə əmək fəaliyyətinə başlayır.  O, burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyir. 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayır. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə məzunu olduğu doğma məktəbinə direktor təyin edilir. Və məhz onun fəaliyyəti dövründə 132 nömrəli tam orta məktəbin şan-şöhrəti daha da artır, uğurları çoxalır...

Ulu öndər Heydər Əliyevin hörmət bəslədiyi pedaqoqlardan bir idi

Azərbaycan təhsilin inkişafında xüsusi xidmətləri olan, Əməkdar müəllim  Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi respublikanın ictimai həyatında da mühüm rol oynayıb. Yüksək təşkilatçılıq bacarığına, qabaqcıl iş təcrübəsinə malik Aliyə xanım ulu öndər Heydər Əliyevin hörmət bəslədiyi pedaqoqlardan bir idi.  Özü bu barədə hər zaman qürur hissi ilə danışardı: “Heydər Əliyev elə bir şəxsiyyət idi ki, gələcəyi tam aydınlığı ilə görürdü. O, elm və təhsilimizə, müəllimlik peşəsinə layiqli qiymət verən humanist, alicənab şəxsiyyət idi. Ulu Öndərdən özümə, eləcə də digər həmkarlarıma qarşı hər zaman səmimiyyət və diqqət görmüşəm. Onu bu xalqa sevdirən doğma Azərbaycanı varlığı qədər sevməsi  və əziz tutması olub”.

Aliyə Təhmasib ictimai fəaliyyəti ilə hər zaman fərqlənib. Respublikanın istər siyasi, istərsə də mədəni həyatında özünəməxsus yeri olan təcrübəli pedaqoq 1989-1990-cı illərin məlum hadisələri ilə əlaqədar Respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən ermənilərin vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib.

1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub. O, həmçinin Azərbaycan müəllimlərinin və Azərbaycan qadınlarının qurultaylarına nümayəndə seçilib. Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlarla təltif olunub. Tanınmış pedaqoq 2007-ci ilin mart ayında təhsilimizin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvü olub. Səbail rayonu YAP Qadınlar Məclisinin fəal üzvü kimi ictimai iş aparıb.

2010-cu il sentyabrın 15-də uzun müddətli təmirdən çıxan təhsil ocağının  132-134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyət göstərməsindən sonra fəxri təqaüdə yola salınır.

Onu yaşadan xatirələr...

Adətən bu dünyadan köçən insanı yad etmək üçün qohumlar, yaxından tanıyanlar bir araya gələrək onun xatirəsinə ehtiramlarını bildirirlər. Aliyə xanımı yad etmək üçün fərqli bir məkanda - əslində isə vaxtilə ikinci evi olmuş, bütün ruhu, canı ilə bağlı olduğu 132-134 nömrəli Təhsil Kompleksində müəllim həmkarları ilə bir araya gələrək onu xatırlamağı özümüzə mənəvi borc bildik.

Qəlbi ancaq insanlara yaxşılıq etməklə döyünürdü

Sara XANLAROVA, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim: - Aliyə Təhmasiblə bağlı xatirələrim mənim üçün unudulmazdır. Biz onunla uzun illər yanaşı- bir binanın o üzündə Aliyə xanım132 nömrəli tam orta məktəbin direktoru,  bu üzündə isə mən 134 nömrəli tam orta məktəbin  direktoru olmuşuq. 132 nömrəli tam orta məktəb Aliyə Təhmasibin adı ilə bağlıdır. Kimi dindirsəniz,  kimdən soruşsanız  Aliyə xanımın yüksək alicənablığından, insanpərvərliyindən danışacaq. Qismət belə gətirib ki, biz onunla ikimiz də Bakılı- İçərişəhərliyik. Əlbəttə ki, bu tellər də bizi özünəməxsus bağlayırdı. Bundan başqa həmkar kimi  çox böyük dostluğumuz olub, bir çox mötəbər tədbirlərdə bir yerdə olmuşuq. İlk növbədə Aliyə xanımın gözəl, böyük qəlbi var idi: insanpərvər, xeyirxah, ürəyiaçıq... Onun qəlbi ancaq insanlara yaxşılıq etməklə döyünürdü. Mən Aliyə xanım haqqında xüsusi bir məqama da toxunmaq istəyirəm.Bu məktəbdə işlədiyi dövrdə onun qaynanası Bilqeyis xanım Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Dövrünün ən peşəkar, gözəl müəllimlərindən idi. El arasında belə bir məsəl var: gəlin ocağa çəkər. Aliyə xanım da qaynanası kimi xanım- xatın, öz fənnini gözəl bilən, onu uşaqlara sevdirməyi bacaran bir pedaqoq olub. Eyni zamanda mən Aliyə xanımın öz ailəsinə olan gözəl münasibətini görmüşəm. O, qaynanasını ana bilirdi, anası qədər onu sevirdi. Təsadüf elə gətirib ki, Aliyə Təhmasibin gəlini Leyla da  ibtidai sinif müəllimi kimi artıq neçə illərdir ki, bizim təhsil ocağında  uğurla fəaliyyət göstərir.

Mənim üçün çox doğma, çox əziz bir insan itirdim, onun haqqında keçmişdə danışmaq çox ağırdır.

Bilirsiniz, insanın bu dünyadan köçən ancaq cismidir, ruhu isə  hər zaman aramızda dolaşır. Aliyə xanımın təhsil sahəsində əvəzsiz xidmətləri olub və dövlətimiz onu ən ali mükafatlara layiq görüb. O, əsl Azərbaycan ziyalısı idi.

Hələ onun pedaqoji şurada o gözəl diksiyası və səs tembri ilə danışığını demirəm...

Xanım MURADOVA, biologiya müəllimi: - Məzunu olduğum, Bakının ən nüfuzlu məktəblərindən sayılan H.Cavid adına 132 nömrəli tam orta məktəbə 1994-cü ildə biologiya müəllimi kimi işləməyə gəldim. Vaxtilə mənə dərs deyən müəllimlərlə çiyin-çiyinə işləmək bir ayrı məsuliyyət idi. Həmin illərdə məktəbimizin direktoru Aliyə Təhmasib idi. Mən fəxr edirəm ki, Aliyə xanımın rəhbərlik etdiyi dövrdə müəllimlik fəaliyyətinə başladım. Otağı birinci mərtəbədə yerləşirdi. Hər gün işə gələndə onun otağının qarşısından keçərək siniflərə daxil olurduq. O gözəl, səmimi insanla salamlaşanda artıq 132 nömrəli məktəbin ab-havası hiss olunurdu. O qədər mehriban, qayğıkeş, şagirdləri öz doğma övladları kimi sevən, müəllimlərə qayğı və səmimiyyətlə yanaşan Aliyə xanım... Mən hələ onun pedaqoji şurada o gözəl diksiyası və səs tembri ilə danışığını demirəm... Danışanda hamı diqqətlə o gözəl səsi dinləyirdi.Onun rəhbərlik etdiyi məktəbdə işlədiyim, onunla söhbət edib, daim məsləhətlər üçün çəkinmədən müraciət etdiyim üçün xoşbəxtəm. O hamını dinləməyi bacarır və əlindən gələn köməyi edirdi.

Mənim bütün sonrakı müəllimlik fəaliyyətimdə bir mayak rolunu oynadı

Aygün  ƏFƏNDİYEVA,   tarix  müəllimi: - Qəlbimdə həmişə özəl yeri olan bu gözəl insan haqqında söz deməyin məsuliyyətini bildiyimdən nədən başlamaqda çətinlik çəkirəm. Sağlığında böyük hörmət, nüfuz qazanmış, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirində yüksək mənəviyyatlı  insan, unudulmaz müəllim, qayğıkeş ana, ləyaqətli Azərbaycan qadını kimi qalmış dəyərli pedaqoq Aliyə Təhmasib haqqında, çox təəssüflər olsun ki, bu gün keçmiş zamanda danışırıq.

Aliyə xanımla ilk tanışlığım uzun illər öncə 90-ci illərin əvvəllərinə təsadüf edir. Yaxşı yadımdadır, iş yerimi dəyişmək  üçün qəbulunda oldum.  Sadə, gülərüz, səmimi bir insanla qarşılaşdım. Mənimlə bir az söhbət etdikdən sonra işə qəbul olunduğumu bildirdi və sənədlərimi  gətirməyimi söylədi. Belə bir gözəl insanla çalışacağıma çox sevinmişdim. Bu peşəkar pedaqoq mənim bütün sonrakı müəllimlik fəaliyyətimdə bir mayak rolunu oynadı. İşlədiyim müddət ərzində qazandığım uğurlarda Aliyə Təhmasibin mənəvi dəstəyini həmişə hiss etmişəm və bunun üçün də ona borcluyam. O, insanlarda potensialı görərək dəyərləndirməyi və motivasiya etməyi bacarırdı. Təşkilatçılıq və idarəetmə qabiliyyəti ilə yanaşı, həm də gözəl bir müəllim idi. Şagirdləri onun keçdiyi hər bir dərsdən böyük bir zövq alırdılar, hamının sevimlisi idi. Sözün əsl mənasında, peşəkar bir müəllim olan Aliyə Təhmasibin itkisi bütün kollektiv üçün çox üzücüdür

İnsanda hər şey gözəl olmalıdır

Bəli, içdən gələn bu sözlərin hər biri o əziz insana ithaf olunurdu.Yazını da elə müəllim həmkarlarından birinin fikri ilə bitirmək istərdim. Böyük rus yazıçısı A.P.Çexov yazırdı: “İnsanda hər şey gözəl olmalıdır: həm siması, həm geyimi, həm qəlbi, həm də düşüncələri.”Bütün bu sözləri Aliyə xanıma şamil etmək mümkündür. O özünün görkəmi, yerişi, duruşu, davranışı ilə hamıya nümunə idi..

ALLAH sizə rəhmət eləsin, gözəl pedaqoq!

Samirə KƏRİMOVA

Xəbər lenti