Logo

Xaçmazda müəllimdən məktəb rəhbərliyinə CİDDİ İTTİHAM

06.08.2022 13:21 3604 baxış
IMG

Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, paylaşımında bu səbəblərə görə ərizə yazaraq 2 il çalışdığı məktəbdən ayrıldığını bildirib. 

Müəllimin yazısında çalışdığı məktəb rəhbərliyinə qarşı çox ciddi ittihamlar yer alır. Məsələn, o qeyd edir ki, şəgirdlərə narkotik tərkibli dərmanlar paylanıb və bu, məktəb rəhbərliyini heç narahat etməyib: “Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?

Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır.

Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu.

Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir.

Müəllim dərsə içkili halda girir. 

Şagirdlərə dərman paylanılır və bu, heç kəsi narahat etmir…”

R. Asiman əlavə edib ki, bu məsələlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına, o cümlədən Təhsil Şöbəsinə şikayət etsə də, nəticəsiz qalıb: “On dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, “məktəb ailədir, ailənin sirri kənara çıxmaz””.

Müəllimin paylaşımı, eləcə də, məktəbdə uşaqlara dərman paylanılması ilə bağlı iddiaya şərhlər yazılıb. İzləyicilərdən biri bunun narkotik olduğunu sual edib. Müəllim isə cavabında təkrar həmin hadisənin yaşandığını təsdiqləyib və ekspertizanın cavabını bilmədiyini qeyd edib.

R. Asiman, həmçinin qeyd edib ki, çalışdığı dövr ərzində ona şər atılıb, təhqir olunub, mobbinqə məruz qalıb. Aidiyyəti dövlət orqanlarına göndərdiyi şikayət məktubları isə cavabsız qalıb.

Paylaşımla əlaqədar müəllimlə əlaqə saxlasaq da, bu mövzu ilə bağlı danışmaq istəmədi və bildirdi ki, artıq bununla bağlı tədbir görülüb.

Sözügedən ittihamlarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət etdik.  İdarədən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd edilən hallar təsdiqini tapdığı təqdirdə mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək və nəticəsi barədə məlumat veriləcək”.

Xəbər lenti