Logo

AzTU Türkiyənin müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığı genişləndirir - FOTOLAR

06.08.2022 17:49 368 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

Tehsil.biz xəbər verir ki, səfər çərçivəsində Türkiyənin aparıcı ali məktəbləri, eləcə də müdafiə sənayesi üzrə tanınmış müəssisələrində mühüm görüşlər keçirilib.

Türkiyə müdafiə sənayesinin klaster şirkətlərindən olan Türk Aviasiya və Kosmos Sənayesinin (Türk Havacılık ve Uzay Sanayii-TUSAŞ) prezidenti, professor Temel Kotil, “ASELSAN” şirkətinin vitse-prezidenti, professor Sezai Elagöz, “TUSAŞ Motor Sanayii”nin (TEİ) vitse-prezidenti və idarə heyətinin sədri professor Mahmut Akşit, “ROKETSAN” şirkətinin vitse-prezidenti Murat Kurtuluş və SAHA İstanbul Hasel Savunma Sanayi Fabrikinin rəhbəri Levent Yıldızla keçirilən görüşlərdə adıçəkilən müəssisələrdə yaradılan akademik təhsil təcrübəsinin öyrənilməsi və universitetlərdə tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, professor Hasan Mandalla görüş zamanı BİLGEM və MAM təcrübələrindən faydalanmaqla işbirliyinin davam etdiriliməsi, universitet-sənaye əməkdaşlığı ilə bağlı birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Türk Standartları İnstitutunun (TSE) rəhbəri Mahmut Sami Şahinlə görüşdə mövcud əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, həmçinin AzTU-da  metrologiya və standartlaşma işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Gazi Universitinin nəzdində Eklemeli İmalat Texnolgiyalari Tətbiq və Tədqiqat Mərkəzinin rəhbəri, professor Metin Salamçı və SAHA İstanbul Müdafiə Aerokosmik Klaster Birliyinin (Savunma Havacılık ve Uzay Kümelenmesi) rəhbəri Gökhan Şahinlə görüşdə isə magistratura, doktorantura və əlavə təhsil proqramları, həmçinin MBA proqramı haqqında geniş məlumat verilib, eləcə də istehsal sahələrinə əyani baxış keçirilib.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova və AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz iştirak edib. 

Xəbər lenti