"Şəmkirdə yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsi Ağstafa rayonu üzrə rus sektoruna qəbul üzrə komissiya yaradıb. Komissiya uşaqları müsahibə edib “məqbul” qərarı ilə şagirdləri rus sektoruna qəbul etmək haqqında qərar verib. Lakin Elm və Təhsil Nazirliyinin başbilənləri idarənin yaratdığı komissiyanın qərarını təkrar təftiş etmək üçün regional idarəyə göstəriş veriblər. Regional Təhsil İdarəsi hüquqi əsasla yaradılan komissiya olmadan vəzifə səlahiyyətlərini aşaraq yalnız videogörüntülərə baxaraq bu qərarı “qeyri-məqbul” ilə əvəzləyib".
Tehsil.biz xəbər verir ki, bu iddianı təhsil eksperti Kamran Əsədov irəli sürüb. O, bu barədə sosial hesabında paylaşım edib.
Ekspertin sözlərinə görə, valideynin şikayətindən sonra Elm və Təhsil Nazirliyi də vətəndaşın ziyanına olaraq bu qərarı dəstəkləyib: "Burada maraqlı mənzərə yaranır. Regional Təhsil İdarəsi öz yaratdığı komissiyanın qərarını apellyasiya komissiyası olmadan Elm və Təhsil Nazirliyinin göstərişi ilə necə ləğv edə bilər? Nazirlik hansı əsasla bu göstərişi Regional Təhsil İdarəsinə verə və ya videogörüntülərə baxıb qərarın ləğvini dəstəkləyə bilər? Ümumiyyətlə dövlət orqanı vətəndaşın lehinə qərar veribsə, onu sonradan dəyişdirmək praktikası hansı dövlət qurumunda mövcuddur? Hansısa kiçikyaşlı uşaqlara qarşı bu cür radikal qərar verməyin fəlsəfəsi nədir? Hüquqi əsasa malik komissiyanın qərarını yalnız digər komissiyanın və ya təkrar komissiya olmadan necə ləğv etmək olar? Bu qərarı vermək belə zəruri idisə, niyə uşaqlar təkrar müsahibə edilmədi?"
Kamran Əsədovun ittihamları ilə bağlı Elm və Təhsil Nazirliyinə, həmçinin Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etsək də, suallarımız hər iki qurum tərəfindən cavabsız qaldı.