Logo

Musiqi, incəsənət, rəssamlıq, muğam məktəblərinin müəllimləri üçün imtahan keçirilib

07.08.2022 15:31 438 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il avqustun 7-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1992 namizəd qeydiyyatdan keçmişdi. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 180 nəzarətçi‑müəllim, 24 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan binalarına giriş zamanı təhlükəsizlik və imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə DİM əməkdaşları tərəfindən hazırlanan xüsusi mobil proqram təminatından istifadə olunub. Bu proqram bütün imtahan binalarında buraxılış rejimi zamanı iştirakçıların şəxsiyyətini müəyyənləşdirməyə və sürətli şəkildə imtahan binasına buraxılmasının təmin olunmasına imkan verir. Proqram kənar şəxslərin imtahan binalarına girişinin qarşısını almaqla yanaşı, DİM-də yaradılan operativ qərargahda bütün binaların buraxılış rejimini onlayn formada nəzarətdə saxlamağa şərait yaradır.

İmtahanda namizədlərə 70 test tapşırığı təqdim olunub. 40 tapşırıq seçilən müvafiq sahә üzrә ixtisas biliklәrini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq mәntiqi tәfәkkürü, 10 tapşırıq isә ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.

İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, test imtahanında toplanılması mümkün olan maksimum nəticə 100 faizlə ifadə edilir.

İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər (Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblərdə işə qəbul olunmaq istəyən namizədlər istisna olmaqla) uğur qazanmış hesab edilirlər.

Bakı şəhərində yerləşən məktəblər üzrə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 70 faizini düzgün cavablandıraraq 49 bal toplamış namizədlər, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər üzrə isə imtahanda təqdim edilmiş test tapşırıqlarından 60 faizini düzgün cavablandıraraq 42 bal toplamış namizədlər uğur qazanmış hesab edilirlər.

Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Xəbər lenti