“Onların lüks həyat şəraitlərinə baxdıqda aşkar görünür ki, bunu əldə etmək üçün illik dövriyyələri daha çox olmalıdır. Müğənnilərin ödədikləri vergilər həyat şərtləri ilə uyğunlaşmır. Onlar gəlirlərini yalnız hansısa restoran tələb etdikdə məcburi qaydada rəsmiləşdirirlər, o da cüzi miqdarda”.
"Kaspi" qəzetinin yazısını təqdim edirik:
Türk mətbuatında sənət adamlarının vergi ödəyicisi kimi siyahısı mütəmadi olaraq təqdim olunur. Hətta hər il “ilin vergi rekordçusu” müəyyən edilir. Bu ada sahib olmaq türkiyəli müğənnilər üçün fəxrdir. Bizdə isə vəziyyət fərqlidir. Müğənnilər vergi ödəməkdə maraqlı deyillər. “Səsimin çörəyini qazanıram”, “gəlirim azdır” bəhanələrinə sığınan sənət adamlarının sayı yox, hesabı yox. Düzdür, son vaxtlar iqtisadiyyatın “ağardılması”, vergi mədəniyyətinin formalaşması ilə bağlı ciddi addımlar atılıb. Bunu vergi daxilolmalarının artmasında görə bilirik. Bəs müğənnilərlə bağlı vəziyyət necədir? Xalqdan qazanan bu adamlar xalq üçün sərf olunan vergidən niyə yayınırlar? Ödədikləri vergi, həqiqətən, qazanclarına görədirmi?
“Ödədikləri vergi həyat şərtləri ilə uyğunlaşmır”
Vergi mütəxəssisi Anar Bayramov “Kaspi”yə açıqlamasında bildirdi ki, artıq müğənnilərin əksəriyyəti vergi ödəyicisidir: “Hazırda müğənnilərin iştirak etdiyi tədbirlər, restoranlar xərclərini təsdiq etmək üçün ödəməni rəsmi edirlər. Bəzi restoranlar vergi ödəyicisi kimi uçotda durub qanunvericilikdə nəzərdə tutulmuş formada elektron qaimələrin yazılmasını tələb edirlər müğənnilərdən. Düzdür, bu, bütün əməliyyatlara şamil olunmur. Təəssüf ki, müğənnilərin hamısı bütün əməliyyatları rəsmiləşdirmir, dövriyyəni qanuni şəkildə əks etdirmirlər. Çünki onların lüks həyat şəraitlərinə baxdıqda aşkar görünür ki, bunu əldə etmək üçün illik dövriyyələri daha çox olmalıdır. Müğənnilərin ödədikləri vergilər həyat şərtləri ilə uyğunlaşmır. Onlar gəlirlərini yalnız hansısa restoran tələb etdikdə, məcburi qaydada rəsmiləşdirirlər, o da cüzi miqdarda”.
“Bu qonorarlar vergiyə cəlb olunmur”
Mütəxəssis vurğulayır ki, prestijli, xalq arasında məşhur olan müğənnilər qeydiyyata alınır, yeni müğənnilərin əksəriyyəti isə ümumiyyətlə vergi ödəmirlər: “Burada əsas məsələ daha yüksək gəlirlər əldə edən müğənnilərin vergiyə cəlb olunmasıdır. Müğənnilərin fəaliyyətləri təkcə ölkə daxilində deyil. Ölkə sərhədlərindən kənarda da el şənliklərinə qoşulurlar. Oradan əldə etdikləri qonorarlar birmənalı şəkildə vergiyə cəlb olunmur. Çünki iştirak etdiyi məclislərə hər hansı bir şəxsin dəvəti ilə gedirlər. Həmin şəxsə də maraqlı deyil ki, azərbaycanlı müğənnilərdən sənəd tələb etsinlər. Bizim müğənnilər ən yaxşı halda Azərbaycan hüdudları daxilində qazandıqlarının müəyyən hissəsindən vergi ödəyirlər”.
“Ən yaxşı halda dövriyyənin 2 faizini təqdim edirlər”
Mütəxəssis iddia edir ki, müğənnilər göstərdikləri gəlirlərin yalnız 2 faizini vergi kimi ödəyirlər: “Araşdırmalarımızdan sonra üzə çıxır ki, həmin müğənnilər ancaq 2 faizlik dərəcə ilə sadələşdirilmiş vergi ödəyirlər. Yaxud da 75 faiz güzəştdən istifadə etməklə, 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəyicisi olurlar. Amma onların illik dövriyyələri, mütləqdir ki, 200 000 manatdan yuxarıdır. İnandırıcı deyil ki, hər hansı bir müğənni əlavə dəyər vergisi kimi uçota alınsın və öz dövriyyəsindən 18 faiz vergi ödəsin. Onlar ən yaxşı halda dövriyyənin 2 faizini təqdim edirlər”.
İctimaiyyətin qınağı yoxdursa...
İqtisadçı Rauf Qarayev deyir ki, Azərbaycanda vergi mədəniyyətinin formalaşması istənilən səviyyədə deyil. Türkiyə ilə müqayisədə ölkədə vergi rüsumlarının yığılması və xərclənməsi ilə bağlı açıqlama səthi xarakter daşıyır: “Ərəb xilafəti dövründən bizdə xüms, zəkat və sair vergi növləri var idi. Əslində, bu, vergi mədəniyyətini də özündə əks etdirir. Baxmayaraq ki, bizdə dini baxımdan formalaşan vergi mədəniyyəti könüllülük prinsipi daşıyır. Kimsə bunu verməyəndə ictimai qınaq obyektinə çevrilir. Təəssüf ki, bu yanaşma qanunvericiliklə bağlı məqamlara sirayət etməyib. Yəni vergi verməyən şəxs ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilmir. Amma Avropada bu mədəniyyət formalaşdığı üçün orada bir çox vətəndaş vergi ödəməyi özlərinə borc bilir”.
“Bir-iki ağız” oxuyub gedəcək
Mütəxəssis vurğulayır ki, Avropada əmək haqları, pensiya təminatı, sosial müdafiə, ölkənin iqtisadi baxımdan inkişafı vergi prinsipi üzərində qurulub. Bizdə isə belə deyil: “Neft sektoru büdcəni formalaşdıran amildir. Bu baxımdan da, əhalidə fikir formalaşıb ki, əgər neftdən pul gəlirsə, o halda vergi ödəməyə ehtiyac yoxdur. Belə düşüncə müğənnilərə də aiddir. Müğənnilər özləri açıqlayır ki, toyda 1 saat oxumaq üçün 15 min manat alırlar. Vergi məsələsini soruşduqda, deyir, ödəmirəm, çünki köməkçilərim var, qazancım onların xərclərinə gedir. Yaxud toya yoxlama gələndə qeyd edir ki, dostunun toyuna gəlib, gəliri yoxdur, “bir-iki ağız” oxuyub gedəcək. Bu günə qədər eşitməmişəm ki, hansısa müğənni vergi borcuna görə həbs olunub və ya böyük məbləğdə cərimə edilib”.
“Nə şadlıq sarayı bunu edəcək, nə də toy sahibi”
Mütəxəssisin sözlərinə görə, müğənni şadlıq sarayı ilə müqavilə bağlamır, toy yiyəsi ilə razılaşıb gəlir: “Nə şadlıq sarayı bunu edəcək, nə də toy sahibi. Çünki belə halda onlar da vergi ödəyicisi siyahısına düşəcəklər. Bütün proseslər bir-birinə zəncirvari bağlıdır. Türkiyədə müğənni fəxr edir ki, vergi ödəyirəm, ölkəmə xeyir verirəm. Hətta sənətə yeni başlayanlar da bu addımları ilə nümunə olurlar. Azərbaycanda vergi qanunvericiliyi sərtdir, amma yayınmalar daha çoxdur. Demək, sərtlik işə yaramır. Bu məsələdə vətənə, xalqa sevgi olmalıdır. Bizdə vergi təbliğatının əsas göstəricisi müğənnilər olmalıdır, çünki onlar xalqdan qazanırlar. Amma qazandıqlarından xalqa qaytarmaq istədiklərini görmürük”.
“Bu, yaxın zamanda mümkün deyil”
Vergi mütəxəssisi Anar Bayramov deyir ki, hazırda bu sahəyə vergi orqanları tərəfindən nəzarət olunur: “Vergi orqanı xarici ölkədəki fəaliyyəti təsbit edə bilmir. Maksimum dərəcədə nəyə imkanı çatırsa, o səviyyədə də nəzarət olunur. Bütün dünyada müğənnilər yüksək gəlirlərdən vergi ödəyirlər və bunu rəsmi bəyan edirlər. Amma Azərbaycan gənc ölkədir, düşünürəm ki, vergi nəzarəti tədbirlərinin rıçaqları artırıldıqca, onların da dövriyyələrində şəffaflaşma gedər, xərclərini düzgün şəkildə bəyan etməklə vergilərini ödəyərlər. Lakin bu, yaxın zamanda mümkün deyil”.