Logo

BDU əməkdaşlarının təqdim etdiyi layihə qalib olub

08.08.2022 17:50 356 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının təqdim etdiyi layihə ilk dəfə olaraq Erasmus+ Jean Monnet proqramı üzrə müsabiqənin qalibi olub.

Tehsil.biz xəbər verir ki, layihə Erasmus+Jean Monnet fəaliyyətləri çərçivəsində modul səviyyəsində təqdim edilib. Layihənin rəhbəri BDU-nun Üzvi kimya kafedrasının professoru Ülviyyə Həsənova, layihə iştirakçıları isə BDU-nun Sənaye kimyası ETL-in müdiri Ələkbər Hüseynzadə, həmin laboratoriyanın kiçik elmi işçisi Əlibala Əliyev, Mikrobiologiya və virusologiya ETL-in böyük elmi işçisi Aygün İsmayılova, Nanoaraşdırmalar ETL-in böyük laborantı Günel Əliyeva və Maliyyə və menecment kafedrasının baş müəllimi Ləman Azizovadır. BDU-nun əməkdaşlarının təqdim etdiyi “Green oriented studies in EU” (Avropa Birliyində (AB) “Yaşıl Araşdırmalar”) adlı layihənin müddəti 36 aydır və məqsədi müasir dövrün ekoloji və iqtisadi çağırışlarına uyğun olaraq “yaşıl sahə"də əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yeni nəslinin hazırlanmasıdır. Layihə çərçivəsində BDU-nun Kimya və Biologiya fakültələrində 3  “yaşıl” fənn modulunun tətbiqi ilə yeni məzmunda təhsil proqramları hazırlanacaq. Layihə həmçinin Azərbaycan və AB arasında bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə imkan verəcək. 

Qeyd edək ki, Avropa Komissiyası 1989-cu ildə Avropa İttifaqı tədqiqatları sahəsində tədris və tədqiqatda mükəmməlliyi təşviq etmək üçün Jean Monnet Fəaliyyətlərinə başlayıb. Bu istiqamətdə 100-ə yaxın ölkənin 1000-dən çox ali təhsil müəssisəsinə maliyyə dəstəyi olunub və proqramlarda 9000-ə yaxın akademik heyət iştirak edib.

Xəbər lenti