Kulis.az Əmir Teymurun öz ordusunda fillərdən istifadə etməsinin tarixçəsini təqdim edir.
Teymur əvvəllər ordusunda heç bir fil birliyindən istifadə etməsə də, 17 dekabr, 1398-ci ildə baş verən Dehli döyüşündən sonra filləri ordusuna daxil edəcəkdi.
Bu döyüşdə Dehli Sultanlığı ilə qarşılaşan Teymurun sərkərdələri ona müharibənin uduzmaq üzrə olduğunu bildirirlər. Teymur daha sonra çadırına gedir və yatağına uzanır. Heç kimə onu narahat etməməyi əmr edir.
Bir qədər sonra ayağa qalxıb komandirlərini yanına çağırır. O, qoşunundakı bütün dəvələri zəncirlə bağlayıb ordunun önündə düzülməsini əmr edir. Təbii ki, komandirlər “biz filləri dəvələrlə məğlub edəcəyik?” deyə düşünərkən əmr verməyə davam edir.
Dəvələrin kürəyinə yanacaq qoymağı, hər dəvənin arxasında isə əlində məşəllə bir əsgərin gözləməsini tapşırır. Arxalarında oxatanların və nizəçilərin saxlanmasını istəyir.
Teymurun əmrini yerinə yetirən əsgərlər sistemi qurur və Dehli ordusunun fil hücumunu gözləməyə başlayırlar. Fil hücumu başlayanda Teymur dəvələrin belindəki yanacağın alovlanmasını əmr edir. Bunun ardınca dəvələr qorxu içində qaçmağa başlayır, lakin zəncirlə bağlandıqları üçün bir-birlərindən ayrıla bilmirlər. Dəhşətli od halqasının onlara doğru gəldiyini görən fillər geriyə dönüb qaçmağa başlayırlar və Dehli ordusunun bu qarışıqlıq anında Teymur oxatanlara hücum etmək əmrini verir. Teymur bu döyüşü bir saata qazanır.
Teymur fillərdən dörd il sonra Ankara döyüşündə Osmanlıya qarşı istifadə edib. Döyüşün ən qaynar anlarında Teymur komandiri olan Buqaya ağacların arxasında gizlətdikləri fillərə hücum etməyi əmr edərək Osmanlı əsgərinin böyük sarsıntı yaşamasına səbəb olur. Daha əvvəl heç bir döyüşdə bu nəhəng heyvanlarla qarşılaşmayan yeniçərilər və sipahilər şokdan sağ çıxsalar da, oxları fillərə yağdırsalar da, Osmanlı ordusu böyük itki verir.
Teymurun qoyduğu qanunlara görə ordusunda bu fillərin üstündə olan “tirendaz” (oxatanlar) türk, fillərə baxacaq adamlar isə hindu olmalıdır. Döyüşlərdə yalnız erkək fillərin istifadə edilməsini əmr edən Teymur, bu heyvanların daha heyranedici görünmələri üçün onların kürəyinə böyük kəcavələrin yerləşdirilməsini istəyir. Kəcavələrin ətrafı nizələrlə hörülür, beləliklə, fillər dəmir zirehlərlə örtülmüş kimi görünürlər.
Teymur fillərlə gücləndirdiyi ordusu ilə heç bir döyüşü uduzmur və bir dahi olaraq adını tarixə yazdırır.