Son zamanlar subbakalavrların universitetlərə axını güclənib. Kolleci bitirənlər imtahan vermədən universitetə qəbul olurlar.
Mövzu ilə bağlı "Tehsil.biz"ə danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, orta ixtisas müəssisəsini bitirənlər subbakalavr kimi ali məktəbə qəbul ola bilərlər.
O qeyd edib ki, bunun nəticəsində də subbakalavr dərəcəsində olan şəxslər artıq bir-iki ildir, imtahan vermədən asanlıqla ali təhsil müəssisələrinə qəbul ola bilirlər:
"Bəzi şəxslər təhsil aldıqları dövrdə akademik göstəriciləri yüksək olmadıqda müvafiq ödəniş qarşılığında ümumi orta qiymətləri yüksək yazdırırlar. Sırf ali məktəbə qəbul üçün bunu edirlər. Gələcəkdə ixtisaslı kadr çatışmazlığının yaranacaq. Qaydalarda dəyişiklik etmək vacib və zəruridir. Biz həm 9, həm də 11 illik səviyyədə kolleclərə qəbul olmaq istəyənlərin say çoxluğunu görürük. Bu il 41 mindən çox şagird orta ixtisas təhsili müəssisəsində təhsil almaq üçün elektron qeydiyyatdan keçib. Ayrılan plan yerini nəzərə alsaq, görərik ki, 31 mindən çox şəxs kənarda qalacaq. Müsabiqədən keçməyəcək. Universitetə qəbul üçün asan yol tapıblar”.