Logo

O müsabiqənin keçirilməsində məqsəd... – Sevda Sultanova yazır

09.08.2022 21:11 603 baxış
IMG

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilmiş “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsində münsif kimi iştirakım mənim üçün əhəmiyyətli təcrübə oldu. Müsabiqə təkcə ölkədə ssenari potensialının necə, hansı səviyyədə olması haqda təsəvvürləri yaratmadı, o, həm də sosioloji araşdırma, baxış kimi maraqlıydı. Yəni yaradıcı insanın ilk növbədə vətəndaş düşüncəsi maraqlıydı ki, qadın obrazı, hekayəsi düşünəndə onun ağlına nələr gəlir, qadının kimliyini, yerini və rolunu necə, harda görür, hansı problemləri müasir qadın üçün vacib sayır. Və əlbəttə ki, digər mühüm məqam-müəlliflərin yanaşması, yaradıcı həlləriydi.

Ssenarilərin əksərinin prioritet mövzusu aşağıdakılar idi:
Boşanmaq istəyən qadına ailə basqısı; qadın ya mübarizədən qalib çıxır, ya öldürülür.

Qadının təhsil hüququnun əlindən alınması, erkən nikah.
Eyni zamanda sözügedən mövzularda yazılmış ssenarilərdə boşanmış qadının sosial problemləri, cəmiyyətin dedi-qodusuna məruz qalması və bunun onların həyatına təsiri, selektiv abort kimi motivlər də yer alıb.

Digər müraciət edilən mövzu, gözlənilidiyi kimi qadın və müharibə idi. Burda əsas aksent oğlunu müharibədə itirən qadının itkini necə yaşaması, reaksiyasıydı.

Bütün ssenarilərin üzərində ayrı-ayrılıqda dayanmaq uzun və yorucu olardı. Ona görə müəyyən ssenarilərin nümunəsində oxşar cəhətləri ümumiləşdirəcəm.

Ssenarilərin bir qismi serial estetikasında yazılmışdı. Misalçün, Vüqar Əmirovun “Ailə səadəti”ndə qısametrajlı formata görə konfliktlər, obrazlar çoxdur: ana-qız övladları, ər-arvad münasibətləri, qəhrəmanın erkən nikaha məcbur edilən şagirdinin valideynləri ilə münaqişəsi və s. Eyni fikri “Doğmalar” ssenarisi haqda da demək olar. Birinci Qarabağ müharibəsini, postmüharibə dövrünü və 44 günlük müharibəni əhatə edən ssenari daha çox epos xarakterlidir. Hər iki ssenaridə hadisələrin səthi gedişatı, personajlararası münasibətlərin asan qavranılan forması serial materialına uyğundur. Ona görə bu tip müsabiqələrə ssenari göndəriləndə format diqqətlə öyrənilməlidir.

Diqqətimi çəkən digər məsələ, əri və valideynləri tərəfindən basqıya məruz qalan, boşanmasına maneçilik törədilən, təhsil hüququ əlindən alınan qadınlarla bağlı hekayələrdə ümumi tonun doğru seçilməməsi, dialoqların, situasiyaların publisistik və didaktikliyidir. Süjet xətti birbaşadır, yəni vəziyyətlərin təsviri zamanı müəllif reallığı emal eləmir, üstəlik, estetik zövq sarıdan kasadlıq duyulur, valideyn, xüsusən, qadın obrazları oxşardır, hamısı eyni ritorikada danışır. Bu isə müəlliflərin zəif müşahidəsinin, qadınları tanımamalarının, işlədikləri mövzunu dərin araşdırmamalarının nəticəsidir. Səbuhi Bayramovun “Bədbəxtliyin fonunda xoşbəxtlik”, Çinarə Vahabzadənin “Mən qadınam”, Aygün Orucovanın “Xəyalımdakı qadın”, Emil İmamverdizadənin “Qərar” və daha bir neçə ssenari bu qəbildəndir.

Mövzu üzrə bəzi ssenarilərin hüquq və ya məhkəmə dramı janrında işlənməsinə cəhd göstərilib. Azərbaycan kinosunda hüquq dramı janrı ənənəsi təəssüf ki, yoxdur. Janrın konsepsiyası bir qayda olaraq, cinayətin açılmasına fokuslanır, personajlar məhkəmə prosesində ədalət və həqiqət axtarışına çıxırlar və bu zaman yaranan intriqalar, toqquşmalar, saspens əhvalatı dolğunlaşdırır, dramatik effektə hesablanır.

Müsabiqəyə daxil olmuş məhkəmə dramları iclas protokolu kimi işlənib, daha çox informativ gerçəkliyə əsaslanır, telereportaj texnikası bədii reallığı üstələyir, əhvalatın strukturu qəhrəmanın monoton, yenə də didaktik monoluqu üzərində qurulur.
Dünya kinosunda janra istinad edən filmlər hər baxımdan məhkəmə filmi janrı ilə maraqlananlar üçün yaxşı təcrübə ola bilər: Karl Dreyerin “Janna Darkın iztirabları”, Kurosavanın “Rasyömon”, Stenli Kubrikin “Şöhrət yolları”, Miloş Formanın “Xalq Larri Flintə qarşı”, Billi Uaylderin “İttihamın şahidi”, Fatih Akının “Son həddə” və s.

Müharibə və qadın mövzusunda yazılan ssenarilərin qüsurlu cəhətləri eyni tipli fədakar ana obrazları və hekayənin bir növ sosrealizm pafosunda təqdimatıdır. Anaların ağrıya, itkiyə reaksiyası da oxşar təsvir olunub. Halbuki, hər qadın individualdır, onların ağrıya reaksiyası da, itkini necə yaşamaları da fərqlidir. Hər birinin övladlarıyla bağlı kino üçün əla material ola biləcək özəl xatirələri, hekayələri var. Ona görə mövzu üzrə ssenari yazanda şəhid analarıyla yaxından tanış olun, hekayələrini dinləyin, müşahidə eləyin. Yeri gəlmişkən, lent.az da Samirə Əşrəfin “Şəhid əmanəti” layihəsi ssenarilərinizə yaxşı material ola bilər.

Nisbətən fərqli hekayələr əlbəttə vardı. Elşən Əliyev və Zaur Muxtarovun “Ananın bir günü”ndə oğlunun, Elçin Arifoğlunun “Səhər, axşam, gecə... və yenə də səhər”ində ərinin itkisiylə barışa bilməyən qadınların gündəlik həyatının bir günü poetik şəkildə həssaslıqla, maraqlı ifadə vasitələri ilə əksini tapır. Hər iki ssenaridə müəyyən dialoqların azaldılması zəruridi, çünki material vizuallığı, sözsüz təsvirləri diktə edir.

Samirə Əşrəfin və Rəvan Cavidin “Gözləmə”si “Sonuncu yayın sonatası” hekayəsi əsasında yazılıb. Hekayənin müəllifi Samirə Əşrəf müharibə mövzusunda ən yaxşı hekayə yazan az müəllifdən biridir. Müəllif şəxsi təcrübəsini uğurla bədii reallığa çevirir, onun təqdimatındakı müharibə zahirən sakit, emosional baxımdan dərindir, toxunandır və müharibə adi məişət vəziyyətlərində və detallarda təsirlidir.

Ssenarinin formatı və tələbləri isə başqadır. Müəlliflər hekayənin motivlərindən istifadə edərək strukturu dəyişiblər. Ssenarinin problemi süjetin düzxətli, sxematik işlənməsi, şərhedici dialoqların çoxluğu, digər ssenarilərdəki kimi publisist səciyyədir. Fleşbekdən istifadəylə, keçmişə assosiativ bağlarla, doğru poetik intonasiya ilə, daha az dialoqla sxematiklikdən xilas olmaq mümkün idi.
Müsabiqənin keçirilməsində məqsədlərdən biri ssenaristləri parlaq, fərqli qadın obrazları yaratmağa təşviq idi.

Bu mənada diqqətiçəkən hekayələr vardı, Pərviz Məmmədovun “Doğma ana”, İlqar Quliyevin “Ortada tək”, Ərturan N. və Sevinc M.nin “Sevda” ssenariləri qadın təbiətini görünməyən tərəflərini araşdırır. İlk iki ssenaridə, bəzi epizod-konfliktlər əsaslandırılmamış kimi göründü. “Sevda” ssenarisi isə yarımçıq təsir bağışladı, məncə, final davam istəyir və uzunmetrajlı filmə xitab edirdi.

İnkişaf etdirilməsinə ehtiyac duyulan digər ssenari Pərvanə Rəhimovanın “Arzu”sudur. Qəhrəman rejissordur, o, boşanıb, uşağını tək böyüdür. Hekayədə həm onun məişət qayğıları, həm də bir qadın üçün film çəkməyin çətinlikləri vurğulanıb. Burda problem hadisənin, finalın yoxluğudur.

Bəzi müəlliflər isə tematikaya uyğun ssenari göndərməmişdilər. Ya ssenarilərin əsasında ailə münasibətlərinin özgələşməsi dayanırdı, ya da qəhrəman qadın yox, kişi seçilmişdi. Daha dəqiq desək, qadın passiv mövqedən təsvir olunmuşdu.

Bir neçə qadın müəllifin ssenarisi yeni mövzular, obrazlar, fərqli rakurs baxımından maraqlıydı. Onların hər birini bitkin ssenari hesab edirəm, ümid edirəm ki, bu ssenarilərə nə vaxtsa filmlər çəkiləcək.

Müsabiqəyə daxil olmuş ssenarilər arasında qadının intihar istəyi motivində bir neçə mətn vardı. Onlardan ən yaxşısı Leyla Nəsiblinin “Qonşular nə deyər?” ssenarisiydi. Qəhrəman intihar niyyətindən spontan və həyatın dəyərini dərk edərək daşınır, müəllif prosesi səliqəli dramaturji ardıcıllıqla göstərir. Bu ssenari həm də həyata çağırışdır.

Reyhan İsayevanın “Elen”i ana ilə qız övladlarının münasibətinə, uşaqları yetkinlik yaşına çatmış qadının həyatına reallığımızda adət etmədiyimiz qeyri-tipik baxışdır.

Esmira Əyyubun “Həyatdan kənar”ı əriylə mürəkkəb münasibətləri zəminində hamiləliyini qəsdən pozan qadının dramıdır və müəyyən mənada Berqman filmlərinin psixoloji kontekstini xatırlatdı.

Türkan Hüseynin “Xəzərin sahilində gilavara qarşı” ssenarisi cəmiyyətdə ehtiyatla danışılan mövzuya cəsarətli toxunuşdur. Seksual zəmində qadını şantaj edən kişidən, qadınların qisasalması mövzusunda yazılmış ilk ssenaridir.

Sevil Həsənəlizadə “Qırmızı”sı isə sosial çarx üçün əlverişli materialdır.

Bütün hallarda müsabiqə bir daha göstərdi ki, ssenarist potensialımız, maraqlı yanaşmalar var. Sadəcə bacarıqların üzə çıxarılması və inkişafı üçün şərait yaradılmalıdır.

Xəbər lenti