Müəllimliyi sevənlər, hazırlıqlı namizədlər qazanır
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 10 ildən artıqdır ki, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu müddətdə bir çox şey, o cümlədən cəmiyyətin təhsilə, məktəbə, müəllimə münasibəti, müəllimlərin öz peşəsinə yanaşması və s. dəyişib. Sevindiricidir ki, ildən-ilə müşahidə edilən dəyişikliklər yaxşılığa doğrudur. Bunun da ən böyük göstəricisi müəllimlərin iştirakı ilə gerçəkləşən müsabiqələrdir. Ötən ilədək keçirilən daimiləşmə, müəllimlərin qarşılıqlı münasibəti əsasında baş verən yerdəyişmə, namizədlərin bugünkü hazırlıqlılığının başlıca səbəbi olan işə qəbul müsabiqələrində artımla müşahidə olunan iştirakçı sayı cəmiyyətin müəllimliyə münasibətini də, müəllimlərin öz işinə yanaşmasını da açıq şəkildə ortaya qoyur.
Nəticəmlə qürur duyuram
Məsələn, müəllimlərin işə qəbulu müsabiqəsinə artıq ikinci dəfə qatılan namizədlərdən biri Səyalı Əliyeva öz nəticələri ilə qürur duyur. Çünki o, özünü müəllimlərin işə qəbulu müsabiqəsində sınayıb: “Azərbaycan Dillər Universitetini 7 ildir ki, bitirmişəm. Heç vaxt işləməmişəm. Amma özümü hər zaman elə hiss etmişəm ki, sanki müəllim olmaq üçün doğulmuşam. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsilini uğurla tamamlamışam. Müəllimlərim də dəfələrlə yaxşı müəllim olacağımı demişdi mənə. Uzun müddət sonra müəllimlərin işə qəbulu imtahanlarına qatılıb 78 bal topladım.
Ötənilki mübahisəli imtahanda da nəticəm yaxşı idi. Ancaq güclü rəqabət, daha hazırlıqlı namizədlərlə mübarizə aparmaq çətin oldu. Bu il rayonumuz üzrə ən yüksək bal toplayan üçüncü namizədəm. Bu nəticəmlə qürur duyuram. Çünki ölkəmizdə şəffaf, ədalətli və obyektiv təşkil edilən müsabiqədən, çətin bir sınaqdan çıxmışam. Bu sınaq mənə özgüvən verdi”.
Müsabiqəyə böyük maraq var
Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli MİQ imtahanlarının keçirildiyi ilk illərə diqqət çəkərək son 5 ildə müsabiqəyə marağın daha da artdığını bildirib: “Müsabiqənin keçirildiyi ilk illərdə maraq daha az idi və iştirakçı sayı 10 minə çatırdı. İnsan resursları mərkəzinin yarandığı son 5 ilə nəzər salaraq deyə bilərik ki, müəllimlərin işə qəbulu müsabiqəsinə hazırda çox böyük maraq var. Son iki tədris ili üzrə müsabiqədə iştirak etmək üçün 60 mindən artıq namizəd qeydiyyatdan keçib. Bu isə müsabiqənin şəffaf və obyektiv şəkildə keçirilməsilə bağlıdır”.
Kütləvilik rəqabət mühiti formalaşdırır
Göründüyü kimi, müsabiqəyə olan inam, ilk növbədə, iştirakçı sayında özünü göstərib. Hər il müsabiqəyə qoşulanların sayı dinamik olaraq artıb, qısa müddətdə kütləviliyi ilə seçilən müsabiqəyə çevrilib: “Hətta pandemiyanın sərt qaydalarının tətbiq edildiyi 2020-ci ildə belə müsabiqəyə qatılanların sayı 50 min nəfəri ötüb. Son iki ildə müsabiqəyə 60 mindən çox namizəd qatılaraq öz biliyini yoxlayır, müəllimliyə can atır”.
N.İsmayılbəylinin fikrincə, hər il artan iştirakçı sayı müsabiqənin rəqabətliliyi baxımdan da əhəmiyyətlidir: “Kütləvilik müsabiqədə rəqabət mühiti formalaşdırır və nəticədə daha yaxşı namizədlərin seçilməsinə imkan yaradır.
Həlledici yeniliklər: namizədlərin nəticələri arasında fərq artdı
Müəllimlərin işə qəbulu müsabiqəsində builki dəyişikliklərə nəzər salan N.İsmayılbəylinin fikrincə, yeniliklər həlledicidir: “Müsabiqədə şəhid ailəsinin üzvü olan şəxslərə ilk vakansiya seçmək imkanı yaradıldı və bu il həmin hüququ qazanan 64 şəhid ailəsi üzvü sözügedən mərhələni uğurla başa vurdu”.
Daha bir yenilik - uzun müddət ucqar məktəblərdə çalışan müəllimlərin ballarına əmsalların tətbiq edilməsi həm müsabiqənin sosial əhəmiyyətinin artırılmasına, həm təcrübəli müəllimlərə üstünlük verilməsinə, həm ucqar müəssisələrdə çalışan müəllimlərin əməyinin qiymətləndirilməsinə istiqamətlənən bir dəyişiklik oldu: “Bir müəllim 3 il və daha artıq həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi vakansiyada çalışıbsa, balı 1.05, 5 ildən artıq müddətdə çalışıbsa, 1.1 əmsalla hesablanıb. Belə namizədlərin sayı az deyil. Namizədlərin balına əmsal tətbiqini ilk dəfə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində gördük. Həmin müsabiqədə uğur qazananların əksəriyyəti uzun müddət həvəsləndirmənin tətbiq edildiyi, rayon mərkəzlərindən uzaq, ucqar kəndlərdə yerləşən məktəblərdə çalışan müəllimlər idi”.
Müəllimlərin işə qəbulu müsabiqəsinin qaydalarında növbəti dəyişilik imtahan cavablarının qiymətləndirilməsi ilə bağlıdır. Artıq namizədlərə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilib. Bu sistemə görə ixtisas suallarının hər biri 2 balla, metodika və pedaqogika üzrə suallar isə hər biri 1 balla qiymətləndirilir. N.İsmayılbəylinin fikrincə, yeni sistem əvvəlki illərdə müşahidə olunan oxşar, hətta eyni bal toplayan namizədlərin qiymətləndirilməsində qarşıya çıxan problemi həll etdi: “100 ballıq sistemlə namizədlər arasındakı nəticə fərqi daha aydın göründü”.
Artan texniki imkanlar imtahan prosesinə təsir etdi
Müəllimlərin işə qəbulu müsabiqəsində indiyə qədər qazanılan güvənin səbəblərindən biri də yaradılan texniki imkanlardır. İlk gündən imtahanların proqram təminatı tətbiq olunmaqla təşkil edilməsi namizədlərə bir çox üstünlüklər qazandırıb: “İmtahanların elektron qaydada təşkilinin ən böyük üstünlüklərindən biri namizədlərin imtahan bitdiyi anda öz nəticəsini, hətta həm düzgün, həm də yanlış cavablarını görə bilmələridir. Üstəlik, apelyasiya şikayətini də elektron qaydada öz şəxsi səhifələri vasitəsilə edirlər”.
Prosesin insan amilinin rol oynadığı məzmun hissəsi ilə bağlı önləmlər də alınır: “MİQ elektron qaydada təşkil edilir, imtahan suallarının tərtib edildiyi bunker qapalı olur, ekspertlər tamamilə qapalı rejimdə sualları tərtib edir və yalnız imtahanlar başa çatandan sonra onlar bunkeri tərk edə bilirlər. Sualı tərtib edən müəllimlərlə bağlanan məxfilik müqaviləsində də bu məqamlar öz əksini tapıb. Həm Təhsil İnstitutu, həm də sualı tərtib edən tərəf bu məxfiliyi qorumamağa görə qanun qarşısında məsuliyyət daşıyırlar”.
Sualların tərtibi ilə məşğul olan müəllimlərdən Siracəddin Quluzadənin imzaladığı məxfilik müqaviləsini nəzərə almadan test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinə verməsi faktına da toxunan N.İsmayılbəyli təmsil etdiyi qurumun da zərərçəkən olduğunu xatırladıb: “Bir məsuliyyətsiz davranışın nəticəsində həmin gün imtahan verən şəxslərə və imtahan təşkilatçılarına ziyan dəyib və biz növbəti bir gün ərzində vətəndaşların mənafeyini düşünərək əlavə imtahan təşkil etdik. Vətəndaşlardan da bu prosesin zərərçəkənləri oldu. Buna baxmayaraq, vətəndaşlarımızın qarşısındakı öhdəliyimizi dərk edərək, bu 3 suala görə bütün namizədlərin nəticəsi ləğv olundu və yenidən hesablanarkən hər suala 2 bal olmaqla 6 bal artım tətbiq edildi. Buna baxmayaraq, nəticəsindən razı qalmayan şəxslərə yenidən imtahan vermək şansı yaradıldı. Xatırlayırsınızsa, ötən il Azərbaycan dili və ədəbiyyatı fənnində statistik təhlillər aparan zaman sual setləri arasında orta balda fərqliliyin olduğunu gördük və namizədlərə növbəti dəfə imtahan vermək şansı yaratdıq. Bütün bunların olmaması üçün hər il məzmun istiqamətində olduqca əsaslı və uzunmüddətli işlər aparılır”.
Bu il artan texniki imkanların imtahan prosesini necə asanlaşdırdığının, rahat və qısamüddətli etdiyinin şahidi olduq. Bu da təbiidir, ildən-ilə artan iştirakçı sayı təşkilatçıları yeni yollar axtarışına, prosesi həm namizədlər, həm də özləri üçün rahatlaşdırmağa sövq edir. N.İsmayılbəylinin fikrincə, imtahan prosesi daha qısa müddətdə yekunlaşa bilərdi: “Əvvəllər müsabiqə iştirakçıları az idi və imtahanların bir mərkəzdə təşkili nəzərdə tutulurdu. Bu şərait eyni vaxtda maksimum 1500 namizədin imtahan verməsinə imkan yaradırdı. Artıq eyni vaxtda maksimum 5000 namizədin imtahanlara qoşulmasına imkan verən proqram təminatı tətbiq edilir. Müqayisə üçün bildirək ki, ötən ilki imtahanlarda 51 müxtəlif sessiya üzrə imtahanlar təşkil olunmuşdusa, bu il cəmi 14 müxtəlif sessiya oldu. Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif və ingilis dili müəllimliyi fənləri istisna olmaqla, digər bütün fənlər üzrə namizədlər eyni gündə, eyni saatda, eyni suallara cavab verdilər. Bu da namizədlərin daha əlverişli şəraitdə imtahanlarda iştirakına şərait yaratdı. Beləliklə, yeni proqram təminatı namizədlərin özü üçün də müsbət qiymətləndirildi. Təəssüflə qeyd etməliyəm ki, dəvət alan namizədlərin 10 mindən çoxu imtahanlara qatılmadı. Halbuki həmin 10 min nəfər qeydiyyatdan keçməsəydi, imtahan prosesi daha qısa və daha əlverişli olardı. Tutaq ki, ibtidai sinif müəllimliyi üzrə imtahanları 3 yox, 2 sessiyada təşkil edərdik”.
MİQ-2022 son mərhələsində
Yenilikləri, problemləri, bütün sevinc və həyəcanı ilə MİQ-2022 müsabiqəsi son mərhələsinə çatıb. Artıq vakansiya seçimi mərhələsinin nəticələri bəllidir. Namizədlərin şəxsi kabinetinə öz seçiminin nəticələri barədə məlumatlar göndərilib. Bu mərhələdə uğur qazananlar artıq müsahibə mərhələsinə hazırlaşırlar: “Müsabiqənin hazırkı mərhələsində namizədlər vakansiya seçimi edib. Bu il son 5 ilin ən böyük vakansiyası elan edildi. Namizədlərə seçmək üçün 9805 yer təklif edildi. Həmin yerlər sırasında ilk dəfə işğaldan azad olunmuş Zəngilandan da yer var. Bildiyiniz kimi, böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində təhsil müəssisəsi istifadəyə verilib və namizədlər onlara uyğun olan yerləri seçib. Növbəti mərhələdə biz onların elektron proqram təminatı ilə yerləşməsinə şahid olacağıq. Daha sonra müsahibə mərhələsi olacaq”.
N.İsmayılbəyli bildirib ki, bu mərhələ ənənəvi qaydada keçiriləcək və müsahibənin keçiriləcəyi vaxtla bağlı namizədlərə məlumat veriləcək: “Müəllimlər tədris ili başlayana qədər müddətsiz və müddətli olaraq vakant yerə yerləşdirilir. Ancaq onu da qeyd etməliyik ki, müddətli işə qəbul tədris ili ərzində də davam edir”.
Müəllim olmaq hazırlıq tələb edir
Bir neçə ildir keçirilən, hazırda uğurla davam edən müəllimlərin işə qəbulu müsabiqəsi kütləviliyi, hər il yaratdığı geniş rezonans baxımından mühüm proses olaraq diqqətlə izlənilir. Müəllimliyə namizəd S.Əliyevanın dediklərinə baxsaq, bu illər ərzində “şəffaf, ədalətli, obyektiv” ifadəsi ilə xarakterizə edilən müəllimlərin işə qəbulu müsabiqəsi artıq çətin və rəqabətliliyi ilə də ifadə olunur.
Bəs, başqa necə olmalıdır? Müəllim olmaq asan deyil ki... Bu müsabiqədə müəllimliyi sevənlər, hazırlıqlı namizədlər qazanır!
Ruhiyyə DAŞSALAHLI