Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova 2021-ci il 25-30 yanvar tarixlərində keçirilən onlayn Beynəlxalq konfransda iştirak ediblər. Konfrans M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin təşkilatçılığı ilə baş tutub.
“Mürəkkəb sistemlərin biofizikası. Hesablama və sistemli biologiya. Molekulyar modelləşmə” mövzusunda keçirlən 28-ci “Математика. Компьютер. Образование” (“Riyaziyyat. Kompyuter. Təhsil”) adlı onlayn beynəlxalq konfransda Rusiya Elmlər Akademiyasının (REA) Biologiyanın Fundamental Problemləri İnstitutunun direktoru Anatoliy Tsıqankov, REA-nın Nəzəri və Eksperimental Biofizika İnstitutunun professoru Henri İvanitskiy, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Qalina Rizniçenko və başqa tanınmış alim-tədqiqatçılar məruzə ilə çıxışlar ediblər.
Konfrans Zoom platforması üzərindən distant formatda baş tutub.
R.Xəlilov konfransda həmmüəllifi olduğu “Влияние радиации напщеницу (Triticum L.) и кукурузу (ZeaMaysL.): ЭПР исследования” (“Radiasiyanın taxıl və qarğıdalı bitkisinə təsirləri: EPR tədqiqatları”) adlı məruzə ilə çıxış edib.
Qeyd edək ki, MKO seriyalı Beynəlxalq konfrans fənlərarası xarakter daşıyır və elm və ali təhsil işçilərinin səylərini birləşdirməyə, riyazi modelləşdirmə və informasiya texnologiyaları sahəsindəki elmi və pedaqoji kadrların ixtisaslarını artırmağa, gəncləri elm və təhsilə cəlb etməyə yönəldilib.
Konfrans haqqında daha geniş məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz: http://www.mce.su/rus/