Logo

Salman Rüşdini bıçaqlayana sifarişi kim vermişdi?

13.08.2022 19:36 427 baxış
IMG

Kulis.az Mehdi Dostəlizadənin “Cihad” adlı yazısını təqdim edir.

Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil.

Karl Marks

Salman Rüşdinin bıçaqlanması yəqin ki, çox “möhtərəm bir müsəlman gənc” tərəfindən törədilib. O öz dininin əmrlərinə sadiqdir, fətvalara dəqiqliklə riayət edir. Bütləri qıran İbrahimdən bəhs edənlər bu gün Allahın müdafiəsinə qalxıblar, halbuki, Allahın heç bir köməyə ehtiyacı olmadığı fikrini də məhz onlar özləri dilə gətirirlər, qəribə məxluqlardır.

Hadisədən yarım sutka keçməsinə baxmayaraq, hələ də “bu əsl islam deyil” deyənlərin səsi çıxmayıb. Artıq müsəlmanlar üçün də bu ifadənin inandırıcılıq qüvvəsi aradan gedib. Qatı dindarlar birbaşa olaraq “gəbərsin!”, “cəhənnəmə vasil olsun!” ritorikasına keçib. “O da bizim dəyərlərimizə hücum edib” deyən şəxslərin heç biri Salman Rüşdinin “Şeytan ayələri” kitabını oxumayıb. Sırf kitabın adına və üləmanın fərmanına görə onun qanına susayıblar.

Bir də “böyük rəsm”i görən tayfa var. Onlar hesab edirlər ki, bütün dünya müsəlmanlara qarşı birləşib və ümməti aradan aparmaq istəyir. Düşünürlər ki, Salman Rüşdinin bıçaqlanmasında maraqlı olan qüvvələrin müsəlmanlara qərəzi var. Guya, həmin qüvvələr olmasa bunlar süddən çıxmış ağ qaşıqdır. Adını məzhəb, təriqət, firqə – nə qoyursunuzsa qoyun, onlar tərəfindən törədilən əməllər birbaşa islamın özü ilə əlaqəlidir. Niyə bu məsələlərdə heç bir heyvan haqları müdafiəçisinin və ya “santexniklər dərnəyi”nin yox, məhz islamın adı çəkilir? Düşünməkdə fayda var.

Ərəb mədəniyyət imperializminin səpdiyi toxumlar nəticəsində cücərən, boy atan məhsullar bu formada biçilir. Onların orağı özlərindən olmayanların boğazına dirənir.

Hakim islami doktrina terror, özbaşınalıq, despotizm kimi fəsadların törənməsinə yol açır. Dini reformun gerçəkləşməsi artıq şərt olmağa başlayır – hətta gecikir. İlahiyyatçılar, din adamları hər nə qədər reformun islama heç vaxt sirayət etməyəcəyini desələr də, ağlısəlim bəndələr Şərqdə bundan mühüm gərəkliliyin olmadığını başa düşür.

Lazım gəlsə 95 yox, 195 tezis yazılmalı, bütün pirlərin, məscidlərin divarlarından asılmalıdır ki, islam belə xəstəliklərdən qurtulsun. O xəstəliklər ki, dini mənəviyyat, özünüdərk hadisəsi olmaqdan uzaqlaşdırıb dünya məsələlərinə qarşı çıxmağa sövq edir.

Problem çox ciddidir. Bir vaxtlar qeyri-müsəlmanlara qarşı olan nifrət artıq müsəlman olub öz məzhəbindən olmayanlara qarşı nifrətə çevrilib. Hətta eyni dində olan adamlara qarşı amansız davranan düşüncə digər ideologiyaların nümayəndələrinə hansı zərəri verə bilər, özünüz düşünün.

Özünə bənzəməyənlərin qanına susamaq xəstəliyi insanlıq tarixinin istənilən dövründə fəlakətlərə səbəb olub. Bu gün bizim coğrafiyamızda, bizə daha yaxın olan adamların içində bu nifrəti görmək hərəkətə keçməyimizə əsas verir ki, növbəti fəlakətin qarşısını almağa nail olaq.

Xəbər lenti