Logo

İrandan sürgün olundu, şah ona ailə qurmağı qadağan etdi, evində ölü tapıldı – Zümrüd gözlü şahzadənin film kimi həyatı...

13.08.2022 20:11 630 baxış
IMG

Şahzadə Sürəyya İsfəndiyari Bəxtiyari 22 iyun 1932-ci ildə İranda doğulub. Onun göz açdığı ailə İranın ən soylu nəsillərindən biri olan Bəxtiyarilər nəslinə mənsub idi. Bəxtiyarilər nəslinin əsas qazanc yeri sahib olduqları torpaqlardan çıxan neftdən gələn gəlir idi.

Sürəyyanın atası Xəlil İsfəndiyari gənc yaşından oxumaq üçün Almaniyaya üz tutur. Berlindəki universitetlərdən birinə daxil olan Xəlil tez bir zamanda gecə gəzintilərinə maraq duymağa başlayır. Sarışın gözəllərin və bitməyən pulların əhatəsində olarkən o, alman əsilli Eva Karl ilə tanış olur. Cütlük tez bir zamanda evlənirlər. Bu evlilikdən onların Sürəyya adlı bir qızı və Bijan adlı oğulları doğulur.

Sürəyya beş yaşına qədər Almaniyada böyüyür. İsfahanı gördüyü zaman o, özünü min bir gecə nağıllarında zənn edir. O, beş yaşından sonra valideynləri ilə birlikdə İranda yaşamağa başlayır. İrandakı alman dilli məktəbdə təhsil aldığından onun iranlı yaşıdları ilə heç bir tanışlığı olmur. Anası onu tez-tez kilsəyə aparıb xristian adət-ənənələri ilə tanış edir. Mükəmməl təhsilə sahib olan Sürəyya fortepianoda ən gözəl əsərlər də çalmağa nail olur. Bir çox dərsləri isə evinə gələn müəllimlər vasitəsi ilə mənimsəyir. On dörd yaşına qədər ingilisdilli liseydə oxuyub erkən yaşlarından oranı fərqlənmə diplom ilə başa vurur. Bir müddət sonra isə Sürəyya təhsilini davam etdirmək üçün İsveçrənin Montryo şəhərinə gedir. Burada o, həm fransız, həm də ingilis dilini öyrənir. Üst-üstə isə o, fars, alman, ingilis və fransız dillərini mükəmməl səviyyədə mənimsəyir.

Bəyaz atlı şahzadə…

İranda isə arvadından ayrılmış şaha ailəsi layiqli gəlin axtarmağa başlayır. Sürəyyanın xalası onun şəklini götürüb saraya gedir. Şah Sürəyyanın şəklini görən kimi onunla görüşmək istədiyini bildirir. Belə olan halda onun bacısı Şəms Pəhləvi işə başlayır. Qəsdən təşkil olunmuş məclisə Sürəyya da dəvət olunur. Şəms burada onunla yaxından tanış olub fikirlərini öyrənir.

Qısa vaxt ərzində onlar mehribanlaşırlar. Bir gün hələ on altı yaşı yenicə tamam olan Sürəyya ilə Şəms təyyarə ilə Parisə gəzintiyə gedirlər. Paris səyahəti zamanı Şəms ona fikrindəki məsələni açıb bildirir. Həmçinin ona sarayda necə davranmağı, hərəkət etməyi də başa salır. Beləliklə onların mindikləri təyyarə İranda yerə enən kimi saray əhli onları qarşılamağa gəlir.

Elə həmin gecə Sürəyya şah ailəsinin dəvəti ilə onlara şam yeməyinə gedir. Gözəlliyi ilə bütün sarayı lərzəyə gətirən qızcığaz tezliklə xoş münasibət görür. Şahın gəlişi ilə qonaq otağı dərin bir ciddiyyətə və səssizliyə bürünür. Şah Sürəyyanı görən an ona vurulur.

Elə həmin gecə onlar Sürəyyagilə elçi gedirlər. Cütlük tezliklə nişanlanıb toya hazırlaşırlar. Lakin həmin ərəfədə Sürəyya tif xəstəliyinə tutulur. Həkimlərin səyi nəticəsində o, bu xəstəlikdən xilas olur. Bahalı gəlinlik paltarlı, gözqamaşdırıcı daş-qaşlar toy günü Sürəyyanın gözəlliyini daha da parıltılı edir. Nikahdan sonra nağıllar aləminə düşəcəyini fikirləşən Sürəyya qısa zamanda yanıldığının fərqinə varır. Demək olar ki, hər gün qurulan dəbdəbəli saray məclisləri qısa zamanda onu yorur. Üstəlik daima işdə olan, rəsmi toplantılardan başı açılmayan şahın üzünü gecədən-gecəyə görən Sürəyya tezliklə möhtəşəm bildiyi sarayın soyuq divarları arasında darıxmağa başlayır.

Sarayın otaqları sobasız, əşyalar isə köhnə dəbli olduğundan gənc xanım sarayı öz zövqü ilə bəzəmək istəyir. Bunun üçün Parisdən üç memar çağırır. Lakin, şah təmirə çox pul xərclənəcəyini deyib memarları öz ölkəsinə göndərir.

Əslində isə məsələ pulda olmur. Belə ki, şah sarayda təmir aparmağın və yeniləşmənin asan olmadığını bilir. Çünki, şahın evdə olan bacıları da şahzadə statusuna malik olurlar və saraydakı nəzarəti daim diqqət mərkəzində saxlayırlar…

İrandan qaçış…

1951-ci ildə İranda siyasi ictimai məsələlər kəskinləşir. Şah Qacarın nəslindən olan o vaxtkı İranın baş naziri Məhəmməd Müsəddiq ilə Rza şah arasında gərginlik başlayır. Belə olan halda şah Sürəyya ilə birlikdə Bağdada, ordan isə İtaliyaya qaçırlar. Ən çətin anlarında şahın yanında olan Sürəyya ona hər zaman dəstək olur.

Şah artıq taleyi ilə barışıb geriyə qalan həyatını kiçik bir əkin sahəsində işləməklə keçirməyi düşündüyü zaman İrandan sevindirici xəbər gəlir. “Müsəddiq məğlub edildi!”

Müsəddiqin siyasəti özünü doğrultmur. İngilis və ABŞ xüsusi xidmətlərinin səyi ilə hakimiyyətdən 1953-cü ildə uzaqlaşdırılır və bir daha siyasətə qayıtmır. Bundan sonra İran xaricilərlə bağladığı bütün sazişləri təsdiq edir.

Müsəddiq edama məhkum olunur. Rza Pəhləvi onu fərqli düşünsə də, ölkəsindən oğurluq etmədiyi və İranın yüksəlişi üçün çalışdığını əsas gətirərək Müsəddiqi bağışlayır.

İrana qayıdandan sonra Sürəyya kasıb ailələr üçün yardım kompaniyaları təşkil edir, insanlarla sosiallaşmağa başlayır. Heyvanlara və quşlara olan marağı hər kəsə eləcə də şaha məlum olduğundan sarayın bir hissəsində itlər, tutuquşular və müxtəlif heyvanlar saxlamağa başlayır. Onun özünə məxsus qəribəlikləri, qərbli psixologiyası, müasirliyi sarayda dedi-qoduların başlanmasına rəvac verir. Tezliklə onun ətrafında “maskalı” insanlar peyda olur. Sürəyya artıq onların kimliyinin və ona qarşı hansı münasibətdə olduqlarını bildiyindən o da başqa obrazlara girməyə məcbur olub hərəkətlərini ölcüb-biçməyə başlayır.

Rəsmi ziyafətlər, diplomat xanımları ilə görüşlər, vərəmli xəstələr üçün təşkil olunmuş dərnək fəaliyyətləri on yeddi yaşlı biri üçün çox darıxdırıcı olur. Tez-tez etdikləri səfərlərdə gündə ən azı üç dəfə dəyişilən libaslar, ayaqqabılar, çantalar və.s. onu günbəgün yorur.

Lakin bütün bunlara baxmayaraq, o, şaha sədaqət və sevgisindən bir an olsun belə vaz keçmir. Sarayda isə onun yeganə dostu şahın xalası Füruqzəfər xanım olur. Lakin, qısa zaman ərzində onu Sürəyyadan uzaqlaşdırmaq üçün saraydan çıxarıb başqa evə göndərirlər.

Vəliəhd davası və həmişəlik ayrılıq.

Elə həmin ərəfədə şahın ailəsində faciə yaşanır. Onun qardaşı şahzadə Əli Rza təyyarə qəzasında həlak olur. Bununla da Sürəyyanın pis günləri başlanır. Bütün saray əhli və İran xalqı Sürəyyadan vəliəhd doğmağını tələb edərlər. Fransada, Almaniyada aparılan bütün müalicələr səmərəsiz olur. Şah dövlət ilə Sürəyyanın arasında qalır. 1958-ci ildə sarayda açıq-aşkar şaha yeni bir qadın aramağa başlayırlar. Belə olan halda cütlük qısa müddət üçün ayrılıq qərarı verirlər.

Əslində o, şahın ikinci qadınla evlənməsinə dözə bilsə, yenidən sarayda şahzadə kimi yaşamaq şansı olur. Amma Sürəyya bunu qəbul etmir. Bir müddət anasının yanında yaşayan şahzadə tezliklə şahın onun ardınca gələcəyini ümid edir. Lakin, düşündüklərinin tam əksi baş verir. Şah Sürəyyaya dövlətin mənafeyi naminə məlum vəziyyətə boyun əymək məcburiyyətində olduğunu bildirən məktub yazır. Onun İrana dönməyəcəyinə əmin olan şah tez bir zamanda Sürəyyadan boşanmaq haqqında qərarını açıqlayır. 1958-ci il mart ayının 14-də onların rəsmən boşandıqları bütün dünyaya məlum olur.

Boşandıqdan sonra Rza şah zümrüd gözlü şahzadəm adlandırdığı qadına bir neçə ömür yetəcək var-dövlət bağışlayır. Lakin bu sərvətin çox ağır şərtləri olur. Belə ki, Sürəyya bir daha heç kimlə ailə qurmamalı və şahın adına ləkə gətirəcək hərəkət etməməlidir. Şərtləri qəbul etməkdən başqa çarəsi olmayan Sürəyya bir günün içərisində adi insana çevrilir. Artıq küçədə heç kim onu tanımır. Hətta avtomobilini qadağan olunmuş yerdə saxladığı üçün polis tərəfindən danlanıb cərimə edilir. Bütün bunlara baxmayaraq o, həyatını yenidən qurmağa cəhd edir.

Sürgünün başlanğıcı...

Qərb mətbuatı onu artıq sürgündə olan şahzadə kimi qəbul edir. Sürəyya boşandıqdan sonra İtaliyaya üz tutur. Çox sevdiyi aktrisa İnqrid Bergmanın iştirakı ilə çəkilmiş filmə baxan şahzadə özünü aktrisalıqda sınayır. O, Dino de Laurentisin çəkdiyi “Bir qadının əsl siması” filminə çəkilir. Film çox böyük uğur qazanır. Lakin çox qısa zaman ərzində film göstərilən bütün kinoteatrlar filmi nümayiş etdirməkdən imtina etdilər. Gəzən şayiələrə görə isə həmin filmin bütün nümunələri şah tərəfindən satın alınıb kinoteatrlardan yığışdırılır.

İtaliyada olduğu müddətdə mətbuat onu bir an olsun sakit buraxmır. Olmazın şayiələr, sevgi münasibətləri haqqında çıxan dedi-qodular hər tərəfə yayılır. Lakin, yazılanların və deyilənlərin əksinə olaraq Sürəyya hələ də şaha aşiq idi. Və ən önəmli olan isə ona verdiyi sözü yerinə yetirib heç zaman ikinci dəfə ailə qurmur. Lakin, o, artıq şahdan əbədi olaraq ayrıldığının da fərqinə varıb onu unutmağın lazım olduğunu anlayır.

Bir müddət sonra o, çəkildiyi növbəti filmdə aktyor Franko İndoviniyə aşiq oldu. Yeni sevgisi ilə qəlbinin ağrılarını ovudan Sürəyya beş il birlikdə olduğu Frankodan çox faciəli halda ayrılır. Gecə ilə gələn telefon zəngində Frankonun təyyarə qəzasında həyatını itirdiyi bildirilir.

Zümrüd gözlərdə yaş var...

İtaliyadan böyük kədərlə ayrılan Sürəyya Almaniyaya, ordan da Parisə gəlir. Artıq həmişəlik Parisdə qalmağa qərar verən keçmiş şahzadə şahın ona bağışladığı mənzildə yaşamağa başlayır. Əlində istədiyi qədər pulu və sərvəti olan Süəryya qadın xoşbəxtliyinə nail ola bilmir. Nə qatıldığı kübar məclislər, nə yüzlərcə pərəstişkarı, nə bahalı daş-qaşları onun tənhalığını ovundura bilmir. O, günlərlə, həftələrlə evdən çıxmır, alkoqollu içkilərdən istifadə etməyə başlayır. Çox vaxtı onun ara-sıra qatıldığı məclislərdə ağladığını da söyləyənlər tapılır. Tezliklə mətbuat onun tənhalığından xəbərlər düzəldib “zümrüd gözlərdə yaş var” başlıqlı yazıları qəzetlərin ilk səhifələrinə qoyurlar. Sürəyyanın, valideynləri və qardaşı onun bu halına çox üzülsələr də heç nə edə bilmirlər. Anası onun haqqında xatirələrində yazırdı:

“Qızım İrana şahın ailəsinə gəlin gedəndə on altı yaşlı həyat dolu bəxtiyar bir qız idi. Ordan qayıtdıqdan sonra isə o, ciddi və toxunulmaz bir qadına çevrilmişdi”.

1991-ci ildə o, “Tənhalıq sarayı” adlı bioqrafik kitabını yazır. Bundan sonra o, özünü insanlardan tamamilə təcrid edir. Ən yaxın adamları ilə əlaqələrini belə kəsir. Onu ancaq xidmətçiləri narahat edə bilir.

Sürəyyanın növbəti kitabı “Həyatım” adlanır. Bu kitabda o, sarayda yaşadığı xoş və sıxıntılı günləri qələmə alır. O, həmin kitabın son vərəqinə bu sözləri yazır:

“Şahzadə olmağın ən pis tərəfi hər zaman kimlərinsə nəzarətində olmaq idi. Aradan uzun zaman keçsə də, mən indi də evimdə çox narahat gəzib dolaşıram. Günün günorta çağı belə pərdələri çəkmək, qapıları kilidləmək istəyirəm ki, heç kimin məni görmədiyindən əmin olum”.

Şahzadə Sürəyya 2001-ci il oktyabr ayını 25-də xidmətçisi tərəfindən Parisdəki evində ölmüş halda tapılır. Ölümündən səkkiz gün sonra isə onun tək dostu və mirasçısı qardaşı Bijan da həyatını itirir. Şahzadənin və qardaşının öldürülmə xəbərləri bir müddət medianı zəbt etsə də, bunun üçün heç bir sübut olmur. Şahzadənin qoyub getdiyi səksən milyon dollarlıq sərvət isə sahibsiz qalır. //Kulis.az

Xəbər lenti