Logo

“Hamı çox gözəl susur!” - SƏNƏT SÖHBƏTİ (FOTOLAR)

13.08.2022 22:45 119 baxış
IMG

“Yüz il bundan qabaq türk aydınları Fransada bunu gördülər və qayıdıb Osmanlı kültürünə sahib çıxdılar. Bizim aydınlarımız - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli və s. da bunun fərqinə vardılar və milli kimliyimizi qorumaq uğrunda mübarizə apardılar. Bu gün isə məlum olur ki, qələm adamlarımız, fikir adamlarımız kütləvi fikrin, çoxluğun diktəsi ilə yaşayırlar və onları forma, bəzəklə aldatmaq asandır”.

Bu gün ədəbiyyatda kitab çapı, satışı, yeni əsərlər, tərcümə, tənqid, təbliğlə bağlı bir sıra problemlər var. Bu problemlərin çıxış yolu var, əlbət. Amma cəhd edən varmı? Bilmirəm.

"Kaspi" qəzetinin əməkdaşı bu problemlərlə bağlı şair, esseist Ramil Əhmədlə söhbətləşib.

Ədəbiyyatla məşğul olmaq fədakarlıqdır

Ramil Əhməd deyir ki, nəşriyyat sisteminin qurulmaması, tərcümə, qonorar probleminin həll olunmaması bu gün Azərbaycan ədəbiyyatçısına ciddi problemlər yaradır: “Təəssüf ki, bu gün “bu adam yazıçıdır, şairdir” deyəcək nümunəmiz yoxdur. Biz ancaq “bu adam həm də şairdir, həm də yazıçıdır” deyə bilərik. Ədəbiyyat adamlarının çoxu özəl və ya dövlət sektorunda, mətbuat sahəsində çalışırlar. Ona görə də yaxşı mətnlər yaratmaq çətindir. İndiki zamanda ədəbiyyatla məşğul olmaq, doğrudan da, böyük fədakarlıq tələb edir. Eyni şey elm sahəsində də var. İnsanlar, sadəcə alim ola bilmir. Kimisi repititorluq edir, kimisi dərs vəsaiti yazır. Bütün bunlar bizə mənfi təsir edir. İddia etmirəm ki, dünyanın başqa yerində hər şey asandır. Amma həm də bilirəm ki, bu proseslər bizdəki qədər çətin deyil. Halbuki nəşriyyat sistemi, tərcümə mexanizmləri, təhsil sistemi normal işləsə, hər şey rahat olar. Deyim ki, bütün bunları yerinə yetirmək üçün qurumlar, institutlar da var, amma nə sirdirsə, onlar funksional deyil. Və bunun çətinliyini elm, incəsənət adamları, yazıçılar, şairlər çəkir. Xüsusən də, gənclərə daha çox təsir edir. Və qəribə bir şey var,  gənc yaşda insan bu çətinlikləri rahatlıqla dəf edir. Bəlkə də, onun ailə vəziyyəti, gəncliyinin çılğın hisləri, romantik enerjisi buna imkan verir. Amma bəlli bir yaşdan sonra insanın məsuliyyəti artır, fiziki imkanları dəyişir. Fiziki olaraq da, bioloji olaraq da insan daha əvvəlki enerjidə, tempdə işləyə, bunun ağırlığını qaldıra bilmir”.

Pozulan ölçü və meyarlar

“Qəribədir ki, bu gün hamı şikayətçidir” deyir Ramil: “Hamı başqalarında günah axtarır. Amma heç kim özünə baxmaq istəmir. Mən qəribə bir şey hiss edirəm ki, ölçü və meyar elə bil, itib. Bir də görürsən ki, tərcümeyi-halında “mədəniyyət” sözü olmayan bir adam mədəniyyətlə məşğul olmağa başlayır. Hər şey bundan  başlayır. Həqiqi mədəniyyət adamları özlərini ona tanıtmaq, mədəniyyətin, teatrın, kitabın nə olduğunu izah etmək məcburiyyətində qalır. Ölçü, meyar pozulur. Və bu ölçü və meyarların yerində olmaması bütün cəmiyyətə sirayət edir”.

Oxucuya yetişə bilmirik

Ramilin fikrincə, oxucu var, sadəcə ona çata bilmirik: “Yazı-pozu adamları da bir yerə qədər bunu aparır. Bir yerdən sonra bunu etmək istəmir və ya edə bilmir. Düşünürəm ki, bu gün Azərbaycanın ədəbiyyatçı, yazıçı kimi bir problemi yoxdur. Problemlər texniki, sənaye tərəfdədir. Biz də bunu bacaracaq insanlar deyilik. Onda gərək kitab yazmayaq, oturaq bu işlə məşğul olaq. İstəyimiz, arzumuz bu deyil. Bu işdə hamı qazanır. Qazanın dibində kiçik bir pay qalırsa, tərcüməçiyə, yazıçıya, redaktora və s. paylanır. Sonra da deyirik ki, Azərbaycanda yaxşı yazıçı, tərcüməçi, redaktor yoxdur. Axı bu şərtlər altında işləyən adam necə keyfiyyətli bir məhsul ortaya qoya bilər? Məsələn, tərcüməçi bir kitabı 6 aya, 1 ilə tərcümə edir. Amma aldığı qonorarla dolana bilmir. Məcbur olur həmin müddət ərzində daha çox iş götürsün. Təbii ki, tərcüməçi nə qədər peşəkar olsa da, fiziki olaraq o işə ürəyini tam qoya bilmir. Bu, mümkün deyil”.

Nəşriyyat müəllifi formalaşdırmalıdır

“Naşir bir yazıçı, şairi özü formalaşdıra bilmir” deyir Ramil: “Gözləyir ki, oxucu kütləsini toplasın, onun vasitəsilə alıcını yığsın. Naşirin işi nədən ibarət olur? Təkcə çap etməkdən? O zaman o nəşriyyat olmur, mətbəə olur. Nəşriyyatın ciddiliyi onun çox satmağında deyil, hansı kitabı necə təqdim etməyindədir. Eyni proses televiziyada da baş verir. TV jurnalisti özü  kimisə üzə çıxartmır. Artıq tanınmış adamı verilişinə çağırır, onun vasitəsilə izləyici yığır. Əslində isə əksinə olmalıdır. Nəşriyyat müəllifi formalaşdırmalıdır, jurnalist kimdəsə o işığı görməlidir, efirə onu dəvət edib, tanıtmalıdır. Kitab dükanında yeni kitab küncə, gözdən iraq bir yerə qoyulur. Əgər kitab mağazası yeni çıxmış kitabı oxucuya düzgün təqdim edə bilmirsə, onda nəyə lazımdır? Bu da axı onun işidir. Bunu da müəllif fikirləşəcəksə, onun işi nədən ibarətdir? Naşirin işi nədir? Çap etdiyi kitabın kitab dükanlarına yayımını təmin etmək, mətbuatda işıqlandırmaq, kitabın yol xəritəsini müəyyənləşdirmək. Bizdə bütün bunları müəlliflər edir. Yazar onsuz da, bayaq dediyim kimi “həm də yazardır”, indi bir də həm naşir, həm menecer olmağa məcbur qalır.

Ölüb gedəcəyik, bizdən sonra heç nə qalmayacaq

Ramil başqa mətləblərə də toxundu. Deyir ki, bu gün bizə elə gəlir ki, sanki Azərbaycanda Bakıdan başqa şəhər yoxdur: “Hər şey – kitablar da, qəzet köşkləri də, tamaşalar da Bakıya hesablanır. Mənə elə gəlir, regionlarda böyük bir potensial var, amma mexanizm düzgün qurulmadığına görə biz həmin oxucuya yetişə bilmirik. Bir ildən çoxdur ki, regionda işləyirəm. Və regionda insanlar onun acıdır ki, orda da kitab dükanları açılsın, kitab təqdimatları keçirilsin. Yüz-iki yüz minlik əhalisi olan rayonlarda, heç olmasa bir dənə kitab mağazasının, kinoteatrın, bookcafenin yoxluğu boşluğun olduğunu göstərir. Və biz kitabımızı çap edib, sadəcə Bakı sərhədləri ilə kifayətlənirik. Hətta Bakının özü də daha geniş anlayışdır. Bakının özünü də, sadəcə mərkəzlə məhdudlaşdırmışıq. Bu sərhəddən kənara çıxa bilmirik. Sistem qurmaq hansısa xəyali bir şey deyil. Bunu sadə yolla  etmək olar. Problem odur ki, qeyri-peşəkarlar olduqları sahədə söz sahibinə çevrilə bilir. Bu, cəmiyyətdə pis bir tendensiya yaradır. İnsanlar görür ki, kitab oxumayan, teatra getməyən, intellekti olmayan,  bəlli bir yerə gəlib çıxan insanların sayı daha çoxdur, nəinki mədəniyyətlə məşğul olan, mütaliəli adamlar. Yəni o cür adamlar daha çox uğur qazanır. Bu, dünyada da gedən bir prosesdir. Bizə örnək göstərilən adamlar İlon Maskdır, Bill Geytsdi. Nəyinə görə? Çoxlu pul qazandıqlarına görə. Artıq elə bir reallığa gəlib çatmışıq ki, daha çox kapitalı olan insan nümunəvi insandır. Amma müəyyən uğura çatmış insanlar  kitab yazmaq həvəsinə düşürlər. Qəribə bir şeydir ki, hamı özünü sənətlə ifadə etmək istəyir. Çünki həmin insanlar maddi zənginliyə çatandan sonra boşluğa düşürlər, başa düşürlər ki, həyat fanidir, ölüb gedəcəyik və bizdən sonra heç nə qalmayacaq. Qalacaq tək şey sənətdir. Ona görə də özünü sənətdə görmək istəyir. Pul verib kitabını nəşr edir, hətta nə qədər  absurd səslənsə də, pul verib öz adına əsər yazdırır. Dediyim kimi, bizdə ölçü və meyarlar itib. Ölçüsüz, meyarsız bir yerdə ölçü və meyarı sağlam olan adamlar özünə yer tapa bilmir”.

Qeyri-ciddi adam qəzetə də yazsa qeyri ciddi olacaq

Ramil deyir ki, dünya dəyişir, dəyişdikcə də, özünü ifadə edəcək vasitələr dəyişir: “Sən buna uyğunlaşmasan sonrakı nəsillərlə aranda uçurum yaranacaq. Amma bir qorxulu məqam da var ki,  bu platformalar özüylə bir forma gətirir və sən məcbursan ki, həmin formaya uyğun özünü ifadə edəsən. “Tik-tok”da da maraqlı, ölçülü, meyarlı videolar çoxdur. Qeyri-ciddi adam qəzetə də yazsa, qeyri-ciddi olacaq, “Tik-tok”da da olsa. Ciddi və səviyyəsi olan adam bütün platfortmalarda  özüdür, mahiyyəti anlayır. Amma burda bir məqam da var ki, sosial şəbəkələrdə böyük çoxluq özündən daha çox olmaq istədiyini təqlid edir. Hamı bir başqasına çevirilib, insan ən birinci öz həqiqi kimliyinə özgələşib, yad olub. Hətta görünüşlərinə də filtrlərlə elə dəyişiklik edirlər ki, həyatda o adamı tanımırsan. İndi təsəvvür edin ki, danışdıqları, fikirləri nə qədər özü deyil”.

... tərifləyirsə, bu, artıq ciddi problemdir

“Ədəbiyyatşünaslıq elə bir sahədir ki, ciddi kadrların yetişməsi üçün zaman lazımdır” deyir şair: “Hesab edirəm ki, bizdə kifayət qədər ciddi ədəbiyyatşünas var. Tənqidçilərə söz gəlincə, onlar da gözləyir ki, normal qonorar verilsin, o da zaman ayırsın yazsın. Biz müəlliflər də eqoist olmamalıyıq. Deməmiliyik ki, mən yazmışam, bunun da işi ədəbiyyat tənqididir, otursun, yazsın. Yəni bunu tənqidçinin boynuna yük kimi qoymaq düzgün deyil. Amma bunun başqa tərəfi də var. Əgər tənqidçi özü də bilirsə ki, əsərin dəyəri yazdığı kimi deyil, amma nəyinsə müqabilində bunu yazır, tərifləyir, bu, artıq ciddi problemdir. Amma bizim mühit elə kiçikdir ki, kimin nəyi niyə yazdığını, xarakterini, səviyyəsini çox yaxşı bilir. Və hamı çox gözəl susur!”

Ünsiyyət vasitələri çox, ünsiyyət yoxdur.

Ramil insanların daha çox tənha olduğunu hiss edir və deyir ki, bu tənhalıq insanın həyatında başqa bir adamın olub-olmamasından asılı deyil: “Onu dinləyib-anlayacaq adamların az olmasından tənhalaşır. Bu ruhsal tənhalıqdır. Çox qəribə şeydir ki, çoxlu adamların içində tənhalıq daha da dərinləşir. “Abşeron yarımadamı” kitabımda vurğulanan məna yaşadığımız çağda insanın tənhalığı və ünsiyyətsizliyidir. Bu gün ünsiyyət üçün sosial şəbəkələr var, amma ünsiyyətin özü yoxdur. Mənə elə gəlir, biz dəyərlərimizi yaxşı mənimsəməmişik. Özümüzü başqalarıyla müqayisə edirik. Məsələn, deyirik, Bakı monoton şəhərdir, ruhsuzdur və s. Halbuki yaradıcı adam üçün rəngsizliyin, ruhsuzluğun özü də yaradıcılığa çevrilməlidir və mən düşünmürəm ki, Bakı rəngsiz şəhərdir. Abşeron həm ədəbiyyat, həm rəssamlıqda böyük mövzudur. Axı bu şəhərdə sevir, darıxırıq, insanı, insanlığı burada tanıyırıq. Bu duyğuları bu coğrafiyada yaşayırıq. Az əvvəl yadlaşma, özgələşmədən danışdıq. Həmin fikrin davamı kimi deyim ki, çağımızın ən ciddi məsələlərindən biri kimlik krizidir. Üstəlik, buna Şərq-Qərb konteksində baxanda önümüzdə başqa bir mənzərə açılır. Məncə, Qərb istəyir ki, bizim milli rənglərimiz solsun və hamı bomboz qloballaşma deyilən şeyin içində əriyib getsin. Qərbin birrəngli modelindən deyil, Şərqin çoxrəngliliyi, çoxsəsliliyindən yanayam. Əslində, kütlə Qərbə yox, Qərbin bizə özünü təqdim etdiyi və həqiqəti əks etdirməyən Qərb modelinə aşiqdir. Bu gün idellaşdırdığımız Qərb illuziyadır. Yüz il bundan qabaq türk aydınları Fransada bunu gördülər və qayıdıb Osmanlı kültürünə sahib çıxdılar. Bizim aydınlarımız - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli və s. da bunun fərqinə vardılar və milli kimliyimizi qorumaq uğrunda mübarizə apardılar. Bu gün isə məlum olur ki, qələm adamlarımız, fikir adamlarımız kütləvi fikrin, çoxluğun diktəsi ilə yaşayırlar və onları forma, bəzəklə aldatmaq asandır, Dərk edənlərimizin səsini eşidən, eşitmək istəyən yoxdur...”.

Xəbər lenti