Kulis.az Anton Çexovun iki qısa hekayəsini təqdim edir.
Bir qızın gündəliyindən 13 oktyabr. Axır ki, bizim də küçəmizdə bayramdır! Baxıram və gözlərimə inana bilmirəm. Pəncərəmin qarşısında hüdürboylu, yaraşıqlı, qarasaç, qaragöz bir oğlan var-gəl edir. Bığlarına söz ola bilməz! O, artıq beşinci gündür ki, sübh tezdən ta gecə yarısınacan gözlərini pəncərəmizdən çəkmir. Özümü elə göstərirəm ki, guya buna diqqət yetirmirəm.
15 oktyabr. Bu gün səhər saatlarından şiddətli yağış yağır, o yazıq isə elə hey küçədə gəzib dolaşır. Mükafat olaraq ona göz vurub hava öpüşü göndərdim. O, cazibədar təbəssümü ilə mənə cavab verdi. Sual məni tərk etmir: axı, bu gənc kimdi, görəsən? Varya bacı deyir ki, bu oğlan guya ona vurulub və elə bu səbəbdən sevgisi naminə yağışda islanmağı qarşısına məqsəd qoyub. Vallah, Varya hələ də uşaq kimidi. Heç qaraşın da qaraşını sevə bilərmi? Anamız buyurdu ki, üst-başımızı səliqə-sahmana salıb pəncərənin qabağında əyləşək: “Nə bilmək olar? Bəlkə də, o, yaramazın birisidi, ya da alicənab centilmendir”. Bu ki, ağılsız mühakimədir, anacan!
16 oktyabr. Varya deyir ki, mən onun həyatını zəhrimara döndərmişəm. Axı, nə edim? Bəyəm günahkaram ki, bu oğlan Varyanı deyil, məni sevir? İşə bax da, özüm də bilmədən ona yazdığım məktubu səhvən səkinin üstünə saldım. Ay yalançı! Tabaşirlə ovcunun içində dərhal cavab yazdı: “Sonra”. Daha sonra bir xeyli dolaşaraq darvazada bu sözləri yazdı: “Mən razı, amma sonra”. Dərhal da tabaşirlə yazdıqlarını pozdu. Ay Allah, ürəyim nədən belə çırpınır?
17 oktyabr. Varya dirsəyi ilə sinəmə möhkəm bir zərbə vurdu. Nanəcib, yaramaz, paxıl adam! Bu gün cavan oğlan polis rəisinin qarşısını kəsib bizim pəncərələrimizi göstərərək onunla nə barədəsə danışdı. Yəqin ki, araya fitnə-fəsad salmaq niyyətindədir! Elə bu səbəbdən də polis rəisini ələ almağa çalışır. Eh, kişilər, kişilər, siz istibdadçı və zülmkar olduğunuz qədər həm də hiyləgər və gözəlsiniz!
18 oktyabr. Uzun müddətlik fasilədən sonra qardaşım Seryoja bu gün gecə evə gəldi. Yazıq heç yatağına girməyə macal tapmadı. Küçədən onu aşağıya düşməyi tələb etdilər.
19 oktyabr. Rəzil, iyrənc adam! Sən demə, bütün bu on iki gün müddətində o, kiminsə pullarını çırpışdırıb aradan çıxan qardaşım Seryojanın qayıtmasını gözləyirmiş. Bu gün isə o, darvazada bunları yazdı: “Mən daha sərbəstəm, istədiyini etməyə hazıram”. Əclaf... Cavab olaraq ona dilimi göstərdim.
İmtahan
Bir gün böyük oğul atasının yanına gəlib bəyan etdi ki, onun qəyyumluğundan çıxıb həyatını müstəqil qurmaq istəyir. Qərarını isə o, bir neçə müddət öncə 21 yaşının tamam olması ilə əsaslandırdı.
– Lap yaxşı, oğul! – bayaqdan oğlunu dinləyən ata söylədi. – Mən razıyam, amma müstəqil həyata başlayana qədər sən gərək kiçik bir imtahandan keçəsən. Əyləş, mən elə indi səni imtahandan keçirərəm...
Oğul əyləşdi. Ata qaşqabağını tökərək sorğu-suala başladı:
– Kolbasanı yeyəndən sonra ağızdan gələn qoxu nəyi xatırladır?
– Kolbasa dükanını.
– Doğrudur, oğlum. Qadınlar nəyi sabunsuz yuyurlar?
– Ərlərinin başını.
– Səncə, adamlar kəllə-mayallaq gəzsələr nə baş verə bilər?
– Belədə Pironye papaq, Poşa isə çəkmə tikər...
– Tamamilə doğrudur. Nə səbəbdən dənizin suyu şordur?
– Ona görə ki, orada siyənək balıqları üzür...
– Bu ki, çox köhnəlmiş cavabdır! Bəs özün necə düşünürsən?
– Dənizin suyu ona görə şordur ki, orada... orada... hərdən məzhəkəçilər də çimirlər.
– Hm... Razıyam... Əvvəllər soruşardılar: qazlar üzməyə haradan başlayırlar? Bizsə cavab verərdik: sahildən... İndi mənim belə bir sualıma cavab ver: qanadlı qazlar üzərkən nədən təşviş keçirirlər?
– Borclardan, hərbi xidmətə çağırışdan...
– Niyə görə eynəyi peysərdən taxmırlar?
– Ona görə ki, peysərə çəkilən şapalaqdan eynək qırıla bilər.
– Bəs nəyə görə insana donuz demək olmaz?
– Ona görə ki, o, sülhə dartıb aparacaq.
– Hansı alacaqanad universitetdə kurs bitirib?
– Doktor Alacaqanad.
– Kimi gəbərmiş məxluq adlandırmaq olar?
– Qüllədən düşən adamı.
– Haradan borca pul götürmək olar?..
Oğul başını yuxarı qaldırıb fikrə getdi.
– Hə, oğlum, bilmirsən? Deməli, sən müstəqil həyat yaşamağa hələ yararlı deyilsən. Gəl bir ay da mənim qəyyumluğumda qal. Bir aydan sonra səni yenidən imtahandan keçirəcəyəm.