Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər. Azərbaycanlı həmkarı ilə görüşdə Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib və şəhidlərlə bağlı başsağlığı verib.
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 9-da Türkiyədə işgüzar səfərdə olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər.
Daha sonra Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.
Fələstin Dövlətinin Baş nazirindən minnətdarlıq
Prezident İlham Əliyev isə Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib. Nazir Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Mohammed Ştayyeh Azərbaycanın Fələstinə göstərdiyi həmrəyliyə, verdiyi dəstəyə və humanitar yardımlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Baş nazir İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyi vurğulayıb. Mohammed Ştayyeh Azərbaycanın Fələstində səfirliyinin açılması ilə əlaqədar məsələ qaldırıb.
Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycan xalqının Fələstin xalqı ilə həmrəy olduğunu qeyd edib. O, iki ölkə arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı fələstinli tələbələrin ölkəmizdə təhsil almasına toxunaraq, onlara dövlət tərəfindən ayrılan qrantları vurğulayıb və Azərbaycanın bu qrantları artırmağa hazır olduğunu bildirib.
Şimali Kipr Türk Respublikasının Prezidenti ilə görüş
Prezident İlham Əliyev həmçinin səfəri çərçivəsində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib. Görüşdə türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.
Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.
Ərdoğanla postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi
Onu da qeyd edək ki, avqustun 9-da Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da görüş olub. Görüşdə Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyəli həmkarına təşəkkürünü bildirib.
Türkiyənin dövlət başçısı da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb. Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib və şəhidlərlə bağlı başsağlığı verib.
Dövlətimizin başçısı dəstəyə və başsağlığına görə təşəkkür edib.
Görüşdə həmçinin bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Daha sonra Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və digər rəsmi şəxsləri qarşılayıb. Qonaqlar qarşısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu qardaşlıq süfrəsində birlikdə olmaqdan böyük məmnunluq hissi duyduğunu deyib: “İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.
V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi
Bunun ardınca qonaqların iştirakı ilə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində “Türk Yıldızları” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb.
Daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Bu möhtəşəm tədbirin tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışlayıblar.
Türkiyənin dövlət bayrağının qaldırılmasından sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı baş tutub. Azərbaycan atletləri meydana dördüncü daxil olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışlayıblar. Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova daşıyıblar.
İslamiadada 281 idmançı ilə təmsil olunuruq
Qeyd edək ki, Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.
Xatırladaq ki, Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri avqustun 10-da başa çatıb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər yola salıblar.
Bəxtiyar MƏMMƏDLİ