“Ailəm və uşaqlarım olduğu üçün əməkhaqqı mənim üçün çox vacib idi”.
Bu sözləri yaşadığı problemlərdən dolayı Tehsil.biz-ə danışan Tarix müəllimi olan Məmmədov Vasif Davaxan oğlu deyib.
Vasif müəllim bildirir ki, o, bu ilin Müəllimlərin işə qəbulu (MİQ) imtahanında tarix fənni üzrə 54 bal toplayaraq Lerik rayonunun Kəlvəz kənd orta məktəbini 18 saat H2 olmaqla qazanıb. Ancaq qeydiyyat üçün Lerik Rayon Təhsil Şöbəsinə (RTŞ) gedəndə orada kadrlar şöbəsindən deyilib ki, biz texniki səhf etmişik və 6 saat vakant yeri çıxarmalıydıqsa, 18 saat çıxarmışıq.
Vasif Məmmədovun Tehsil.biz-ə verdiyi açıqlamaya görə o, həmin yerdən imtina edərək birbaşa İnsan Resursları Mərkəzinə üz tutub:
“Buna görə həmin yerdən imtina etdim və birbaşa İnsan Resursları Mərkəzinə getdim. Onlar isə hələ ki, əllərindən bir şey gəlmədiklərini dedilər. Mən də lazımi dövlət strukturlarına yazılı formada müraciət etdim. Artıq vaxt gedirdi deyə 2-ci turdan da əlim çıxmışdı. Hansı ki öz yaşadığım məktəbin tarix yeri də əlimdən çıxmışdı”.
Problemini həll etməyə çalışan tarix müəlliminin sözlərinə görə, ünvanlanan şikayət məktublarının müsbət təsiri olub, lakin Təhsil nazirliyi ona bir neçə yer təqdim etsə də...
“Təhsil nazirliyi mənə bir neçə yer təqdim etsə də, saatları aşağı olduğundan imtina etməli oldum. Onlar da məni 3-cü tura bərpa etdilər və dedilər ki, əgər qazanmasan, biz sənə bacardığımız qədər yer tapacağıq. 3-cü turda Astara şəhər 2 saylı orta məktəbinin sosial məzuniyyət yerini (məzuniyyətə çıxmış bir kəsin yerini müvəqqəti) 26 saat olduğu üçün yazdım və qazandım. Qeyd edim ki, ailəm və uşaqlarım olduğu üçün əməkhaqqı mənim üçün çox vacib idi”.
Daha sonra yenidən Təhsil nazirliyinə müraciət edərək –“mənim axırım necə olacaq?! Çünki mən sizin səhviniz ucbatından əziyyət çəkmişəm və hazırda yerində çalışdığım şəxs qayıdan zaman mən məktəbdən kənarda qalacağam” deyən Vasif Məmmədov sualına cavab tapa bilmədiyini söyləyib.
QEYD: Qarşı tərəflərin də fikirlərini dinləməyə hazırıq!