Logo

Genetik Ehtiyatlar İnstitutunda tanınmış azərbaycanlı alimlə görüş keçirilib

16.08.2022 18:47 297 baxış
IMG

Genetik Ehtiyatlar İnstitutunda (GEİ) bioinformatika və kompüter genomikası sahəsində tanınmış alim, ABŞ-ın Birləşmiş Genom İnstitutunun aparıcı elmi işçisi, GEİ-nin Beynəlxalq kompüter genomikası laboratoriyasının müdiri professor Asəf Salamovla görüş keçirilib.

Bu barədə institutdan məlumat verilib.

Görüşdə GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov professor Asəf Salamovun elmi rəhbərliyi ilə Genetik Ehtiyatlar İnstitutunda fəaliyyət göstərən Beynəlxalq kompüter genomikası laboratoriyasında aparılan tədqiqat və kadr hazırlığı üzrə işləri, eləcə də nar genomu üzrə tədqiqatlarda əldə edilən elmi nəticələri yüksək qiymətləndirib. Zeynal Əkpərov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə institut Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirilib, elm və təhsilin inteqrasiyası, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin fundamental və tətbiqi tədqiqatların daha da genişləndirilməsi üçün yeni imkanlar açılıb. Yeni yaranan imkanlardan istifadə etməklə GEİ-də aparılan tədqiqatlar dərinləşdiriləcək, müasir dünya elminə sıx inteqrasiya olunmaq üçün fəaliyyətlər gücləndiriləcək, yüksəkixtisaslı kadr hazırlığına daha çox diqqət ayrılacaq, eləcə də alimlərin dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında elmi əsər dərc etdirmələrinə dəstək göstəriləcək.

GEİ-də aparılan elmi tədqiqat işlərini, nar və eqilops genomlarının oxunması üzrə əldə edilmiş elmi nəticələri yüksək dəyərləndirən Asəf Salamov gələcəkdə biologiya elminin yeni sahələri – metagenomika, tək hüceyrə sekvensi, data elmi və s. istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Beynəlxalq kompüter genomikası laboratoriyasında aparılan elmi tədqiqat işləri və gələcək elmi istiqamətlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə GEİ-nin icraçı direktoru, Molekulyar genetika və genomika şöbəsinin müdiri Mehrac Abbasov, İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov, Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi Vaqif Əmikişiyev və laboratoriyanın digər əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, professor Asəf Salamov beynəlxalq miqyasda tanınan və elmi məqalələrinə ən çox istinad olunan dünyanın ən məşhur alimlərindən biridir. Onun elmi əsərlərinə 56000-dən çox istinad edilib və hirş indeksi 86-dır. Alimin çoxlu sayda məqaləsi dünyanın yüksək impakt faktorlu jurnallarında, həmçinin tanınmış “Nature” və “Science” nəşrlərində dərc olunub.

Xəbər lenti