1-12 avqustda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bitki mühafizəsi kafedrasının əməkdaşları - dosent əvəzi Lamiyə Quliyeva və Turanə Məmmədova Türkiyənin Ege Universitetində elmi fəaliyyətləri ilə bağlı ezamiyyədə olublar.
Tehsil.biz xəbər verir ki, universitet əməkdaşlarını qarşılayan Kənd Təsərrüfatı fakültəsinin dekanı Prof. Dr. Banu Yücel və fakültə əməkdaşları əvvəlcə qonaqları fakültənin tərkibinə daxil olan kafedralarla tanış edib, sonra onları elmlər doktorluğu proqramı çərçivəsində elmi məsləhətçiləri olan Prof. Dr. İsmayıl Türkan və Prof. Dr. Hatice Özaktanın rəhbərliyi altında laborator analizlər aparmaq üçün təhkim olunduqları bölmələrə yönləndiriliblər.
Avqustun 3-də isə Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak ADAU əməkdaşlarını qəbul edib və universitetin bütün imkanlarından yararlana bilmələri üçün fakültə dekanına göstərişlər verib. 5 avqustda beynəlxalq ikili diplom proqramı (ADAU-EU) çərçivəsində Türkiyənin Ege Universitetindən ezam olunacaq professor-müəllim heyəti ilə tanışlıq üçün universitetin rektorluq binasında iclas təşkil olunub. İclasda 2022-2023-cü tədris ilinin payız semestrində tədris olunacaq dərslərin keyfiyyəti, hədəflər, qarşılıqlı əməkdaşlıq haqqında məsələlər müzakirə edilib.
Həmçinin, 9 avqustda ADAU əməkdaşları Ege Universiteti Mərkəzi Araşdırma Test və Analiz Laboratoriya Uygulama və Araşdırma Mərkəzində olub, mərkəzin rəhbəri Prof. Dr. Suna Timurun rəhbərliyi altında elmi araşdırma laboratoriyalarında gedən işlər, elektron mikroskopunda bəzi nümunələrin təyini ilə tanış olublar.
11 avqustda isə ADAU-EGE ikili diplom proqramı katibi Lamiyə Quliyeva və Ege Universitetinin Karyera planlama mərkəzinin direktoru Ebru Kalyoncu proqramı çərçivəsində təhsil alan tələbələrin təcrübə proqramları ilə bağlı məsələləri müzakirə etmək üçün bir araya gəliblər.