Şahanə MÜŞFİQ
İnternetdə bir araşdırma əsnasında Türkiyə kinosunun bilinən ən təsirli eşq filmlərindən biri "Selvi boylum, al yazmalım" filmi ilə bağlı tamaşaçı fikirlərinə rast gəldim. Bir xanım izləyici yazmışdı: "Əsl sevən Cəmşid idi. Biz bunu heç zaman anlamadıq..."
Yadıma son zamanlar etdiyim müşahidələr düşdü. O qədər qadından eşitmişəm ki, zamanında onunçün fədakarlıqlar edən, əmək sərf edən, sevgisini, diqqətini əsirgəməyən birini yox, yaraşığına, gözəl, romantik sözlərinə, maddi imkanına uyub, ya da elə qəlbindəki eşqini dinləyib layiq olmayan birini seçdiyi üçün sonralar çox peşmanlıqlar yaşadığını. Bu mənada bütün dövrlər üçün ən gözəl nümunəmiz Asyadır, bəlkə də.
Böyük qırğız yazıçısı Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim" əsərinin motivləri əsasında çəkilmiş və bu günə kimi orijinallığını, aktuallığını qoruyan filmin əsas mövzusunun eşq olduğunu düşünür hər kəs. Lakin əsərin də, filmin də ən ümdə mövzusu sevgidir. Eşqlə sevgi birdirmi? Əsla! Eşq ömürdə bir dəfə olan ən güclü bağlılıqdır. Sevgi isə bütün yanlarıyla sənə uyğun olan, qəlbini hüzura qovuşdurandır. Eşq anlıqdır, sevgi isə ömürlük. Eşq çılğıncadır, sevgi isə səbrli, təmkinli. Eşq qığılcımdır, sevgi isə onun həyata tutunan halı. Eşq yaşamağa yox, yaşanmağa meyillidir. Sevgi isə yaşamaq üçün hər cür fədakarlıq edir, əmək sərf edir. Asyanın İlyasa qarşı duyduğu hisslər eşq idi. Amma Asya Cəmşidi sevdi. Onun səbrini, bəxş etdiyi güvəni, hüzuru, sərf etdiyi əməyi sevdi və İlyasa duyduğu eşqin çılğınlığını yox, Cəmşid sevgisinin hüzurunu seçdi.
Əminəm ki, bu əsərlə tanış olan çoxları Asyanın İlyasla getməyini arzulamışdı. Hətta ekran əsərinin ssenaristi Əli Özgəntürk 2018-ci ildə çap etdirdiyi "Gizli dəftərlərim" adlı kitabında yazır ki, baş rol ifaçısı Türkan Şoray filmin sonunda Asyanın İlyasa dönməsi üçün israr edib, izləyicinin xoşbəxt sonluq istəyəcəyini səbəb kimi göstərib. Hətta rejissor Atıf Yılmaz da Şorayın bu təklifini dəstəkləyirmiş. Ssenarist isə həm kitabın orijinalında, həm də ssenaridə Asyanın Cəmşidi seçdiyini deyərək ssenarinin dəyişdirilməsinə etiraz kimi çəkiliş meydançasını tərk edir. Sonradan Türkan Şorayın o dövrdəki sevgilisi Ruçhan Adlı mövzuya müdaxilə edir və aktrisanı ssenariyə sadiq qalması üçün razı salır.
Nə yalan deyim, mən də əvvəllər Asyanın İlyasla getməyini çox istəmişdim. Amma zaman keçdikcə anladım ki, sevmək kamazın arxasına yazı yazmaq deyil. Sevmək sahiblənməkdi, güvəndə hiss etdirməkdi. Yəni ki, sevgi əməkdir və Cəmşidin haqqıdır. Əksini seçənlər həmişə üzülər bu həyatda...
Necə demişdi dahi Füzuli? "Sevgidir gözəl olan, çünki sevildiyindən heç zaman əmin olmazsan..."
Filmin ən yaddaqalan replikalarından "Sevgi nəydi? Sevgi yaxşılıqdı, dostluqdu, sevgi əməkdi" sözləri Çingiz Aytmatovun kitabında yoxdur. Yazıçı sanki Asyanın İlyası yox, Cəmşidi seçməsinin səbəbini oxucunun öhdəsinə buraxır, oxucunun hadisələri analiz edib, bir qənaətə gəlməsini istəyir. Ssenarist Əli Özgəntürk isə kitabında həyat yoldaşı İşıl Özgəntürk işlədiyi üçün balaca qızına özünün baxdığını və ona baxarkən də bu replikaları yazdığını deyir. Demək ki, bu da həyatın içindən gələn, ən səmimi, ən doğruçu hisslərdir. Ona görə də bu qədər həqiqi, bu qədər yaddaqalandır.
Bəs siz? Siz heç özünüzə sual verdinizmi: sevgi nədir?
İlyas eşqinə qapılmadan Cəmşid sevgisinin qiymətini bilməyimiz, sevməyimiz və sevdiyimiz tərəfindən sevilməyimiz diləyiylə...