Peşə təhsili almaq istəyənlər bir ildə 48 faiz artdı
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na görə, növbəti 4 il ərzində peşə təhsili müəssisələrinə qəbul olunanların sayı 17140 tələbəyə çatdırılacaq. Bu o deməkdir ki, sənədin əhatə etdiyi dövr ərzində peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı 11000 nəfər, yəni 50 faiz artacaq. Özü də, sadəcə ilkin peşə təhsili alanların yox, həm də yüksək texniki peşə təhsili ilə əhatə edilənlərin sayında artım gözlənilir. Peşə təhsilinin 4 il sonra çatacağı “mənzil başı”na gedən yolun daşları isə çoxdan düzülür. Görülən işlərin nəticəsi olaraq peşələrə meylin sürətlə artdığının şahidi oluruq. Artımın peşə təhsili müəssisələrinə tələbə qəbulundakı əksinə baxaq.
Tələbə qəbulu - 2022
2022-ci il tələbə qəbulu prosesində ilk mərhələ avqustun 12-də yekunlaşıb. 12 gün ərzində www.portal.edu.az platforması vasitəsilə 22016 nəfər qeydiyyatdan keçib. Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunu özündə birləşdirən I mərhələnin nəticələri yaxın günlərdə açıqlanacaq. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çox olduğunu göstərir. Nəzərə alsaq ki, boş qalmış plan yerləri üçün təkrar müsabiqə təşkil ediləcək və bu mərhələni əldən buraxanlar növbəti imkandan yararlanacaqlar, onda müraciətçi sayının daha da artacağı gözləniləndir.
Xatırladaq ki, bu imkan, yəni peşə təhsili pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 30 avqust - 5 sentyabr tarixlərində baş tutması planlaşdırılır.
Onu da qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb. Ayrılan yerlərin 2019-cu ildə 14148 nəfər, 2020-ci ildə 14795 nəfər, 2021-ci ildə 16590 nəfər olduğunu nəzərə alsaq, 1 ildə plan yerlərinin sayındakı 10 faiz artımı aydın görmək mümkündür. Xüsusilə də, dövlət vəsaiti hesabına qəbul planının 1880 plan yeri artırılması (13 faiz) peşə təhsilini gənclərimiz üçün daha əlverişli edib.
Artım rəqəmlərdə: yeni peşə təhsili müəssisələri və ixtisaslar...
Son 3 ilin statistikasından görünən odur ki, artım bu qədər olmasa da, əvvəlki illərdə də qeydə alınıb. Məsələn, 2021-ci ildə əvvəlki ilə nisbətən tələbə qəbulu 12.1 faiz artıb. Ümumilikdə son iki il ərzində peşə təhsili müəssisələrinə qəbul olunanların sayında 17.3 faiz artım baş verib.
Təbii ki, dinamikada əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə tədrisin, ixtisaslı kadrlara ehtiyac duyulan peşələr üzrə təhsilin təşkilinin rolu böyükdür. Xüsusilə son dövrlərdə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, icra edilən böyük layihələr müxtəlif istiqamətlərdə ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu il əmək bazarının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin tələbləri nəzərə alınaraq cari tədris ilində yüksək texniki peşə təhsil səviyyəsi üzrə 2 (moda dizaynı; saç kəsimi və gözəllik xidmətlərinin təşkili), texniki peşə təhsil səviyyəsi üzrə isə 4 (İKT üzrə texniki dəstək mütəxəssisi; Avtomobil mexantronikası üzrə texnik; İnformasiya kommunikasiyaları üzrə texnik; plastik qapı və pəncərə ustası) yeni ixtisasa tələbə qəbulu aparılır.
Bu il peşə təhsili almaq istəyən şəxslər, əsasən İKT, turizm, sənaye və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Son illərin göstəriciləri üzərindən aparılan təhlil göstərir ki, aşpaz, bərbər, dərzi kimi ənənəvi ixtisaslarla yanaşı, dövrün tələbləri ilə ayaqlaşan qrafik dizayner, kompüter operatoru, əməliyyatçı mühasib kimi ixtisaslara maraq olduqca böyükdür.
İxtisaslı kadrlara ehtiyacın ödənilməsi istiqamətində tədbirlər yeni ixtisaslarla məhdudlaşmır. Görülən tədbirlərin əsasında regionlarda da müasir standartlara cavab verən peşə təhsili müəssisələrinin fəaliyyətinin təmin edilməsi dayanır. Bu da onu deməyə əsas verir ki, peşə təhsili müəssisələri işğaldan azad edilmiş ərazilərin bərpası, həmçinin yeni yaradılan iqtisadi sektorların səriştəli kadr təminatında əhəmiyyətli rol oynayacaq. Ötən il istifadəyə verilən 1200 tələbə yerlik Bərdə Peşə Liseyindən sonra tikilməkdə olan Cəlilabad, Lənkəran və Füzuli peşə liseyləri müasir infrastrukturu ilə müxtəlif istiqamətlərdə tədris vermək üçün əlverişli imkanlar yaradır.
Bu gün qətiyyətlə deyə bilərik ki, peşə təhsili müəssisələrinə qəbulun artırılması iqtisadiyyatın vacib sektorları olan kənd təsərrüfatı, turizm və xidmət sektorları ilə yanaşı, əmək bazarında informasiya və kommunikasiya texnologiyaları və sənayenin avtomatlaşdırılması kimi sahələr üçün yüksəkixtisaslı kadrlara olan tələbatın ödənilməsində vacib rol oynayır.
Peşəsini işləyə-işləyə öyrənənlərin sayı artır
Kəmiyyətlə yanaşı, keyfiyyət də önəmlidir və bu, ən müasir infrastruktura malik, yenilikləri və inkişafı özündə əks etdirən təhsil proqramlarının tətbiq edildiyi peşə təhsil mərkzləri ilə təmin edilir.
Keyfiyyətin zəmanəti sayılan vasitələrdən biri də peşə təhsilində tətbiq edilən DUAL təhsil proqramlarıdır. Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr tələbatının ödənilməsi məhz həmin təhsil proqramlarının əhatə dairəsinin artırılması hesabına ödəniləcək. Ötən tədris ilində 240 tələbəni əhatə edən proqrama cari tədris ilində 9 regionda 25 ixtisas üzrə 50 işəgötürənlə əməkdaşlıq çərçivəsində 920 tələbənin cəlb olunması planlaşdırılır. Dual Təhsil sistemi tələbənin tədris ili boyunca peşə təhsili müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktik bacarıqlar əldə etməsini təmin edən təhsil proqramıdır.
Qeyd edək ki, proqram müddətində tələbələr ilk 1 ayı peşə təhsili müəssisəsində nəzəri biliklər əldə edirlər. İkinci aydan etibarən həftədə 3 gün olmaqla peşə təhsili müəssisəsində nəzəri biliklərə, 2 gün ərzində isə iş yerində praktiki bacarıqlara yiyələnirlər.
Peşəkar olmağın yolu təcrübədir. Peşəkarlara olan ehtiyacı ödəməyin yolu isə müasir infrastrukturu və təhsil proqramları olan peşə təhsil mərkəzləridir. 4 il sonra əmək bazarında müasir peşə təhsil mərkəzlərinin hazırladığı təcrübəli kadrlar öz bacarıqları ilə yüksələcəklər.
Ruhiyyə DAŞSALAHLI