Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları uğurlu nəticələr əldə ediblər.
"Tehsil.biz"in məlumatına görə, V İslam Həmrəyliyi Oyunlarında uşaq-gənclər idman-şahmat məktəblərinin stolüstü tennis, ağır atletika, voleybol, atletika, həndbol, taekvondo, qılıncoynatma, veloidman, cüdo, idman gimnastikası, sərbəst, qadın və yunan-Roma güləşi idman növləri üzrə 24 idmançısı iştirak edib. Həmçinin müxtəlif idman növləri üzrə 16 nəfər məşqçi-müəllim yığma komandaların məşqçisi və hakim kimi V İslam Həmrəyliyi Oyunlarında iştirak edib.
Abşeron rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Jalə Əliyeva qadınlar arasında güləş yarışında 57 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni zamanda, 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Barat Quliyev qılıncoynatmanın şpaqa növü üzrə komanda yarışında I yeri tutub.
Həndbol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının tərkibində çıxış edən 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Kamilə Bayramova gümüş, Abşeron rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin güləşçisi Elnurə Məmmədova (55 kq), Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səbinə Əliyeva (57 kq) cüdo idman növü üzrə qadınlar arasında komanda yarışında bürünc medal qazanıb.