Logo

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçiriləcək

20.08.2022 09:44 453 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 21-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə,  imtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-şəxsiyyəti təsdiq edən sənədin əsli;

-imtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 619, BB qrupu üzrə 1463 olmaqla, ümumilikdə 2082 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 186 nəzarətçi müəllim, 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xəbər lenti