Kulis.az məşhur türk yazıçısı Aziz Nesinlə müsahibəni təqdim edir.
– Siz heç özünüzü lağa qoydunuz?
– Təbii. Bütün hekayələrimdə varam...
– Zəiflikləri ucbatından tənqid etmədiyiniz yazıçı qalmadı. Sizdə hansı zəifliklər var?
– Zəifliklərim get-gedə azalır. Təmizlənmək üçün öz-özümlə mübarizə aparıram. Zəiflik barədə bir məziyyətimi deyəcəyəm sizə. Mən vaxtımı çox boşa xərclədim. Məsələn, dünən saat yarım avtobus gözlədim. Bu bir az da xəsisliyimdən irəli gəlir.
– Sizcə, gənc və gözəl qadınlara bağlılığınız da bir zəiflikdirmi?
– Təkcə qadınlar deyil. Hər şeydə gözəlliyi sevirəm. İstanbul gözəl olsun, evim gözəl olsun, qadın dostum da gözəl olsun.
– Hazırda birlikdə olduğunuz xanımın neçə yaşı var?
– Yaşı deyilməyəcək qədər gənc xanımdır...
– Gənc qadınlarla yoldaşlıq edərkən ürəyiniz sarıdan narahat olursunuzmu?
– Ürəyim dayanarsa, nə edərəm? Dayanarsa, dayansın, nə edək...
– Ölümdən qorxursunuz?
– Hər bir insan qorxur. Qorxmayım deyənlər də qorxarlar. Sadəcə olaraq bəlli etmək istəmirlər. Amma mən bu barədə təşviş keçirmirəm. Vəsiyyətimi yazdım, yandırılacaq məktubları da ayırdım.
– Yandırılacaq məktublarınız sevgi məktublarıdır?
– Eşq məktubları və başqasının işinə yaramayacaq məktublar.
– Xəsisliyinizlə də çox məşhursunuz. Yaşamaq üçün ən böyük lüksünüz nədir?
– Mən özümə qarşı xəsis, başqalarına isə səxavətliyəm. Ən böyük səxavətim isə bu yetim uşaqlar üçün yaratdığım fonddur. Buradakı uşaqlar bəlli günlərdə qızıl qaşıqla yemək yeyirlər. Bu da bizim lüksümüzdür. Bununla yoxsulluqdan intiqam alırıq.
– Yenidən övlad sahibi olmaq istədiyiniz xəbəri doğrudurmu?
– Bu fikri axmaqlığımı göstərmək üçün dedim, həyata keçirmək üçün yox. Bu cür istək, kişiliyin nümayişi, deyəsən, bütün kişilərdə var.
– Onsuz da, yaşadığınız qadınlarla bunu göstərirsiniz.
– Bəlkə də, belə bir şeyi özüm üçün etdim. İnsan hər cür duyğulara qapılır. Pozğunluq, pislik etmək duyğusu və.s. Vacib olan bu duyğulara qalib gəlməkdir.
– Hansı xüsusiyyətinizlə qadınları cəlb etdiyinizi düşünürsünüz?
– Yaraşıqlı bir adam olmağıma dözə bilmirlər (Qəhqəhəylə gülür).
– Gəncliyinizdə yaşadığınız alçalma duyğusunun sizi çox işləməyə məcbur etdiyini bilirik. 95 kitab yazmağınızda bu kimi hisslərin rolu nə qədərdir?
– Yalnız bu hiss ilə yazmıram. Artıq daha çox pul qazanmağım lazımdır. Burada 32 uşağımız var. Onları yaşatmağın yolu kitablarımdan gələn gəlirdi. Başqa bacarığım yoxdur.
– Hələ də o hisslərin təsiri altında olduğunuz deyilə bilərikmi?
– Mən alçalma hissi ucbatından yazıçı olmamışam. Sadəcə olaraq satirik yazıçı olmuşam. Bütün satirik yazıçılarda bu hiss var.
Tərcümə etdi: Samirə Əşrəf