Bu gün “YARAT film klubu” çərçivəsində “Artım” layihə məkanında italiyalı rejissor Federiko Fellininin psevdosənədli film üslubunda lentə aldığı "Orkestrin məşqi" filmi təqdim ediləcək.
Tehsil.biz xəbər verir ki, saat 20:00-da nümayiş ediləcək ekran əsərinin nümayişdən sonra Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının (Vyana, Avstriya) İdarə Heyətinin üzvü, Qərbi Kaspi Universitetinin psixoanaliz üzrə lektoru, psixoanalitik Fariz Səmədov ilə "Kino və psixoanaliz" mövzusunda açıq müzakirə olacaq.
Simfonik orkestrin məşqindən əvvəl musiqiçilər qəfil gələn televiziya çəkiliş qrupuna müsahibə verirlər. Dirijor zala daxil olur və məşq başlayır. Dirijorun tələbkarlığı, iradları musiqiçilərin narazılığına səbəb olur və bayaq ruh yüksəkliyi ilə musiqi haqqında ürək sözlərini deyən insanlar bir anda məhvedici qüvvəyə, coşqun üsyançılara çevrilirlər...
Nümayiş Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə həyata keçiriləcək.