Logo

Təhsilə göstərilən dövlət qayğısı inkişaf üçün yeni perspektivlər açır

22.08.2022 14:46 524 baxış
IMG

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da uğurla davam etdirilməkdədir. Bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinin və elminin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqəti və uzaqgörən siyasəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da şübhəsiz ki, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, ölkəmizdə təhsil sektorunda olan inkişaf ilbəil daha aşkar şəkildə nəzərə çarpır. Son illərdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Bu qayğının nəticəsidir ki, son illər ölkəmizdə müasir standartlara cavab verən, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Təhsilin inkişafında təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi müstəsna təsirə malikdir. Sözsüz ki, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində, ilk növbədə Azərbaycan vətəndaşının rifahı dayanır. Bu mənada atılan addımlar, görülən zəruri işlər insanların sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanıb.

“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”. Bu fikirləri söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman təhsil işçilərinə həssas münasibət göstərir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın gələcəyi daha etibarlı və inamlı əllərdədir. Azərbaycan müəllimi layiqli vətəndaş yetişdirilməsi kimi mühüm missiyasında daha məsuliyyətli olacaq.

Ölkə rəhbərinin təhsilə olan qayğısından danışan zaman xüsusilə son 10 ildə sosial-iqtisadi inkişaf nəticəsində təhsilin müxtəlif istiqamətlərində əldə edilən nailiyyətlərdən bəhs etmək yerinə düşər. Belə ki, dövlətimizin başçısının təhsilə qayğısı nəticəsində keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşıb. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə artıb, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1‒5 yaşlı uşaqların ümumi sayı son 5 ildə 16 faiz artıb.

M.Vəliyeva qeyd edib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılıb. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsilin keyfiyyətinə müsbət təsir göstərib. Azərbaycanda dövlət təhsil siyasətinin müasir mərhələsinin istənilən dövrünü müşahidə etsək, bir daha məqsədyönlü davamlılığın şahidi ola bilərik. Prezidentin bu istiqamətdəki sərəncamlarının mahiyyətindən irəli gələn məsələləri diqqətlə təhlil etdikdə onların strateji mahiyyətinə daha yaxşı aydınlıq gətirmək mümkündür. Belə ki, müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Prezidentin hələ 2015-ci il 16 yanvar tarixli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən, müəllimlərin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmışdı. Bundan əlavə, ölkə rəhbərinin 2019-cu ilin iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamlar təhsilə olan diqqət və qayğının çoxsaylı nümunələrindəndir. Eyni zamanda, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Sərəncamı təhsilverənlərin stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşımaqla, həm də təhsil işçilərinə göstərilən böyük etimaddır. Sərəncama əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən ediləcək. Sözsüz ki, vəzifə maaşlarının artırılmasına bu tərzdə diferensial yanaşmanın tətbiqi keyfiyyət göstəricilərinə də müsbət təsir edəcək.

"Dövlətimizin başçısının 2022-ci il 18 avqust tarixli Sərəncamı bir daha sübut edir ki, Azərbaycanda təhsilə ən yüksək səviyyədə qayğı göstərilir və bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Təhsilə göstərilən dövlət qayğısı yeni inkişaf perspektivləri açmaqla yanaşı, təbii ki, təhsilverənlərin də üzərinə mühüm vəzifələr qoyur. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn “keyfiyyətli insan kapitalının hazırlanması”, “təhsilin keyfiyyətinin yaxşılaşdırlması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası”, “müasir texnologiyalara əsaslanan təhsil infrastrukturunun yaradılması” kimi prioritet-strateji istiqamətlər məsuliyyətli və yeni bir islahat dövründən xəbər verir. Dövlətimizin başçısının təhsilin inkişafına olan xüsusi diqqəti deməyə əsas verir ki, bu sahənin yüksəlişi dövlət siyasətinin mühüm prioritetləri sırasındadır. Bütün bunlar müasir Azərbaycan təhsilinin zəngin mütərəqqi ənənələrinə, ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəyinə olan əminliyi artırır. Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılmasına yetirilən davamlı ali diqqət təhsil işçilərini Azərbaycanın xoşbəxt gələcəyi naminə daha əzmlə çalışmağa ruhlandırır”, - deyə Mehriban Vəliyeva bildirib.

Xəbər lenti